Deputat: "Ermənistanın başqa çıxış yolu yoxdur, siyasi rəhbərliyi də bunu anlayır"

MÜSAHİBƏ 02 noy 2021, 15:26
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Demokrat.az-ın suallarını cavablandırıb:

- Bu ayın ilk ongünlüyündə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü gözlənilir. Görüşdə vacib sənədin imzalanması da gözlənilir. Sülh prosesində hazırkı vəziyyəti necə dəyərləndirirsiniz?


- Hazırda müəyyən formada danışıqların getdiyini düşünmək olar. Proseslə bağlı ara-sıra açıqlamalar verilir. Ermənistan tərəfi Azərbaycanla yekun sülh müqaviləsi bağlamaq, Zəngəzur dəhlizini açmaqla bağlı qəti fikrini açıqlamayıb. İndiyədək müəyyən müsbət siqnallar, mesajlar verilib, amma nəzərə almalıyıq ki, Ermənistanın indiki hakimiyyəti tez-tez fikrini dəyişir. Ona görə də, indiki mərhələdə real fikir bildirmək olmur. Lakin bir məsələ aydındır ki, dəhliz mütləq açılmalı, Azərbaycan və Ermənistan arasında sərhədlər müəyyənləşməlidir. Bunu beynəlxalq hüquq, hər iki respublikanın SSRİ-yə daxil olduğu dövrdə hazırlanmış xəritələr tələb edir. Düşünürəm ki, Ermənistan da gec-tez bunu qəbul etmək məcburiyyətində olacaq. Ermənistanın başqa çıxış yolu yoxdur, siyasi rəhbərliyi də bunu anlayır. Sülh müqaviləsinin imzalanması geniş prosesdir. 

- İki ölkə arasında ilkin mərhələdə hansısa razılaşmaların olacağı gözlənilirmi?

- İlkin razılaşmalar son nəticəyə doğru atılan addımlardır, yekun nəticə demək deyil. Yəni hansısa razılaşmalardan sonra sülh müqaviləsi barədə danışa bilmərik. Dəhlizin açılması çərçivəsində dəmir yolunun, yaxud quru yolunun bərpası, onun hazır vəziyyətə gətirilməsi üçün işlərin kimlər tərəfindən maliyyələşəcəyi, yükün Ermənistan ərazisindən keçərkən gömrük rüsumunun necə tənzimlənəcəyi barədə razılaşmalar ola bilər. Gündəmdə bu cür texniki məsələlər var. 

- Ermənistanın prosesdə hansı mövqedə durmasını gözlənilir? Hazırkı vəziyyət Ermənistanın aktivliyini vəd edirmi?

- Əsas olan siyasi iradədir. Dövlətin məsələnin həll etmək istəyi olarsa, digər məsələlərdə mültəq razılığa gəlmək olur. Ermənistan tərəfi isə vaxtaşırı ziddiyyətli bəyanatlar verir. Ermənistanın əvvəllər də bu cür mövqeyi olub. Sülh müqaviləsindən danışırıqsa, belə nüanslar olmamalıdır.

- Türkiyə Prezidenti G-20 sammiti çərçivəsində dünya liderləri – ABŞ prezidenti Co Baydenlə, həmçinin Vladimir Putinlə görüşdü və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi. Görüş və müzakirələrin proseslərə və regiona necə təsir edəcəyini düşünürsünüz?

- Türkiyə region dövlətidir və dünyanın nüfuzlu dövlətlərindəndir. Türkiyə dövlət başçısının bu və ya digər məsələ ilə bağlı mövqeyi hər zaman dünya dövlətləri tərəfindən diqqətlə izlənilir. Onun böyük dövlətlərin rəhbərləri ilə görüşündə həm Türkiyənin həmin ölkələrlə münasibətləri müzakirə edilir, həm də problemlərin həllinə yönələn müzakirələr aparılır. Bu görüş və müzakirələr hər zaman müsbət nəticə verir. 

Türkiyənin keçmiş Dağlıq Qarabağ məsələsi ilə bağlı qətiyyətli mövqeyi də problemin həllinə böyük dəstək oldu. Ümid edirəm ki, Türkiyənin bundan sonrakı xarici siyasi fəaliyyəti Azərbaycanla dostluq üzərində qurulacaq və birgə maraqlara yönələcək. Azərbaycan da öz növbəsində hər zaman Türkiyənin yanındadır və Türkiyə ilə birgə hərəkət etməyə, dostluğu gücləndirməyə çalışır.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top