Həmsədrlər Bakı və İrəvana dialoqla bağlı çağırış etdi

XARİCİ SİYASƏT 08 dek 2021, 11:45
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər orqanlarının rəhbərləri vasitəçilərin himayəsi altında Bakı və İrəvan arasında birbaşa dialoqa tərəfdar olduqlarını bəyan ediblər.

“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini təmsil edən ABŞ Dövlət katibi Entoni Blinken, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian Azərbaycan və Ermənistan arasında ATƏT-in Minsk Qrupunun himayəsi altında birbaşa dialoqun bərpasına dəstəklərini ifadə edirlər”, - deyə, ATƏT-in bəyanatında bildirilib.

Həmsədr ölkələr tərəfləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə başlayan dialoqu, eləcə də regionda davamlı və sabit sülhün yaradılmasına kömək etmək üçün rəhbərlik səviyyəsində təmasları davam etdirməyə çağırıblar.

“Həmsədr ölkələr Azərbaycan və Ermənistanı təhrikedici ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə, 2020-ci il noyabrın 10-da üzərinə götürdüyü və 26 noyabr 2021-ci ildə Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Federasiyası Prezidentinin bəyanatlarında təsdiq edilmiş öhdəlikləri, həmçinin atəşkəslə bağlı digər razılaşmalarını tam yerinə yetirməyə çağırır”.

Vasitəçilər Azərbaycan və Ermənistanı əməkdaşlığı davam etdirməyə çağırıblar.

“Həmsədr ölkələr həmçinin demarkasiya edilməmiş Ermənistan-Azərbaycan sərhədində son insidentləri narahatlıqla qeyd edir və sərhəd mübahisələrinin həlli üçün gücdən istifadənin və ya güc tətbiq etməklə hədələmənin qəbuledilməz olduğunu bir daha təsdiqləyirlər”, - deyə, sənəddə bildirilir.

Vasitəçilər tərəfləri yuxarıda qeyd olunan görüşlərdə müzakirə olunan humanitar təşəbbüslərin həyata keçirilməsində nəzərəçarpacaq irəliləyişə nail olmaq naminə vəziyyəti yerində qiymətləndirməyə imkan yaratmaq, həmçinin gələcək addımlar üçün gündəliyə dair razılıq əldə etmək üçün həmsədrləri mümkün qədər tezliklə regionda qəbul etməyə çağırıblar.

“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Cənubi Qafqaz regionunun təhlükəsiz, sabit, firavan və dinc gələcəyinə töhfə vermək üçün bütün həll edilməmiş məsələlərin öz mandatlarına uyğun olaraq hərtərəfli həll yollarını tapmaq üçün tərəflərlə işləməyə sadiq olduqlarını bir daha təsdiqləyirlər”, - deyə qeyd olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top