Baş nazir gənc diplomata necə “dərs” verdi?

MÜSAHİBƏ 02 noy 2021, 11:45
Bilirəm ki, o həqiqətlər də mənimlə birgə gedəcək...

Onunla söhbətin maraqlı olacağını bilsəm də, bu qədər təxmin etmirdim. Bildiklərinin çox az hissəsini danışır, amma bu belə, çoxlarının həsədlə baxdığı məmur həyatının nə qədər çətin olduğunu göz önünə gətirməyə bəs edir. Sizi Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri olmuş şəxsin söhbətinə dəvət edirik.

“Yeni Azərbaycan” qəzetinin suallarını  2-ci Dərəcəli dövlət müşaviri, Fəlsəfə doktoru, Əməkdar jurnalist, yazıçı-publisist Akif Əli cavablandırır. 

- Akif müəllim, Mətbuat katibi işlədiyiniz zamanlarda xarakterləri zahirən bir-birlərinə çox bənzəyən, lakin  gerçəkdə fərqli olan insanlarla işləməli olmusunuz. Asan olmayıb yəqin.

- Bütün kollektivlərdə olduğu kimi, bizdə də fərqli-fərqli fərdlər, çeşid-çeşid xarakterlər vardı. Vətəndaşa həvəslə kömək etməyə çalışanı da, kiminsə yaralı barmağına dərman qoymaq istəməyib ancaq özünü qoruyan “nə ət-nə balıq” olanı da... Ancaq mən daha çox Aparatdakı yüksək təcrübəyə malik, rəhbərlik etdiyi sahənin bütün detallarına bələd, xoş davranışlı, ciddi xasiyyətli, kömək əlini uzatmağa hər an hazır olan məmur həmkarlarımı sayğı ilə xatırlayıram. Aparat məhz şərəfli kadrların çiynində dayanır. Çox vaxt jurnalist dostlarımız məndən soruşublar: yaradıcı adam üçün məmurlar arasında işləmək, rəsmi qurumun sərt reqlamentinə, ciddi nizam-intizam qaydalarına dözmək çətin deyilmi? Mənim cavabım həmişə birmənalı olub: uğrunda mücadilə verdiyimiz müstəqil Azərbaycan dövlətinə xidmət etməkdən şərəfli və əhəmiyyətli nə ola bilər?! Mənə bu imkanı yaradan göydə Uca Tanrıya, yerdə Ulu Öndərə daim şükranlığımı bildirmişəm! 

- Uzun illər çox məsul və gərgin işdə çalışdınız. Ailənizə, uşaqlarınıza yetərli zaman ayıra bildinizmi?

- Yaxşı sualdır. Tanrı bütün övladları qorusun, bizim də iki oğlumuz var: Elbəy və Sultan. Hər ikisi ali təhsilli, ailəli, tərbiyəli, əxlaqlı, dürüst, müstəqil gənclərdir. Əslində, uşağı  göndərən Tanrı üçün ata bir vəsilədir, uşağın canı anaya bağlıdır. Onun əziyyətini çəkən, yuxusuz gecələrdə layla çalan, böyüdən, təhsili-tərbiyəsi ilə daha çox məşğul olan anadır. Ataların başı iş-gücə, dolanışıq qayğısına qarışır, uşaqlara kifayət qədər vaxt ayıra bilmirlər. Düşünürəm, bütün analar kimi, Fəridə xanım da ən yaxşı analardandır. Buna görə ona minnətdaram! Böyük oğlum Elbəy mənim yolumu, humanitar sahəni seçib, BDU-nun Fəlsəfə fakültəsini və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının idarəetmə kurslarını bitirib, mədəniyyət sahəsində çalışır. Sultan isə iqtisadiyyata maraq göstərib, maliyyə-kredit ixtisasına yiyələnib və o istiqamətdə də işləyir. Mən onlarla həm fəxr edirəm, həm də qürur duyuram. Çünki hər ikisi ataları-babaları kimi vətənə, xalqa şərəflə xidmət edən, Azərbaycan dövlətçiliyinə, ölkənin siyasi xəttinə sadiq, sağlam əqidəli gənc kadrlardır. Düşünürəm, iqtidarda gedən uğurlu islahatlar, dövlət strukturlarındakı yenilənmələr, idarəetmədə daha sağlam mühitin formalaşması və xeyirxah niyyətin mövcudluğu təkcə Elbəylə Sultan üçün yox, ölkəmizə sədaqətlə xidmət etmək istəyən hər bir gənc kadr üçün ümidverici şansdır. Onların hamısına uğurlar arzu edirəm.

