"Pensiya yaşının aşağı salınması real görünmür" — Deputat

SOSİAL 22 noy 2021, 20:20
“Sözün açığı ölkəmizdə 2022-ci ildə pensiya yaşının aşağı salınması real görünmür”.

Bunu Demokrat.az-açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

Onun sözlərinə görə, əslində, bu məsələ hazırda Azərbaycanın bugünki reallığı ilə üst-üstə düşmür:

“Bu gün sosial layihələr əsasən 30 il ərzində işğal altında qalmış tarixi Qarabağ torpaqlarımızın dirçəldilməsinə yönəldilib. Bilirsiniz ki, qarşıda duran əsas məqsəd və məramlar tarixi torpaqlarımızın yenidən qurulmasıdır. Çünki işğal dövründə ermənilər torpaqlarımızı dağıdıb. Bu gün isə orada həyatı yenidən canlandırmaq üçün bir sıra layihələr icra olunur və bu layihələrə milyardlarla vəsait xərclənməkdədir. Amma bütün bunlara baxmayaraq ölkəmizdə, bütün regionlarımızın hər guşəsində yaşayan vəətndaşlarımızın sosial haqları, hüquqları, sosial müavinətərinin artırılması ilə bağlı ciddi işlər görülür. Şübhəsiz ki, 2022-ci ildə Qarabağ tarixi bölgəmizin inkişafı ilə bağlı proyektlər sürət aldıqdan və yeni mərhələyə qədəm qoyduqdan sonra pensiya yaşının azaldılması və digər bu kimi məsələlər reallaşa bilər. Əminəm ki, ölkəmizin müvafiq orqanları bu istiqamətdə təkliflər hazırlayacaq”.

Deputatın sözlərinə görə, gələcək illərdə pensiya yaşının azaldılması ilə bağlı müəyyən müzakirələr həyata keçirilə bilər: “Fikrimcə, 2023-24 cü illərdə bu məsələlərlə bağlı müəyyən müzakirələr həyata keçirilsin. Qeyd edim ki, büdcəmiz Azərbaycan Prezidenti Cənab İlham Əliyevin liderliyində həyata keçirilən reform və islahatlar siyasətinim davamı olan Zəfər və sosialyönümlü büdcədir. Bu sırf söz xatirinə deyil, büdcə və iqtisadi məsələlərlə məşğul olanlar bunu çox yaxşı bilir. Azərbaycan dövləti qarşılaşmış olduğu real çətinliklərə baxmayaraq, vətəndaşlarımızın gələcək rifah halının daha da yaxşılaşdırılmasını nəzərdə tutur. Hesab edirəm ki, gələcək illərdə pensiya yaşının azaldılması ilə bağlı müvafiq addımlar atılsın”.


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top