“Düşməni tutmusan, vur gəbərsin” — Deputatdan Müdafiə Nazirliyinə kəskin REAKSİYA

GÜNDƏM 20 noy 2021, 16:31
"Müdafiə Nazirliyinin sərhəd bölgəsindən videoların paylaşımın qadağan edən qərarını "daldan atılmış daşa" bənzədirəm".

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa özünün feysbuk hesabında yazıb.

"Necə ki, milli mediamız, informasiya şəbəkəmiz vaxtında əsas mənbədən normal informasiya ala bilməyib erməni xəbər kanallarından səhih informasiya ovuna çıxmaq kimi əzəbkeş işə düçar olublar, bu məsələdə də naşılığın bütün detalları göz qabağındadır. Məgər savaş dövründə həmin videoların müəyyən bir hissəsinin təhlükəsizlik baxımından nə qədər zərər vurduğunu görmədiniz? Həm hərbi birlikıərimizin dislokasiyasının düşmən üçün aşkar olunmasının, həm də əsirlərlə davranışdakı hüquqazidd bəsit vətənpərvərlik epizodlarının informasiya məkanında nə qədər əleyhimizə işlədiyini unutmuşdunuz? İndi də götürüb bu videoları siyasi yetkinliyi olmadığına görə paylaşan o ağır şərtlərdə xidmət edən zabit və əsgərləri cəzalandıracaqlar ki, niyə bəs ölkənin imicinə zərər vurmusunuz. Bu işə məsul olan vəzifəli şəxsləri cəzalandırmaq lazım ki, gələcəkdə həmin vəzifəni daşıyanlar qabaqlayıcı tədbirlər görməkdə məsuliyyətsiz davranmasınlar. Axı bunu vaxtında önləmək mümkün idi, proqnozlaşdırmaq üçün də xüsusi ağıl tələb olunmurdu. Düşməni tutmusan, vur gəbərsin, gəbərtməmisənsə, əsir götürmüsənsə, artıq onunla qanundankənar davranışını videoya çəkib yaymaq birbaşa ordunun, dövlətin, millətin imicinə zərbədir. Meyitlə də eyni qaydada davranıb, çəkilişi yaymaq olmaz. Əsirlə hansısa humanist davranış niyə də yayılmasın? Bu təbliğatda bizə lazımdır axı. Burada adi bir vəzifə borcunun yerinə yetirilməsindən gedir. Təəssüf ki, hər dəfə bu cür bəsit yanlışlara görə əleyhimizə işləyən qüvvələrə göydəndüşmə hədiyyələr bəxş edirik", - deyə millət vəkili bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top