“Arzum odur ki, gənc nəsil şou-biznesə qoşulmasın, gedib kişi kimi özlərinə iş tapsınlar”

ŞOU-BİZNES 12 noy 2021, 20:11
“Vallah mən heç bazarlıq edirəm ki, duz-çörək yeyirəm. (Gülür) Düzdür, bu qiyməti qaldıran adamlara Allah insaf versin. Qiymətləri münasib edə bilərlər. Marketlərdə qiymətləri qaldıran məmurlardır. Məmur da bizim kimi gedib bazarlıq edir və başa düşmür ki, bizim iş yerimiz, onun qədər gəlirimiz yoxdur. Nazimlə Əlikram haqlı olaraq danışırlar. Bahaçılığa görə toylar da yoxdur, kasıbçılıqdır. Bu gün toy etsəniz, kim gələcək? Kimə dəvətnamə verirsən adama qarğış edir, deyir ki, səni görüm axırıncı toyun olsun. Adamlar onlara dəvətnamə verilməyəndə sevinirlər”
 
Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. Ə.Mirəliyev bu oxumaqla bir yerə gedib çıxa bilməyəcəyimizi dilə gətirib: 
 
“Ay bədbəxt oğlu bədbəxtlər, əvvəldən fikirləşməlisiniz ki, bu oxumaqla dolana bilməyəcəksiniz. Siz həyatda özünüzə bir mövqe tutun, sənət seçin. Bu oxumaq nədir ki? Müğənnilik peşədir, iş deyil. O vaxt atam deyirdi ki, Ərdəbildə deyirlər ki, zurnaçıya qız verməzlər, yəni musiqiçiyə. Qardaşım yaxşı nağara çalırdı, oxuyurdu, yaxşı səsi var idi. Amma atam dedi ki, bala, get, özünə sənət tap. Mən də uşaq idim və indi fikirləşirəm ki, atam düz deyib. Deyirdi ki, get papaqçı, çəkməçi, dərzi, zərgər ol”. 
 
Ə.Mirəliyev oxuya bilməyən müğənnilərə fəxri ad verildiyini bildirib:
 
“Bizdə isə çatana Xalq və Əməkdar artist adı verirlər. Heç bunlar özfəaliyyət səviyyəsində oxuya bilmirlər. Amma bunlara fəxri ad verirlər. Çox gülməlidir. Ona görə də bizimkilər asan yolla həyatda yaşamağı sevirlər. Bu isə axırda dövlətdən prezident təqaüdü, ev almaqdır. Amma fikirləşmirlər ki, bunu layiq olan adama verirlər. Sizlər isə heç bir şeyə layiq deyilsiniz. Xalq artisti olub gecə klublarında oxuya bilərsiniz, amma təqaüdü ala bilməyəcəksiniz. Yuxarıdakılar da kimə kömək etmək lazım olduğunu yaxşı bilirlər. Məsələn, Faiq Sücəddinov, Eldar Mansurov, Cavanşir Quliyev neyləməlidir, bəstəkardır, prezident təqaüdü almalıdır. Bunlar peşəkar bəstəkardırlar, təqaüd almasa, dolana bilməyəcəklər. 
 
Bu gün Xalq artisti fəxri ad alan adlarını çəkmədiyim adamların həyatda olub, olmamaları yuxarıdakılara fərqi yoxdur. Çünki onlar dövlətimiz, xalqımız üçün o qədər də vacib insanlar deyillər. Kiminsə xoşuna gəlib xahiş edib ki, buna ad versinlər. Biz yaxşı bilirik kim oxuyandır. Şəxsən mən Əli Mirəliyev sinəmi qabağa verirəm. Ağzını açıb oxuyanda ilk cümləsindən deyərəm ki, bu adam oxuyandır, yoxsa yox. Əgər o, vurğuyla sözü, cümləni musiqiyə otuzdursa, demək oxuya bilir. Yox, əgər “ala başına, kül başına” oxuyursa, bundan oxuyan olmayacaq. Kim olur olsun”. 
 
