Yeni nazirdən gözləntilər — Ona etimad böyükdür (TƏHLİL)

TƏHLİL 02 dek 2021, 15:07
Azərbaycanda ölkə əhalisinin 23,6 faizini gənclər təşkil edir. Bu amil ölkəmizin gələcək inkişafı baxımından böyük ümidlər yaradır. Uzun illərdir ki, Azərbaycanda gənclər və idman siyasəti sahəsində dinamik inkişafa əsaslanan tədbirlər planı həyata keçirilir. Bu günə qədər Prezident İlham Əliyevin müstəsna tapşırıqları əsasında ölkəmizdə gənclər və idman siyasəti sahəsində çox böyük işlər həyata keçirilib. 

Müşahidələr onu göstərir ki, 2021-ci ilin ikinci yarısından etibarən gənclər və idman sahəsində ciddi hərəkətlilik müşahidə olunur. Bu ilin sentyabr ayında Dövlət başçısının müvafiq sərəncamı ilə Gənclər və İdman naziri vəzifəsinə təyin olunan Fərid Qayıbovun qısa müddət ərzində atdığı operativ addımlar və verdiyi çevik qərarlar yaxın gələcəkdə Azərbaycan gəncliyi üçün yeni imkanların yarana biləcəyinin göstəricisidir. Uzun illərin təcrübəsinə əsaslanan praqmatik və məntiqli davranış Fərid Qayıbovun əsas iş prinsipinə çevrildi. Ömrünün böyük bir hissəsini Azərbaycanda idmanın inkişafına həsr edən 42 yaşlı F.Qayıbov nazir vəzifəsinə təyin olunandan sonra ilk olaraq: 

- Gənclər və İdman Nazirliyindəki problemləri dərindən araşdırdı,

- Ölkənin gənclər və idman siyasəti sayəsində vəziyyəti ciddi şəkildə təhlil etdi,

- Ölkədə idmanın inkişafını tormozlayan amillər müəyyənləşdirildi və s.
 

Təsadüfi deyil ki, vəzifəyə təyin olunduğu gündən etibarən Fərid Qayıbov müxtəlif federasiya və idman qurğularında görüşlər keçirməyə başladı. Bu görüşlərin federasiyalarda keçirilməsinin əsas məqsədlərindən biri problemlərlə, müsbət və mənfi tendensiyalarla yerində tanış olmaq istəyi idi. Hər halda o, federasiya rəhbərlərini öz otağına dəvət edə və onlardan rəsmi məruzələr ala bilərdi. Amma bunu etmədi, şəxsən özü federasiyalara üz tutdu.

 

Fərid Qayıbovun idman federasiyalarında keçirdiyi görüşlər zamanı səsləndirdiyi fikirlərdən belə anlaşılır ki, ölkənin idman və gənclər sahəsinə bütöv bir sistem kimi baxmaq lazımdır. Bu o deməkdir ki, idmanın bütün sahələrində yüksələn xətt üzrə və eyni dərəcədə inkişafa nail olmaq əsas şərtdir. 

Fərid Qayıbovun gənclər təşkilatları ilə görüş keçirərək onların mövcud problemlərini dinləməsi gələcəkdə bu sahədə ciddi və sağlam tədbirlər sisteminin yaradılacağının göstəricilərindən idi. Bu görüşlər zamanı gənclər təşkilatlarının rəhbərləri kifayət qədər səmimi bir ortamda nazir F.Qayıbova layihələr, qarşıladıqları çətinliklər və gələcək planları barədə məlumatlar verdilər. Ən maraqlısı odur ki, bu görüşlər zamanı gənclər təşkilatlarının digər sahələrlə birlikdə əməkdaşlıq məsələləri müzakirə olundu və ciddi qərarlar qəbul edildi. 



Nəzərə almaq lazımdır ki, Fərid Qayıbov 3 aya yaxın bir müddətdir ki, Gənclər və İdman naziri vəzifəsinə təyin olunub. Belə bir qısa müddətdə yeni nazirdən köklü və əlahiddə dəyişikliklər gözləmək də doğru deyil. Ancaq nazirlikdəki son dəyişikliklər onu deməyə əsas verir ki, F.Qayıbovun müsbət addımları davamlı olacaq və bu sahənin inkişafına mane olan bütün neqativlər tamamilə aradan qaldırılacaq.  

Şübhəsiz ki, Fərid Qayıbovun müsbət və yenilikçi imici hər adama da xoş gəlməyəcək. O, adamlara ki, onlara ölkə idmanının inkişafından daha çox, şəxsi maraqlarının təmin olunması daha vacibdir. Ancaq Fərid Qayıbovun keçdiyi karyera yolunun təhlili onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin ona olan etimadı əsassız deyil. 

İnanmağa çox böyük əsaslar var ki, Dövlət başçısı tərəfindən müəyyənləşdirilən idman və gənclər strategiyası yeni nazirin fəaliyyəti dövründə daha da inkişaf edəcək, bu inkişafdan isə bütün Azərbaycan gəncləri və idman sferası layiqincə bəhrələnəcək.


Sahib Fərhadlı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top