Qarabağın alban-qıpçaq tarixinə dair kitab çap olundu

MƏDƏNİYYƏT 01 dek 2021, 16:00
Tarixçi-alimlər Ramin Əlizadə və Elnur Nəciyevin “Qarabağın alban-qıpçaq tarixinə dair” adlı kitabı nəşr olunub.

“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən verilən məlumata görə, layihə rəhbəri və ön sözün müəllifi AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudovdur.

Yaqub Mahmudov kitaba yazdığı “Tarixi həqiqətə doğru gərəkli və uğurlu addım” adlı ön sözdə bu fikirləri bildirib: “Heç bir ilk mənbədə “Albaniya” sözünün önündə “Qafqaz” sözü yoxdur. Amma çar Rusiyası və sovet-bolşevik rejimi dövrlərində Azərbaycan Albaniya dövləti “Qafqaz Albaniyası” adı ilə təqdim edilib. Bundan başqa, o vaxt Albaniya tarixi və mədəniyyəti ilə bağlı araşdırmalarda “xristiandırsa türk deyildir” prinsipi də hakim mövqe tutub. Məqsəd isə aydın idi: Azərbaycan xalqının ulu babaları olan türk boylarının rolunu Albaniya tarixindən silib atmaq! O vaxtkı saxtakarlığı hazırda erməni millətçiləri və onların havadarları davam etdirir və iddia edirlər ki, guya müasir Azərbaycan Respublikasının ərazisi tarixən Azərbaycana məxsus olmayıb. Həqiqət isə belədir: Azərbaycan Respublikası Albaniya dövlətinin tarixi varisidir. Bu ərazidə xalqımızın zəngin dövlətçilik tarixi var və biz burada Azərbaycan Xalq Cümhuriyyətini yaratmışıq. Ona görə də “Azərbaycan” və “Albaniya” sözlərini bir-birindən ayırmaq əsla qəbuledilməzdir! Və bu tədqiqat göstərir ki, Azərbaycan Albaniya dövlətinin tarixində mühüm rol oynamış xristian türk boylarının, o cümlədən Qıpçaq türklərinin tarixinin daha dərindən araşdırılmasına böyük ehtiyac vardır”.

Yeni nəşrdə Qarabağın alban-qıpçaq tarixi ilə bağlı həm ziddiyyətli məqamlara aydınlıq gətirilir, həm də erməni saxtakarlıqlarına tutarlı cavab verilir. Nəşrə, həmçinin erməni saxtakarlığını ifşa edən sənədlər və fotomateriallar da daxil edilib.

Əsərdə sübut edilir ki, Qarabağın qədim alban-qıpçaq xristian abidələrinin XIX əsrdə Azərbaycan torpaqlarına köçürülüb gətirilmiş ermənilərə heç bir aidiyyatı yoxdur. Əsl həqiqət bundan ibarətdir ki, Kəlbəcərdəki Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın knyazı Həsən Cəlal “Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu” kimi yad edilir. Bu kitabə onun əcdadlarının erməni deyil, qədim türk boyuna mənsub olan Ərsak soyundan olmasını bir daha təsdiq edir. Təsadüfi deyil ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri də I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban olduqlarını təsdiq etmişlər. Bu məktublar sonradan erməni alimləri tərəfindən saxtalaşdırılaraq, “Alban türkləri” - “Ağvan müsəlmanları”, “Alban Ərsaki nəsli” isə “erməni rəisləri nəsli” ifadələri ilə əvəz edilib.

Kitabda qeyd edilir ki, alban-qıpçaq etnik-mədəni əlaqələri XII əsrdən etibarən daha sıx xarakter alıb. Xüsusilə də, Alban-Xaçın knyazlarının onlara soykök baxımından qohum olan tanınmış Qıpçaq nəsillərindən qız almaları bu əlaqələri daha da möhkəmləndirib. Maraqlıdır ki, xristian qıpçaq xatunlar Qarabağda da türklüklərini simvolizə edən xatun titulunu qoruyub saxlamışdılar. Albaniya hökmdarları isə xaqan, xan və ya işxan titulu daşımışlar. Bir çox yazılı mənbələrdə və alban-qıpçaq kilsələrinin kitabələrində bəhs edilən yer-yurd, şəxs (Mama xatun, Hurişah xatun, Arzu xatun, Vaxtanq Təkin və s.) və müxtəlif türk boylarının adları bunu bir daha təsdiq edir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top