- Bir yazıçı-jurnalist kimi xoşbəxt ömür yaşamısınız.  Müsahibələrinizdə, adətən jurnalist əməyini çox dəqiq xarakterizə edirsiniz. Bu sahəni seçmək sizə müəyyən uğurlar da gətirib. Keçdiyiniz ömür yolunda məşğul olduğunuz kino, radio, televiziya, elm, publisistika, pedaqoqika və dövlət qulluğu sahələrindən hansını daha çox sevdiniz?

- Sevmədiyim heç bir işlə məşğul olmamışam. Hətta bir vaxtlar Vəzirov-Mütəllibov iqtidarı məni işsiz qoyanda da uşaqlarımın çörəyini halal zəhmətlə, qələmim, beynim və qəlbimlə qazanırdım. İşlədiyim sahələrin hər biri mənim üçün sevimlidir, doğmadır, əzizdir. Çata bildiyim az-çox uğur payı məhz o sevginin və sədaqətin sayəsində mümkün olub. Yəqin ki, məhz sevə-sevə çalışdığım sahələrdəki fəaliyyətim nəticə etibarilə toplanıb 2-ci dərəcəli Dövlət müşaviri, Fəlsəfə doktoru, Əməkdar jurnalist, yazıçı-publisist Akif Əlinin bütöv obrazını yaradır.   

Ən yüksək orden-medalları alıb yaxasına düzən görməmişlərin aqibətini görmüşük.

- Eşitdiyimizə görə, Siz də bəzi məqamlarda haqsızlıqla üzləşib incik salınmısınız.  Məsələn, Jurnalistlərin binasından ev bölgüsü zamanı...

- Vaxtilə olub belə şeylər. Zaman-zaman adım müxtəlif təltiflərə, bölgülərə və mükafatlara təqdim olunub, amma məkrli, yaxud təmənnalı şəkildə müxtəlif bəhanələrlə siyahıdan çıxarılıb. Mən bunları eşidib ancaq istehza ilə gülmüşəm və öz işimə davam etmişəm. Çünki mənim işim doğma Vətənə hansısa mükafata, paya, “vətənə qulluq” medalına, təltifə  görə olmayıb. Şükür ki, iri-iri payları qamarlayan, Brejnev kimi ən yüksək orden-medalları alıb yaxasına düzən görməmişlərin aqibətini də görmüşük. Həqiqət cənab Prezidentə olduğu kimi çatan anda sadəcə əlinin arxası ilə itələməklə, əyri yolun yolçuları qalxdıqları kürsüdən, hörmətdən, nüfuzdan və gözdən düşüb ifşa olunublar. Paradoksa baxın ki, mətbuatda, sosial şəbəkələrdə təmiz kadrlara qarşı natəmiz kampaniyaları, troll “linçlərini”, şər-şəbədəni, böhtanı, söyüşü təşkil və idarə edənlər elə əllərində oynatdıqları həmin media tərəfindən “linç” edildilər. Hər kəsin haqlıya atdığı haqsız zopa bumeranq sayağı qayıdıb öz təpəsinə dəyir. Bu əbədiyyət qanununu anlamadan uçmaq iddiasına düşən sürünənlərin axırı, əlbəttə, rüsvayçılıqdır.

- Sizcə mətbuat katibi necə olmalıdır? İndi bir çox qurumları təmsil edən  media nümayəndələri  həmin qurumun “qalxanı”, “sözgötürəni” rolunda çıxış edir?

- “Qalxan”a etirazım yoxdur, amma “sözgötürən” - bu vəzifə üçün uyğun təyin deyil. Mətbuat xidməti məncə daha həssas iş sahəsidir. Çünki dediyiniz o etibarlı “qalxan” ola bilmək və idarənin, o cümlədən, dövlətin mənafeyini qorumaq üçün ictimaiyyətin nəbzini tuta bilmək, mətbuatla geniş əlaqələr qurmaq lazımdır. Mən bu işə illərimi verdim. NK Mətbuat xidmətinin rəhbəri kimi dövlətə, vətənə şərəfimlə xidmət etdim. Topladığım təcrübə əsasında NK-nın yeni Əsasnaməsi üçün Mətbuat xidmətinin iş Qaydalarını yazdım, təsdiq olundu. Ümumən mətbuat katibinin necə olması, hansı keyfiyyətlərə malik olması, işinin nədən ibarət olması o Qaydalarda əksini tapdı.

