Bakıda MİS işçisini döyən şəxsə cəza verildi

KRİMİNAL 25 noy 2021, 13:38
Bakının Nəsimi rayonunda 1972-ci il təvəllüdlü R.Osmanov tanışı Zakirə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Osmanov 7 sentyabr 2021-ci ildə, saat 11 radələrində Nəsimi rayonunda Zakirlə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Osmanov mübahisə zamanı onu qəsdən yumruq ilə baş nahiyəsinə vuraraq, ona xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Osmanovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Osmanov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki,  təxminən bir ildir işsiz olduğu üçün kirayədə yaşadığı ünvanın qarşısında avtomobillərin dayanma-durmasına köməklik edib və onun qarşılığında sürücülərdən pul alaraq dolanıb: “İşlədiyim zaman yolları təmizləyən Zakir adlı şəxs ilə tanışlığım yarandı. Zakir hər dəfə mənim işləməyimə maneçilik törədib. Sentyabrın 7-də, saat təxminən 11 radələrində yolun ortasında olan içərisinə zibil yığılmış torbanı götürərək kənara qoydum. 

Bu zaman zibilləri yığan Zakir yolu zibillədiyimi deyərək məni təhqir etdi. Zakirin sözlərinə məhəl qoymayaraq oradan uzaqlaşmaq istədim. Lakin Zakir qarşımı kəsərək zibil torbasını yoldan götürüb və zibil qutusuna atmağımı tələb etdi. Zakirin tələbi ilə razılaşmadığı üçün yenidən məni təhqir etdi. Həmin vaxt əsəblərimi cilovlaya bilmədim və iki dəfə yumruq ilə onun başına zərbə vurdum”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, onların mübahisələri bir-iki dəqiqə davam edib: “Həmin vaxt ətrafda bizdən başqa heç kim olmayıb. Törətdiyim əməldən peşmanam”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Zakir bildirib ki, təxminən 10 ildir Nəsimi rayonu 17 saylı Mənzil Kommunal İstismar Sahəsində təmizləyici vəzifəsində işləyir: “H.Aslanov küçəsində avtomobillərin dayanma-durmasına nəzarət edən Osmanov dəfələrlə zibilləri yolun kənarına atdığı üçün ona irad bildirmişəm. Lakin sonuncu iradıma məhəl qoymayaraq hər dəfə zibilləri yolun kənarına atıb”. 

Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə sentyabrın 7-də, saat təxminən 11 radələrində hadisə baş verən ünvanda olan zibilləri yığdığı zaman Osmanovun yenidən zibilləri mənzilin qarşısına atdığını görüb: “Osmanova yaxınlaşaraq iradımı bildirdim. Bu zaman Osmanov məni təhqir edərək üzərimə hücum etdi, yumruğu ilə başıma bir neçə dəfə zərbə vurdu. Əsəbləşərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verdim”. 

Zərər çəkmiş qeyd edib ki, təqsirləndirilən şəxslə barışıb, ona dəymiş ziyanın ödənilib. O bildirib ki, Osmanova qarşı heç bir şikayəti yoxdur. 

Bu cinayət işinə Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılıb. 

Hökmə əsasən, Osmanov 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top