“Soçi bəyanatı Azərbaycan prezidentinin növbəti siyasi-diplomatik qələbəsidir”

GÜNDƏM 28 noy 2021, 12:54
Vahid Əhmədov: “Bu bəyanat Azərbaycanın hərbi müstəvidəki qələbəsini diplomatik arenada bir qədər də möhkəmləndirdi”
 
“Noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə imzaladığı bəyanat mahiyyət etibarı ilə dövlətimizin növbəti siyasi-diplomatik qələbəsidir”.
 
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib. Millət vəkili qeyd edib ki, bu qələbə Azərbaycanın hərbi müstəvidə əldə etdiyi qalibiyyətin diplomatik arenda davamı və möhkəmləndirilməsi deməkdir:
 
“44 günlük Vətən müharibəsində döyüş meydanında düşmən üzərində parlaq qələbə əldə edən Azərbaycanın hərbi uğurları, 2020-ci ilin 10 noyabr tarixində Ermənistanı kapitulyasiyaya bərabər razılaşma imzalama məcbur etdi. 10 noyabr bəyanatı ilə hərbi əməliyyatlar dayandırıldı və hərbi potensialının 80%-dən məhrum olan Ermənistan işğalda saxladığı digər ərazilərdən çıxmağa razı olduğunu bildirdi.
 
2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar bəyanatları ilə Ermənistan diplomatik müstəvidə də tam məğlub edildi və hərbi müstəvidəki məğlubiyətini təsdiqlədi. Lakin sonrakı dönəmlərdə biz Ermənistanın bir sıra təxribatlara əl atdığına, Vətən müharibəsindəki məğlubiyyətini həzm etməkdə çətinlik çəkdiyinə, bölgədə gərginliyi artıran addımlar atdığına şahid olduq. Hansı ki, düşmənin bu təxribatlarının qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alındı. 2021-ci ilin 26 noyabr tarixində Soşidə imzalanan üçtərəfli bəyanatda bütün tərəflər 10 noyabr və 11 yanvar bəyanatlarına sadiqliklərini təsdiq etdi, hər iki bəyanatdan irəli gələn vəzifələrin icrasında iradə nümayiş etdirəcəklərini vurğuladı. Başqa sözlə desək, Ermənistan öz məğlubiyyətini bir daha etiraf etməklə yanaşı, Azərbaycan tərəfi diplomatik müstəvidəki qalibiyyətini 26 noyabr bəyanatı ilə daha da möhkəmləndirdi. Bu baxımdan 26 noyabr bəyanatı dövlətimizin Ermənistan üzərindəki növbəti siyasi-diplomatik qələbəsi, tarixi uğur kimi qiymətləndirilməldir”.
 
Millət vəkili 26 noyabr bəyanatının iqtisadi əhəmiyyətinin də böyük olduğunu söylədi:
 
“26 noyabr bəyanatında 2021-ci ilin11 yanvar bəyanatından irəli gələn vəzifələrin icrasında bütün tərəflərin qərarlı olduğu əks olunub. Bildiyiniz kimi, 2021-ci ilin 11 yanvar razılaşması regionda bütün nəqliyyat kommunukasiyalarının açılmasını nəzərdə tutur ki, bura Zəngəzur dəhlizi də daxildir. Zəngəzur dəhlizinin açılması isə bütün regionda nəqliyyat-kommunukasiya və iqtisadi canlanmanın yeni bir mərhələyə qədəm qoyması demək olacaq ki, bundan sadəcə Azərbaycan deyil, bütün region dövlətləri faydalana biləcək.
 
Bir sözlə, 26 noyabr bəyanatı döğvlətimizin siyasi müstəvidəki qətiyyətinin göstəricisidir və bu diplomatik qələbə  bir daha Azərbaycanın regionun lider dövləti olduğundan, bölgədə əsas söz sahibinə çevrildiyindən xəbər verir”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top