- Hansı qurumun media xidmətinin işi sizi məmnun edir? Bu mənada diqqətinizi çəkən varmı?

- Hər bir idarənin rəhbəri necədirsə, işləri də elədir. Xüsusən, Mətbuat xidməti bilavasitə rəhbərin kurasiyasında olduğu üçün və bir çox digər obyektiv və subyektiv səbəblər üzündən onların fəaliyyətini əlahiddə şəkildə qiymətləndirmək birmənalı nəticə verməz. Hər rəhbər Mətbuat katibinə hüdudsuz səlahiyyət, yaxud tam sərbəstlik vermir, onu adətən tapşırıq icraçısı qismində istifadə edir. Bu baxımdan mənim bəxtim gətirmişdi ki, Baş nazir Artur Rasizadə mətbuatla ünsiyyət məsələsində mənə kifayət qədər sərbəstlik vermişdi. Və bilirdi ki, mən bu sərbəstlikdən sui-istifadə etmərəm. Mətbuat xidmətlərində hərə öz sahəsi üzrə tapşırılan işi vicdanla görür. Bununla belə, uzun illər müşahidə etdiyim hüquq-mühafizə orqanlarının və güc strukturlarının - DİN, DTX, Baş Prokurorluq, MN və b. Mətbuat xidmətlərinin fəaliyyəti diqqətçəkən olub. Onların işindəki ciddilik, dəqiqlik, nizam-intizam, qanunvericiliyə mütləq riayət həm zəruridir, həm də təqdirəlayiq.   

- Akif müəllim,  sabiq Baş nazir Artur Rasizadə ilə bağlı xatirələrinizi bölüşməyiniz xoş olardı. Eşitdiyimə görə, dərin intellekt sahibi olması ilə yanaşı, maraqlı söhbətləri də olurmuş.  Ən gözəl yumor ən dərin beyinlərin məhsulu olur. Bu illər ərzində yəqin çoxlu sayda maraqlı məqamlar olub, onlar barədə qısaca da olsa, danışmağınızı  istərdim. 

- Yüksək mədəni rəftarı, insanlara müraciət forması, gözəl zövqü, sözü vaxtında və dəqiq hədəfə vurmaq istedadı və incə yumor hissi A.Rasizadə- ni fərqləndirən cəhətlərdəndir. Bir dəfə şimal zonasındakı rayonlardan birinin kəndində məktəb binası olmadığı halda, İcra başçısının yola üçqat asfalt döşətdirib, yanlarına bəzəkli divar hördürməsinə Baş nazir çox ciddi irad bildirdi: “Məsəl var, deyərlər, güclü yel əsən kənddə bəziləri daldalanmaq üçün hasar tikir, bəziləri isə bəhrələnmək üçün yel dəyirmanı. Başa düşdün? Sən orada adamlara vacib olan işləri gör!”  

Uzun illər Ulu Öndərin komandasında çalışaraq, təcrübəli  rəhbər kimi formalaşan A.Rasizadə, insanlara qarşı çox həssas idi. O, Nazirlər Kabinetinə gələndə Aparatda kadrların taleyi ilə oynamadı, camaatı vəlvələyə salan köklü dəyişikliklərə getmədi, əsasən mövcud kadr potensialından daha səmərəli istifadə yolu ilə kollektivin fəaliyyətini ümumi məqsədə yönəldə bildi. Səhvi olan işçini də başa salmağı, şans verməyi üstün metod sayırdı, nəinki xırda bir diqqətsizliyə, ya kiminsə qərəzinə, xəbərçiliyinə görə ağına-bozuna baxmadan işçini çıxarıb bayıra atmağı. O, öz adamlarını gətirmək üçün yer boşaltmadı. NK-ya gələndə özü ilə yalnız bir sürücü və bir köməkçisini gətirdi. Təcrübəli köhnə işçilərə qarşı səbirli olmaq, qayğı göstərmək  görkəmli dövlət xadimi Heydər Əliyev idarəçilik məktəbinin prinsiplərindəndir. Belə idarəetmə üsulu həm Dövlət Qulluğu haqqında Qanunun tələblərinə uyğundur, həm də humanizm və demokratizm prinsiplərinə. Kadrlara bu cür həssas yanaşma hər cəhətdən doğrudur. Çünki bir aparat məmurunun yetişməsi, təcrübə toplaması, bir dövlət qulluqçusunun püxtələşməsi üçün illər sərf olunur. Kadrları şəxsi ambisiya ilə sağa-sola səpələmək dövlətçiliyə ziyan gətirər. Yalnız müvafiq mühit, şərait və münasibətlər sistemi çərçivəsində işçi özünün işgüzarlıq potensialını, bacarıq və qabiliyyətini maksimum göstərə bilər. Başqa şərtlər altında, məsələn, A.Rasizadənin ifadəsi ilə desək, “muskulun gücünə” bir dəfə nəyəsə nail olarsan, bəs sonra?

