“Saakaşvili dövrünün bitməsi Moskva–Tbilisi münasibətlərini "isti məcraya" qaytara bilmədi” — Politoloq

REGİON 10 noy 2021, 19:45
"Gənc nəsil Mixail Saakaşvilini tanımır, yaşlı nəsil isə hesab edir ki, "Mişa" hakimiyyətə qayıdarsa, Gürcüstan Rusiya ilə qarşıdurmaya gedəcək. Və bu, ölkədə vətəndaş qarşıdurmasına səbəb olacaq. Əslində, Mixail Saakaşvili dövrünün bitməsi də Moskva – Tbilisi münasibətlərini keçmişdəki kimi "isti məcraya" qaytara bilmədi. Əksinə, Ukraynada baş verənlər onu deməyə əsas verir ki, Qərb MDB məkanına növbəti dəfə təsir etmək istəyir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib. 

Politoloq qeyd edib ki, Qərbin Gürcüstanda həyata keçirdiyi "Saakaşvili layihəsi" uğurlu oldu: 

"Qısa bir müddət ərzində ölkədəki korrupsiyaya son qoyan Saakaşvili, işsizlik problemini həll etməklə yanaşı, dövlətin uzun illərdən bəri əhaliyə olan əməkhaqqı borclarını ödəyə bildi. Bir sözlə, Saakaşvili bir örnək idi. Qərblə inteqrasiyanın üstünlüklərini MDB məkanına göstərmək üçün həyata keçirilən bir layihə idi. 2003-cü ilin noyabr ayında minlərlə insan parlament seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq küçələrə çıxdı. O vaxt özünün “Vahid milli hərəkat” partiyasına başçılıq edən Mixail Saakaşvili etiraz dalğasının başında olan üç siyasi liderdən biri oldu. Parlamentin keçmiş spikerləri Zurab Jvaniya və Nino Burcanadze o vaxt Saakaşvilidən daha təcrübəli və nüfuzlu müxalifətçi siyasətçilər idilər. Bununla belə, küçədəki insanlar “Mişa” qışqırırdılar. Məhz Saakaşvili həlledici anda saxtalaşdırma nəticəsində seçilmiş yeni qanunverici orqanın sessiyanın başlamasına mane olmaq məqsədilə, parlamentə edilən yürüşə başçılıq etdi. Digər liderlər onun arxasınca getmədi. Risk böyük idi – parlamenti xüsusi təyinatlı polislər mühafizə edirdi, tribunadan isə çoxsaylı mühafizəçilərlə əhatə olunan Şevarnadze çıxış edirdi. Amma nəticədə Şevardnadze nümayişçilərin təzyiqi altında parlament binasını tərk etdi, sonra isə istefa verdi. İnqilabın əsas liderinə çevrilən Saakaşvili 2004-cü ilin yanvar ayında Gürcüstan prezidenti seçildi". 

A.Rəşidoğlu vurğulayıb ki, Mişa bir islahatçı liderdir və korrupsiyanın qarşını ala bilib: "O, rüşvətin miqyasını azalda bildi, amma gürcülər Sovet keçmişləri üçün darıxdıqları üçün sona qədər Mişanı dəstəkləmədilər. Rüşvət asan çıxış yoludur. Şevarnadze bu xalqı o qədər rüşvətə alışdırıb ki, insanlar rüşvətsiz yaşaya bilməyəcəklərini düşünürlər. Odur ki, rüşvətsiz, bürokratik əngəlsiz yaşamaq üçün sona qədər mübarizə aparmaq istəmirlər. İstənilən halda Saakaşvili bu xalqın şərəfli tarixidir. Gürcülər onu bu dərəcədə aşağılamaqla tarixə hörmətsizlik edirlər". 

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top