Vətən müharibəsi qazisi işsiz qalıb — Əmək nazirliyi vədinə sadiq qalacaqmı?

SOSİAL 11 noy 2021, 20:03
Ötən gün “Facebook” sosial şəbəkəsində 44 günlük Vətən müharibəsində iştirak etmiş Rahib Mahir oğlu Namazov öz səhhəti və iş tapmaması ilə bağlı videomüraciət ünvanlayıb. O, 44 günlük Vətən müharibəsində düşmənin hava hücumunun məhv edilməsində yaxından iştirak etdiyini deyir. Rahib bildirir ki, müharibə müddətində çöl şəraitində qaldığından, səhhətində ciddi problemlər yaranıb. Dekabrda isə səhhətində ciddi ağırlaşmalar olub. Daha sonra Gəncədə hərbi hospitala yerləşdirilib və müayinələrdən sonra onun sol ağciyərində yara olduğu aşkarlanıb. Bundan sonra 5 ay Bakıda hospitalda qalıb. Vətən müharibəsi iştirakçısı iddia edir ki, o, 14 ay ordu sıralarında qulluq edib. Buna baxmayaraq, onu ordu sıralarından təxris ediblər. Hərbi biletində yararsız olduğu yazılıb. Bu isə Rahibin işə götürülməsinə maneə törədir. Qazi həm də ona görə şikayətçidir ki, ona sosial müavinət verilmir.

Dövlət orqanlarına müraciətlərinə isə imtina gəlib: “Səbəb də onu göstərirlər ki, sən artıq sağalmısan. Ancaq mən də onlara bildirirəm ki, sağalsam da hərbi biletim yararsız olaraq qeyd olunub və bu səbəbdən heç bir qurum məni işə qəbul eləmir. Onlar da qeyd edirlər ki, mənim hərbi biletimi səhhətimlə əlaqədar olaraq yararlı verə bilməzlər. Deyirəm, əgər yaralı verə bilmirsinizsə, heç olmasa pensiya kəsin. Hər bir yerə müraciət edirəm, ancaq işimə baxılmır”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sözçüsü "Demokrat.az"a bildirilib ki, sosial şəbəkədə Vətən müharibəsi iştirakçısı İsmayıllı rayon sakini Namazov Rahib Mahir oğlunun paylaşdığı müraciət araşdırılıb: 

“Rahib 22.09.2021-ci il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Agentlik tərəfindən R.Namazova Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilmiş şəhadətnamədə və göndərişdə qeyd edilmiş əsas diaqnoz və ağırlaşmalar araşdırılıb. Şəxsin hazırkı vəziyyətinin müayinəsi zamanı onda xroniki tənəffüs çatışmazlığı əlamətləri, həmçinin, boy-çəki defisiti aşkarlanmayıb. Bu səbəbdən, müvafiq qanunvericiliyə əsasən, şəxsin diaqnozunun əlilliyə əsas vermədiyi müəyyən edilib. Rahibin indiyə qədər məşğulluq filialına müraciəti qeydə alınmayıb. Onunla əlaqə saxlanılıb. Məşğulluğunun təmin edilməsi üçün müvafiq işlərin görüləcəyi, aktiv məşğulluq proqramlarından birinə cəlb ediləcəyi özünə bildirilib. O, “istixana” və digər istehsal-xidmət sahələri üzrə mövcud olan özünüməşğulluq proqramı ilə maraqlandığını yaxın vaxtlarda məşğulluq filialına yaxınlaşacağını bildirib”.

Günün sonunda qazinin atası Mahir Namazov saytımıza açıqlamasında bildirib ki, övladının işlə təmin olunması ilə bağlı onlara zəng edilib. Oğlu Rahibə tezliklə iş veriləcəyi vəd olunub.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top