Arzu Nağıyev: “Rusiya sülhməramlıları Azərbaycanın mövqeyini öyrənməlidirlər”

GÜNDƏM 12 noy 2021, 11:40
"Rusiya sülhməramlılarının Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi hər bir məsələ Azərbaycanla birmənalı olaraq razılaşdırılmalıdır. İstənilən halda, onların Azərbaycan ərazisində təhlükə ocağı yaratdıqları müşahidə olunarsa, Qarabağda qalıb-qalmamaları müzakirə edilə bilər. "Rusiya Şöhrət Xiyabanı"nın salınması Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təhdid olarsa, onlarla müvafiq danışıqlar aparılmalıdır. Hesab edirəm ki, belə də olacaq".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Qarabağda Rusiya sülhməramlıları tərəfindən salınan "Rusiya Şöhrət Xiyabanı" barədə danışıb deyib.

Deputat bildirib ki, müharibənin yalnız hərbi mərhələsinin başa çatdığı hər kəsə məlumdur: "Yəni, qarşıda informasiya müharibəsi, sərhədlərin delimitasiya və demarkasiyası, Ermənistanla sülh müqaviləsinin imzalanması və s. kimi məsələlər öz həllini tapmalıdır. Lakin ermənilər öz revanşist addımlarından əl çəkmirlər. Nəzərə almaq lazımdır ki, belə olan halda, həmin ərazilərdə anti-terror əməliyyatları keçirilə bilər. Şuşada keçirilən tədbirlər zamanı hansısa təxribat qrupunun orada olması, Laçın istiqamətindən ermənilərin dislokasiyanı dəyişməsi kimi məsələlər təxribat xarakterlidir. Azərbaycan tərəfi belə təxribatların qarşısını hər zaman alıb və alacaq. Onu da qeyd edim ki, Rusiya sülhməramlı qüvvələri öz fəaliyyətini iki sənədə uyğun olaraq həyata keçirə bilər. Birincisi, bu, BMT-nin sülhməramlı qüvvələrlə bağlı olan mandatına uyğun, ikincisi isə, məhz Azərbaycan ərazisində sülhməramlı missiyasını həyata keçirmək üçün 10 noyabr üçtərəfli bəyanatına uyğun tənzimlənməlidir. Onların fəaliyyətinin tənzimlənməsi üçün üçüncü hər-hansı bir sənəd yoxdur. İstənilən halda, Rusiya sülhməramlıları Qarabağda həyata keçirdikləri məsələlərdə Azərbaycanın mövqeyini öyrənməlidirlər".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top