Ağdaşda gecəyarısı əri tərəfindən döyülən qadın DİN-ə şikayət etdi: “Mənə “əxlaqsız” deyərək...”

KRİMİNAL 11 noy 2021, 10:44
Ağdaş rayonunda 1987-ci il təvəllüdlü Loğman ailə münaqişəsi zəminində arvadı Sevdaya (adlar şərti verilib – red.) xəsarət yetirib.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin sentyabrın 8-də, gecə saat 02.00-da baş verib. Qəbələ rayonunun Böyük Pirəli kəndində qeydiyyatda olan Loğman Ağdaş şəhərində kirayə yaşadıqları evdə arvadı ilə şəxsi münasibətlər zəminində mübahisə baş verib. 

Mübahisə zamanı Loğman arvadına  əsəbləşərək yumruqla bir neçə dəfə sifət, baş, sağ qol və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Loğmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Loğman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, Sevda ilə 2017-ci ildə ailə qurub: “Sevda mənim ikinci arvadım olub. Əvvəllər arvadım ilə çox mehriban yaşamışıq. Sevda ilə birgə nikahımızdan bir övladımız dünyaya gəlib. Sentyabrın 7-dən 8-nə keçən gecə, təxminən saat 00.30-da kirayə yaşadığımız evə gəldim. Evə girəndən sonra, gecə təxminən saat 02.00-da  arvadımın telefona mesaj gəldi. Arvadımın telefonuna baxmaq üçün ondan telefonu istədim. Lakin arvadım telefonu baxmaq üçün mənə verməkdən imtina etdi. Həmin vaxt arvadımdan mesaj yazan şəxsin kim olmasını soruşdum. Arvadım da mənə “ mənim kiminlə danışmağımın sənə dəxli yoxdur”, - deyə bildirdi. Buna görə də arvadım ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşərək arvadımı vurdum”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sevdanın sözlərinə görə, Loğman ilə ailə qurandan sonra əvvəllər çox mehriban yaşayıblar: “Təxminən bir aya yaxın müddətdir ki, birlikdə kirayə yaşayırıq. Sentyabrın 7-dən 8-nə keçən gecə, saat 02.00-da Loğman yaşadığımız evə sərxoş vəziyyətdə gəldi. Loğmanın evə sərxoş vəziyyətdə gəlməsinə görə ona iradımı bildirdim. Ona yaşadığımız evə sərxoş gəlməməsini bildirdim. Həmin vaxt ərim Loğman ilə aramızda mübahisə baş verdi. Mübahisə zamanı ərim mənə “əxlaqsız “ dedi. Buna görə də, ərim ilə aramızda mübahisə baş verdi. Mübahisə zamanı ərim mənə yaxınlaşaraq yumruqla bir neçə dəfə sifət, baş, sağ qol və bədənimin müxtəlif nahiyələrinə yumruqla vurdu”. 

Zərərçəkmiş şəxsin sözlərinə görə, dava-dalaşdan bir neçə dəqiqə sonra Daxili İşlər Nazirliyinin “102 xidməti” zəng mərkəzinə zəng edib və əri tərəfindən döyülməsi barədə məlumat verib. Qeyd edib ki, bu şikayətdən sonra polis əməkdaşlarının onun yaşadığı ünvanına gəliblər və əri tərəfindən döyülməsi barədə şikayət ərizəsi yazdırıblar. 

Bu cinayət işinə Ağdaş rayon Məhkəməsində baxılıb. 

Loğman 300 saat ictimai işlər cəzasına məhkum edilib. Loğmana təyin edilmiş ictimai işlər cəzasını yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi yerlərdə çəkməsi qərara alınıb. 

Onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top