“Bu cür kəşfiyyat uçuşları bölgələrdə gərəkli təhlillərin incələməsi məqsədilə həyata keçirilir” — ŞƏRH

GÜNDƏM 06 dek 2021, 20:26
ABŞ Hərbi Hava Qüvvələrinin 38-ci RS/55-ci WG “Boeing RC-135V Rivet Joint” təyyarəsi Krım sahillərinə yaxınlaşaraq Qara dəniz üzərində kəşfiyyat uçuşu həyata keçirib. Bu barədə “PlaneRadar” saytı məlumat yayıb. Məlumata görə, təyyarə Krit adasındakı Suda aviabazasından havaya qalxıb. O, monitorinq apardıqdan sonra Ermənistan-Azərbaycan sərhədi istiqamətində yola düşüb. “Boeing RC-135V Rivet Joint” daha sonra Gürcüstanın hava məkanına daxil olub. Amerika Birləşmiş Ştatlarının kəşfiyyat uçuşlarının Azərbaycan-Ermənistan sərhədi istiqamətində həyata keçirməkdə məqsədi nədir?

Hərbi ekspert Ruslan İmamquliyev Demokrat.az-a açıqlamasında bildirib ki, bütün hallarda Amerika Birləşmiş Ştatlarının kəşfiyyat uçuşlarını həyata keçirilməsinin səbəbləri məxfi qriflidir. Ekspertin sözlərinə görə, bu cür kəşfiyyat uçuşları bölgələrdə gərəkli təhlillərin incələməsi məqsədilə həyata keçirilir:

“İlk növbədə qeyd edim ki, bunlar rəsmi təsdiq olunmamış məlumatlardır. Ancaq biz yenə də bu məlumatlara istinadən bir sıra fikirlər irəli sürə bilərik. Bütün hallarda Amerika Birləşmiş Ştatlarının kəşfiyyat uçuşlarını həyata keçirilməsinin səbəbləri yalnız onlara məxsusdur. Bildiyimiz kimi, bu gün həm regionda, həm də regiondan kənarda bir sıra münaqişə ocaqları mövcuddur. Təbii ki, Avropada, Ukraynada, Azərbaycanda və bir sıra postsovet məkanlarında bu cür münaqişələrin ola bilmə ehtimalı strateji səviyyədə Amerika Birləşmiş Ştatları və onun tərəfdaşlarını da narahat edir. Məncə, bu normal qarşılanmalıdır. Bu gün təbii ki, bu ərazilərdə mövcud ola biləcək silahlanmanı ölçmək, orada gərəkli təhlilləri incələmək məqsədilə bu cür kəşfiyyat uçuşları həyata keçirilə bilər. Burada strateji səviyyədə Ukraynada ola biləcək münaqişə ocaqlarının hazırda aktuallığı, eyni şəkildə Azərbaycanla Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası regiondan kənar dövlətlərin maraqlarındadır. Buna görə də bölgə haqqında bir sıra kəşfiyyat məlumatlarının alınması təhlili və ölçülməsi mütləq lazım olacaq. Bu cür uçuşların həyata keçirilməsinin səbəbləri təbii ki, Azərbaycanı da çox əlaqədər edər. Çünki Azərbaycan daima bölgədə öz daxili və xarici siyasətinin uyğunlamasında bir sıra ikili standartlar və təzyiqlərə məruz qalmış bir dövlətdir. Amerika Birləşmiş Ştatlarının bu kəşfiyyat məlumatları əsasında strateji mənada hansı yönümlü qərarlar qəbul edəcəyi mütləq sürətdə Azərbaycana da təsir edəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top