Ə.Mirəliyev nə qədər imkanımız olsa belə həmişə yaşayışımızdan narazı olduğumuzu deyib:
 
“Amma bizim Azərbaycanda bir şey var ki, nə qədər maddi durumumuz yaxşı olsa da həmişə narazıyıq. Heç vaxt razılığımızı bildirməmişik. Düzdü, çətindir, dolanmaq olmur, amma həyatımdan razıyam. Bu gün şadam ki, Qarabağımız azaddır, bunun naminə duz-çörək yeyərəm. Yaltaqlanmıram, hamı bilir ki, səmimi insanam. 
 
Bu bəzi Xalq və Əməkdar artistləri Qaradağda sement zavoduna göndərsinlər ki, orda işləsinlər. Çünki onların oxumağındansa, zavodda işləməkləri dövlətə daha çox fayda verə bilər. Artıq 73 yaşım var, bilmirəm nə vaxt öləcəm. Amma bir şeyi bilirəm ki, gələcəyimiz yaxşı olacaq. Biz müvəqqəti çətinliyə dözməliyik. Çünki biz mümkün olmayan işi görmüşük. Bunu başa düşüb, dərk etmək lazımdır. Biz məğlub kimi yox, qalib kimi danışırıq. 
 
1990-cı illərdə biz nə gündəydik. Özümüz məğlub, qızlarımız əsirlikdə idi, başımıza oyun açırdılar. Bu gün isə biz erməniləri məğlub etmişik və bunu tarixin hansı küncünə yazaq? İndi yağın, ətin, qazın, işığın qiymətini qaldırıblar, amma buna dözməliyik. Buna dözə bilməyən insan məğlub olar. Dözə bilən isə qalib gəlir. 
 
Bu şou-biznesdəki bəzi müğənniləri aparsınlar Qarabağa və onlar o kor gözləriylə görsünlər ki, orda nə qədər insanlar işləyir, hansı quruculuq işləri gedir. Bakıda oturub gileylənirlər ki, çörəyin qiyməti qalxdı. Biri çıxıb demir ki, torpaqlarımızı işğaldan azad etdik, hamı bizdən danışır. Şuşanı necə almışıq. Bu incəsənət adamlarının bəzilərini Qarabağa aparsınlar və görsünlər ki, bir yüksəkliyi ala bilərlər? Dərhal ermənilərə satılacaqlar, mən bunları yaxşı tanıyıram. Saytda açıqlama verəndə gileylənirlər, amma efirə çıxanda tərifləyirlər. Amma bütün bunlardan razılıq edən təkcə Əli Mirəliyevdir.  Hansı ki, özü həyatdan narazıdır. (Gülür)
 
Ə.Mirəliyev gənc nəsilə oxumağı yox, başqa sənətə yiyələnməyi tövsiyə edib:
 
“Bu gün yaşlı adam kimi arzum odur ki, gələn nəsil dinc yaşasın, şou-biznesə qoşulmasın, getsinlər kişi kimi özlərinə iş tapsınlar. Oxumaq ayıbdır, hər kişi oxuya bilməz. Min nəfərdən biri oxuya bilər, amma indi min nəfər uşaq doğulur, amma onun doqquz yüz əlli nəfəri müğənni olur. Belə şey olar? Artıq müharibədə qalib gəlmişik, oxumağı tərgidin. Döyüşməyi öyrənmək lazımdır. Siyasətdən başları çıxmır, dünyada gedən prosesləri izləmirlər. Aləm qarışıb bir-birinə. Müğənnilər bu hadisələrlə maraqlanmır, amma mən bu prosesləri izləyirəm. Bunlarınkı ancaq toydu, puldu. Heç Azərbaycan televiziyalarına baxmıram. Mən Solovyov alçağın verilişinə baxıram ki, görüm düşmən bizim haqqımızda nə deyir. O, bizim birnömrəli düşmənimizdir. Amma Əlikramdan soruşsan ki, Solovyovu tanıyırsan? Deyəcək ki, o, kimdir? Deyərsən ki, oğluna toy edir, səni dəvət edəcək. (Gülür)”. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top