“30 il öncə bu gün hayların DQMV-sini ləğv etdik — bəs bir azdan Soçidə nə edəcəyik?..”

GÜNDƏM 26 noy 2021, 14:08
30 il öncə Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibovun imzaladığı Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında qanun o vaxtkı parlamentimizdə Milli Şura tərəfindən səsə qoyularaq qəbul edildi və sözügedən qurum ləğv olundu(əyanilik üçün həmin qanunun mətni materialın sonuna əlavə olunur). Həmin qərar doğru, vaxtında verilmiş qərar idimi, yoxsa rəsmi Bakı DQMV-ni ləğv etməklə Qarabağ və Ermənistandakı işğalçı, separatçı və terrorçu erməniləri daha da radikallaşdırdı? Bəs bu gün 30 il sonrakı eyni təqvim tarixində Soçidə Rusiya lideri V.Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasındakı görüşdə və artıq işğal altındakı torpaqlarının əksəriyyətini azad etmiş tərəf olaraq rəsmi Bakı artıq heş bir statusu olmayan və hansısa yeni status vermək fikrimizin olmadığı ərazimizdəki terrorçu, separatçı, işğalçı siyasi və hərbi qurumların konkret olaraq ləğvi üçün addımlar ata biləcəkmi?..



Bu və ya digər suallarla bağlı Moderator.az-a açıqlamasında keçmiş DQMV-nin ləğvi haqda bəhs edilən qanunun hazırlanmasında iştirak etmiş keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov bunları söyləyib:
 
“30 il öncə bu gün baş vermiş dəyişiklik, əlbəttə, yadımdadır. Çünki  parlamentin müzakirəsinə çıxarılacaq Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında qanunun mətninin hazırlanmasında elmi işçi kimi bilavasitə iştirak etmişəm. Bir neçə həmkarımızla bir yerdə biz həmin sənədin preambula hissəsinin, yəni həmin qurumun ləğv edilməsinin əsaslandırılan cümlələrin işlənməsinə qatılmışıq”. 



“Sizcə, düzgün və vaxtında verilmiş bir qərar oldumu bu?” sualının cavabında politoloq belə deyib:
 
“Hesab edirəm ki, bu qərar olsaydı, olmasaydı da, eyni vəziyyət olacaqdı. Lakin o dövr üçün DQMV-nin ləğvi zəruri idi. Bu həm də erməni millətçiliyi ilə mübarizənin bir mərhələsi idi. Təbii, kimsə deyə bilər ki, həmin qərar səhv addım idi. Bu gün də bəziləri deyir ki, biz Qarabağdakı işlərimizi bitirməmiş, yəni Xankəndinə bayraq sancmamış niyə Zəngəzurdan danışırıq.  Siyasi mübarizənin əsas qanunu odur ki, müdafiədənsə, hücum etmək lazımdır. Kimsə ayrı davranış gözləyirsə, o, çox sadəlöhvdür... Bu baxımdan hazırkı dövrdə bizim taktikamız hücum taktikası olmalıdır. Və mən həm Soçidə, həm də Brüsseldə Azərbaycan tərəfindən vacib bəyanatların verilməsini gözləyirəm”. 
 
Həmsöhbətimiz “Soçidə konkret olaraq Qarabağdakı separatçı-terrorçu siyasi və hərbi qruplaşmaların ləğvi üçün addımlar atılacaqmı?” sualına da münasibət bildirib.
 
“Əslində “separatçı” termini Qarabağdakı düşmən qüvvələrə  yaraşmır. Çünki onlar işğalçı və terrorçudurlar və Ermənistanın işğal ordusunun qalıqlarıdır. Və əlbəttə, bizim dinc erməni əhali ilə işimiz yoxdur. Biz silahlı dəstələri tərksilah etməliyik. Bu gün bəzi  məlumatlar var ki, Rusiya hərbçiləri erməni birləşmələrinin əlindəki ağır texnikaları bir yerə toplayıb haradasa saxlayırlar. Bu da gələcək üçün bizdən ötrü qənimətdir... Bütün bunlara baxmayaraq bizim tərəfdən ciddi addımlar atılmalıdır; həm Laçın dəhlizi mövzusunda, həm də erməni silahlı birləşmələrinin tərksilah olunması mövzusunda”- deyə sabiq baş diplomat vurğulayıb.

