Bakıda tüfeyli həyat tərzi keçirən gənclərin qanlı davası — Təfərrüat

KRİMİNAL 02 dek 2021, 11:37
Bakının Nəsimi rayonunda 1997-ci il təvəllüdlü Roman şəxsi münasibətlər zəminində həmyaşıdı Asimə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Roman 31 avqust 2020-ci ildə, saat 18 radələrində rayon ərazisində yerləşən yarımtikiliyə daxil olub və orada yatmaq istəyib. 

Bu zaman həmin yerdə olan tanışı Asim onun yarımtikilidə yatmasına etiraz edib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Roman mübahisə zəminində özündə olan bıçaqla Asimi vurub. 

İstintaq orqanı tərəfindən Romanın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Roman elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Asimi əvvəllər tanıyıb, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmayıb: “Tüfeyli həyat tərzi yaşadığımdan Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində yerləşən sahibsiz yarımtikililərdə yaşamışam. Avqustun 31-də, təxminən saat 18 radələrində  yarımtikilidə uzanaraq yatmaq istəyirdim. Bu vaxt Asim yarım tikilinin digər tərəfində uşaqlarla oturub, söhbət ediblər. Həmin vaxt Asim digər şəxslərdən birinin sualına yüksək səslə cavab verdiyindən sonuncuya yüksək səslə danışdığına görə irad bildirdim. Asim mənə qarşı nalayiq ifadə işlətdi. Asimin mənimlə bu tərzdə danışmağından və mənə qarşı nalayiq ifadə işlətməsindən əsəbləşdim. Onun yanına gəldim və məsələyə aydınlıq gətirməyə çalışdım. Hər ikimiz əsəbi olduğumuzdan bir-birimizə qarşılıqlı olaraq nalayiq ifadələr işlətdik. Həmin vaxt yaxınlıqda olan digər şəxslər uzaqlaşdı. Bizim mübahisəmiz ikimiz arasında davam etdi. Asimin mənə qarşı nalayiq ifadələri təkrarladığından özümdə olan bıçaqla onu vurdum”. 

Məhkəmədə ifadə verən zərərçəkmiş xəstəxanada müalicə alıb. O, ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını bildirib. 

Bu cinayət işinə Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılıb. 

Hökmə görə, Romanın əməli Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilib. 

Hakim Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə ittihama xitam verib və Roman cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top