"Şöhrət xiyabanı" rus sülhməramlılarına şöhrət gətirməyəcək!

QARABAĞ 13 noy 2021, 17:23
Qarabağda rus sülhməramlılarının hərbi şəhərciyinin ərazisində "Rusiya Şöhrət Xiyabanı" yaradılıb. Xiyabanda  rus sülhməramlılarını əks etdirən heykəl qoyulub. Noyabrın 10-da keçirilmiş açılış mərasimində Rusiya sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov və Rusiya sülhməramlı kontingentinin hazırkı komandanı general-leytenant Gennadi Anaşkin də iştirak edib. Bundan başqa, xiyabanda Rusiyanın 10 dahi şəxsinin - Alekandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasiliy Şukşin və Mixail Şoloxovun büstləri qoyulub.

Rusiya sülhməramlılarının bu addımı Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. Belə ki, sülhməramlıların həmin ərazilərdə müvəqqəti yerləşdirildiyini əsas gətirən bir sıra ekspertlər bu addımı yersiz hesab edir və bu "Şöhrət xiyabanı"nın onlara şöhrət gətirməyəcəyini düşünürlər.  

Məsələ ilə bağlı yeniazerbaycan.com-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib ki, Rusiya sülhməramlı kontingentinin bu hərəkəti müsbət qarşılana bilməz. Onun fikrincə, bu qərar Azərbaycan dövləti tərəfindən verilsəydi, buna müsbət yanaşmaq olardı: " Amma Rusiya sülhməramlılarının belə bir hərəkəti müsbət qarşılana bilməz. Onlar bilməlidirlər ki, Azərbaycan torpağındadırlar. Və hər hansı bir təbliğatı da Azərbaycan hakimiyyətinin razılığı ilə etməlidirlər". 

Araz Əlizadə Azərbaycan hökumətinin razılığının alınmaması qarşılığında belə bir addıma ehtiyacın olmadığını önə çəkib. O, məsələ ilə bağlı Azərbaycan dövlətinin lazımi tədbirləri görəcəyini düşündüyünü bildirib. 

Pərviz Sadayoğlu (yeniazerbaycan.com)
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top