- Yəqin çoxlu iş səyahətləriniz də olub. Gəzdiyiniz ölkələrlə bağlı yaddaqalan  məqamlar əminəm hər kəs üçün maraqlı olar.

- Çox  ölkələrdə rəsmi səfərlərdə olurduq. Almaniya, Lüksemburq, Norveç, Litva, Qazaxıstan, Türkmənistan, Rusiya, Tacikistan... Və hər dəfə təyyarəmiz qayıdıb Binə hava limanında yerə enəndə, günün hansı saatı, istirahət, ya bayram günü olmasına baxmayaraq, A.Rasizadə  təyyarədən düşüb arxasınca yorğun-arğın gələn “komandasına” tərəf dönüb əlini qaldırar və: “İdarəyə!” - deyərdi. Maşın karvanı hava limanından birbaşa Nazirlər Kabinetinə şütüyərdi. Necə deyərlər, dövlət və hökumət adamlarının gecəsi-gündüzü yox idi. Mən 42 yaşında gəldiyim Nazirlər Kabinetində nə zaman təqaüd yaşına çatdığımı heç hiss eləmədim. Ayılanda ömrün ildırım sürətilə keçib getdiyini gördüm.

Dahi Heydər Əliyevin rəhbərliyi altında işləmək hər bir dövlət qulluqçusu üçün böyük şərəfdir. 1997-ci ilin dekabrında Tbilisidə işgüzar səfərdə olanda Eduard Şevardnadze  Heydər Əliyevin təkcə Gürcüstanın deyil, Orta Asiya, Türkiyə və  Balkanların (yəni geniş ərazilərə uzanan Türk qurşağının) mənafeyini də nəzərə alaraq çalışdığını xüsusi vurğuladı. Və sonda Şevardnadze belə bir etiraf etdi: “Mən Heydər Əliyevlə məsləhətləşmədən heç bir böyük işi başlamıram”.

Güclü dövlətlərin generaliteti dəstə-dəstə tökülüşüb Azərbaycana gəldi, hamısı döyüşü  dayandırmağı  yalvarışla xahiş edirdi.

- Bəs kabinet həyatından ən yaddaqalan hadisə olaraq nəyi xatırlayırsınız? 

- Baş nazir vəzifəsində olduğu müddət ərzində A.Rasizadənin ən çox çalışdığı istiqamətlərdən biri süni yaradılmış “Qarabağ probleminin” həllinə nail olmaq idi. Saysız-hesabsız görüşlərdə diqqəti bu problemə yönəldər, gələnlər canlarını qurtarmaq üçün “Bu çox mürəkkəb məsələdir” deyəndə, A.Rasizadə məsələni daha kəskin qoyurdu: “Elə isə hamı kənara çəkilsin, görüm onda Ermənistanın halı necə olur?! Bir neçə ildən sonra Azərbaycanın gəliri də, gücü də artacaq. Bax onda məsələni həll edərik”.

Deyim ki, yüksək səviyyəli belə danışıqlar, adətən çox ağır, gərgin keçirdi. O, bəlli dövlətlərin ikibaşlı oyunları barədə bütün həqiqətləri çox  kəskin, bəzən tam çılpaqlığı ilə həmin dövlətlərin nümayəndələrinin üzünə deyirdi. Bir dəfə avropalı nümayəndələrlə danışıqda dedi ki: “Kosovoda 400 min qaçqın var, bütün dünya onunla məşğuldur. Ancaq 1988-dən başlayan bizim problemimizi dünya unudub. Bizim bir təkliflər paketimiz var: Kosovo planını burda da tətbiq edin. Oradakı kimi burada da NATO gəlsin Ermənistanı bombalasın. Çünki ermənilər də Qarabağda etnik təmizləmə aparıblar, orada bir azərbaycanlı belə qalmayıb. Əgər siz ikili standartla işləmirsinizsə, NATO Kosovodan sonra Ermənistanla məşğul olsun!”

