ATƏT-in Daimi Şurasına Ermənistanın təxribatları barədə məlumat verildi

QARABAĞ 20 noy 2021, 10:40
Ermənistanın beynəlxalq pozuntularına baxmayaraq, münaqişədən sonrakı reallıqlar sülh yaratmaq, sabitliyi gücləndirmək, dinc birgəyaşayışı bərpa etmək, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə qoymaq üçün unikal imkan yaradır.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin noyabrın 18-də qurumun Daimi Şurasının iclasında oxunan bəyanatında deyilir.

Nümayəndəlik münaqişədən sonrakı mərhələdə ATƏT və onun strukturlarının bütün səylərinin regionda sülhün, etimadın və sabitliyin möhkəmləndirilməsi məqsədilə üçtərəfli bəyanatın tam həyata keçirilməsinə və tərəflərlə praktiki qarşılıqlı fəaliyyətin dəstəklənməsinə yönəldilməli olduğuna qəti inamını ifadə edib.

Qeyd olunur ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanınma və ona hörmət əsasında, o cümlədən bu prinsiplər əsasında sülh müqaviləsi imzalamaqla Ermənistanla barışığa və dövlətlərarası münasibətləri normallaşdırmağa hazır olduğunu dəfələrlə bəyan edib.

Bu yaxınlarda Nyu York, Minsk və Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan fikir mübadiləsi də Azərbaycanın buna hazır olduğunu nümayiş etdirib.

ATƏT Daimi Şurasına həmçinin son günlər Ermənistanın törətdiyi bir sıra təxribatlar, o cümlədən Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycan ərazisinə qanunsuz səfəri, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Laçın və Kəlbəcər rayonları ilə sərhəddə həyata keçirdikləri hücumlar barədə də məlumat verilib.

“Regionda vəziyyətin gərginləşməsinə görə tam məsuliyyət Ermənistanın üzərinə düşür”, - nümayəndəlikdən bildirilib. Əlavə edilib ki, Ermənistanın son təxribatları üçtərəfli bəyanatın tam icrasının təmin edilməsinin təcili zərurətindən xəbər verir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top