Kişi arvadını və qayınanasını küçədə amansızlıqla döydü, köməyə gələn təcili yardım maşını qəza törətdi —Şok olay

İDMAN 20 noy 2021, 10:48
Şəmkir rayonunda 1986-cı il təvəllüdlü Rüfət qısqanclıq zəminində keçmiş arvadı Səidəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rüfət 8 dekabr 2020-ci ildə, saat 15 radələrində Şəmkir şəhəri, M.Əsədov küçəsində yerləşən “Maşallah” ticarət mərkəzinin yaxınlığında keçmiş arvadı Səidənin ona xəyanət etməsindən şübhələndiyinə görə qısqanclıq niyyəti ilə taxta parçası ilə qəsdən bir neçə dəfə vuraraq ona xəsarət yetirib. 

Daha sonra Rüfət Səidənin anası Sonanı nalayiq söyüşlərlə təhqir edib, yenidən Səidəni taxta parçası ilə bir neçə dəfə qəsdən vurub.

İstintaq orqanı tərəfindən Rüfətin barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səidənin sözlərinə görə, anası isə Şəmkir rayon Mərkəzi bazarına “Yeni İl” bayramı münasibətilə bazarlıq etmək üçün gediblər: “Təxminən 35-40 dəqiqə ərzində Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən bazardan lazımi əşyaları aldıqdan sonra həmin küçə ilə avtobus dayanacağına doğru anam ilə birlikdə getdik. Təxminən “Maşallah” adlı ucuzluq mağazasının yan tərəfinə çatan zaman sağ qulağımın arxa tərəfindən küt əşyanın dəydiyini hiss etdim və qışqıraraq yerə yıxıldım. Yerə yıxıldıqdan sonra isə geri baxanda, Rüfətin əlində taxta materialından olan balta sapı olmasını gördüm”. 

Zərərçəkmişin ifadəsinə görə, bundan sonra Rüfət  yenidən heç bir söz demədən əlindəki balta sapı ilə 3 dəfə onun sifət nahiyəsindən vurmağa başlayıb: “Həmin vaxt anam Rüfəti sakitləşdirmək istədi. Rüfət əlindəki balta sapı ilə 3 dəfə anamın baş nahiyəsinə zərbələr vurdu. Zərbənin təsirindən anam yerə yıxıldı”. 

Səidə qeyd edib ki, Rüfət yenidən hər iki ayaq nahiyələrindən bir neçə dəfə vurub, anası Sona ayağa qalxaraq Rüfəti sakitləşdirməyə çalışıb: “Bu vaxt Rüfət yenidən əlindəki balta sapı ilə anamın sol diz nahiyəsindən bir neçə dəfə vurdu, zərbənin təsirindən anam yenidən yerə yıxıldı. Rüfət oradan getdi”. 

Səidə qeyd edib ki, daha sonra isə oradan keçən tanımadığı şəxs təcili tibbi yardım çağırıb və hadisə yerinə təcili tibbi yardım avtomobili gəlib: “Həmin vaxt təcili tibbi yardım avtomobilində gələn həkim və feldşer mənə və anama kömək etdi, təcili tibbi yardım avtomobilinə mindirdilər. Təxminən təcili tibbi yardım avtomobili 15-20 dəqiqədən sonra Şəmkir-Zəyəm avtomobil yolu ilə hərəkət etdikdən sonra aşdı. Sonra təcili tibbi yardım avtomobilinin qapısını xalam oğlu açdı. Məni və anamı ətrafdakı şəxslərin köməkliyi ilə gəldikləri taksi sürücüsünün idarə etdiyi “VAZ 2107” markalı avtomobilə mindirdi. Həmin vaxt təcili tibbi yardım avtomobilin sürücüsünün idarə etdiyi avtomobil ilə bir nəfər şəxsi vurmasını və həmin kişi cinsinə məxsus şəxsin yerdə uzanıqlı vəziyyətdə olmasını gördüm”.

Zərərçəkmiş deyib ki, daha sonra xalası oğlu onları Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirib və təxminən 8 gün ərzində orada müalicə alıblar. 

Şəmkir rayon Məhkəməsinin hökmü ilə Rüfət 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsinə tövsif edilməsini istəyib. 

Bu şikayətə Gəncə Apelyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb. 

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, şikayət təmin olunmayıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top