Bir gərgin görüş barədə də danışım Sizə. Təxminən 2008-2009-cu illərdə xəbər gəldi ki, Türkiyə ilə Ermənistan arasında sərhədlər açılacaq, Türkiyənin Xarici işlər naziri Əli Babacan erməni həmkarına məktub göndərib, Ermənistanla sərhədi açmaq istəyini bildirib. Bu ərəfədə xəlvəti layihənin lokomotivi, gənc nazir Əli Babacan Bakıya gəldi. Bağlı qapılar arxasında danışıqlar başlandı. Əli  Babacan Ermənistanla sərhədlərin açılmasından sonra Qarabağ münaqişəsinin də həllini tapacağını, tezliklə sərhəddə təntənəli açılış törəni olacağını dedi. Artur Rasizadə bu “törən” xəbərindən daxilən nə qədər qəzəblənsə də, emosiyalarını büruzə vermədi, özündən yaşca çox kiçik olan bu qırmızıyanaq gülümsər oğlana baxıb maksimum nəzakətlə, diplomatik taktla, amma çox da sərt ifadələrlə bunları anlatdı: “...Sən hələ cavansan, bala, erməniləri yaxşı tanımırsan. Amma mən yaşlı adamam, onlara yaxşı bələdəm. Nə özünü aldat, nə də bizi. Sərhəd açmaqla, dialoq aparmaqla erməni nə “Dağlıq Qarabağ”dan əl çəkəndir, nə də “Ararat”dan... Sizin sərhədi açıb münasibət qurmağınız, gediş-gəlişə, alış-verişə başlamağınız onsuz da arxasında bütün iri güclərin dayandığı düşmənə əlavə güc verəcək. Belə səhv iş tutsanız Azərbaycan xalqı müvafiq nəticələr çıxartmağa məcbur olacaq. Əminəm ki, o zaman bütün Türk xalqı da Azərbaycanın yanında olacaq... Bunları nəzərə alın... Sizin bu mənasız oyunun axırı yaxşı heç nə vəd etmir... Bu qədər! Əgər başqa sözün yoxdursa, dur get, mənim işim çoxdur!” A.Rasizadə  söhbətin başa çatdığına işarə kimi əlini  zərblə stola vurub, ayağa qalxdı. Pərtliyindən yanaqları daha da qızaran gənc diplomat isə danışıq öncəsi qarşısına tökdüyü kağızları yığa-yığa bir müddət oturduğu yerdə qaldı. Və məsələ bununla qapandı.

Ən gərgin dövrlərdən biri də 2016-cı ilin apreli idi. Ali Baş Komandanla, Müdafiə Nazirliyi və digər güc strukturları ilə mütəmadi əlaqədə olmaq, cəbhədə vuruşan ordunun təchizat-təminat məsələlərini nəzarətdə saxlamaq üçün Baş nazir dörd sutka heç yana çıxmadı. Güclü dövlətlərin generaliteti dəstə-dəstə tökülüşüb Azərbaycana gəldi,  hamısı döyüşü  dayandırmağı  yalvarışla xahiş edirdi. O günlərdə Baş nazirin kabinetinə iri cüssəli, nəhəng gövdəli, nataraz xarici hərbçilər  doluşanda adamı vahimə basırdı. Ancaq A.Rasizadə  heç vaxt təmkinini itirmir, gələnlərə bir-bir həqiqəti anladırdı. Şükür ki, bir neçə il sonra Ali Baş komandanın Dəmir Yumruğu xalqı Qələbəyə çatdırdı.

- Ömrün müdrik çağından geri baxınca yerinə yetməmiş hansısa arzunun, tamamlamadığınız hansısa vacib işinizin qaldığını düşünürsünüz?

- Məndən asılı olmadan içimdə yaşayan narahat ruh həmişə yeni istəklərə can atıb. Arzular bitib-tükənməzdir, bir arzudan beşi doğar. Bu estafetin sonuna çatmağa bir ömür bəs etməz. Amma arxayınam, yaşanmamış arzuları min ildən sonra yenə bu dünyaya qayıdanda yaşaya biləcəyəm... Dediyiniz ən vacib iş isə - yaşanmış yazıların tamamlanmasıdır. Bu dünyada qoyub getmək istədiyim sözləri yazmadan getsəm, bilirəm ki, o həqiqətlər də mənimlə birlikdə gedəcək... Lakin hər şey Yaradanın hökmünə bağlıdır. Sağlıq olsun!    

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top