Ukraynalı deputatlar Azərbaycanın Zəfər günü ilə bağlı açıqlama yaydılar

XARİCİ SİYASƏT 08 noy 2021, 13:29
"Ötən il baş verən 44 günlük müharibədə azərbaycanlılar qəhrəmanlıq göstərdilər, ərazilərini işğaldan azad etdilər. Bununla da dünya yeni bir dövrə qədəm qoydu: illərdir post sovet ölkələrini iflic edən dondurulmuş münaqişələrin həlli mümkün olan bir dövr. Çünki, ən təhlükəli və gözlənilməz qarşıdurmalardan bəziləri "dondurulmuş" termini ilə adlandırılan münaqişə ocaqlarında baş verir".

Bunları "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının deputatları Valeriy Kolyux, Volodimir Kreydenko və Lyudmila Buymister bildiriblər.

"Təəssüf ki, bu yeni termin Qarabağ, Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Donbasdakı torpaqlara yalnız xaos gətirdi. Ukraynada (Donbas) bu münaqişə hələ də həll edilməyib. Azərbaycan dövləti isə buna son qoydu. Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurasının Bəyannaməsinin və ümumiyyətlə, beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etdi. Sivil əhalinin dəhşətli itkilərinə, raket hücumlarına məruz qalmalarına baxmayaraq Azərbaycanda xalq və dövlət ədaləti cəsarətlə bərpa etdi. Bu, postsovet məkanında dondurulmuş münaqişələrin həllinə dair bir neçə nümunədən biri idi. Bu gün həm Ukraynanın, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qardaşlarımızın xatirəsini dərin hörmətlə anırıq! Zəfər naminə, övladlarının gələcəyi naminə həlak olan bu böyük insanlar daim xatirimizdə yaşayacaqlar. Artıq 8 noyabr Qələbə günü onların qanı bahasına əldə olunmuş tarix boyu unudulmayacaq şərəfli bir hadisədir. Biz, Azərbaycan xalqını və Prezidentini bu Qələbə münasibətilə təbrik edirik!".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top