*** ***

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 
Azərbaycan Respublikasının Ali Soveti
 
Azərbaycan Respublikasının öz milli dövlət quruluşu məsələlərini həll etməyə suveren hüququnu əsas tutaraq;
 
1923-cü ildə Azərbaycan xalqının milli mənafeyinə zidd olan, Azərbaycan xalqı ilə erməni xalqı arasında milli ədavətin dərinləşməsinə şərait yaradan, Azərbaycanın ən böyük təbii-iqtisadi bölgəsi olan Qarabağın infrastrukturunun dağıdılmasına və təsərrüfat əlaqələrinin qırılmasına yönəldilən, Dağlıq Qarabağın Azərbaycanın əzəli tərkib hissəsi olduğuna dair bütün etnik, tarixi, siyasi, iqtisadi və mənəvi əlamətləri bu ərazidə yox etmək üçün erməni millətçilərinin istifadə etdikləri amilin - Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasını qeyri-hüquqi hesab edərək;
 
vilayətin yaradıldığı dövrdə Ermənistan SSR-də yaşayan yarım milyonluq azərbaycanlı əhali üçün heç milli-mədəni muxtariyyətin də yaradılmadığını, sonrakı illərdə isə azərbaycanlı əhali Ermənistandan zorla köçürüldüyünü, hazırda orada əslində bir nəfər də azərbaycanlı qalmadığını nəzərə alaraq;
 
Azərbaycanın əzəli tarixi ərazisini qoparıb almaq üçün Ermənistan rəhbərliyinin yeritdiyi siyasətin və bu siyasətdə DQMV-nin bir alətə çevrilməsinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üçün real qorxu törətdiyini qeyd edərək;
 
Azərbaycan Respublikasında ermənilərin kiçik bir qrupu üçün milli-ərazi qurumunun bundan sonra da saxlanmasının azərbaycanlı əhaliyə qarşı zorakılığın artmasına, geniş miqyaslı terrorçuluq əməlləri törətmək - öz dövlətinin ərazisində yaşayan azərbaycanlıları qırmaq, soyub talamaq, onların evlərinə od vurmaq, əmlakını məhv etmək üçün yerli ermənilərdən təşkil edilin quldur dəstələrinin və Ermənistan ərazisindən göndərilən yaraqlı ekstremistlərin cinayətkarlıq hərəkətlərinin güclənməsinə səbəb olduğunu dərk edərək;
 
suveren Azərbaycan dövlətini və onun bütövlüyünü qoruyub saxlamaq və inkişaf etdirmək üçün Azərbaycan xalqının indiki və gələcək nəsilləri qarşısında tarixi məsuliyyətini başa düşərək;
 
Qarabağın dağlıq hissəsində Azərbaycan Respublikasının suveren hüquqlarını tamamilə bərpa etmək, qanunsuz yaradılmış silahlı dəstələri tərksilah etmək, Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarını, azadlığını və ləyaqətini qorumaq, millətlərarası münasibətləri nizama salmaq zərurətini əsas götürərək;      
 
Azərbaycan xalqının iradəsini rəhbər tutaraq qərara alır:
 
1. Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun) 68-ci, maddəsinin üçüncü hissəsi, 104-cü maddəsinin 2-ci bəndi,
 
 "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının 4-cü maddəsi əsas tutularaq Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti milli ərazi qurumu kimi ləğv edilsin.
 
"Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekreti və "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düşmüş sayılsın.
 
2.  Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şəhəri Ağdərə şəhəri və Mardaksrt rayonu Ağdərə rayonu, Martuni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırılsın.
 
3.  Əsgəran və Hadrut rayonları ləğv edilsin.
 
4.    Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılsın, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilsin.
 
5.    Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilsin.
 
Azərbaycan Respublikasının Prezidenti
 
A. MÜTƏLLİBOV.
 
Bakı şəhəri, 26 noyabr 1991-ci il.
 
 № 279-XII”.
 
P.S....

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top