Növbəti qurban siz olmayasız deyə, bu səsə qulaq asın — VİDEO

İKT 28 okt 2021, 15:52
Məlum olduğu kimi, Azərbaycanda özünü bank əməkdaşı kimi təqdim edib müştəriləri aldadan şəxslərlə bağlı çoxsaylı şikayətlər var.

Demokrat.az xəbər verir ki, bu dəfə bənzər hadisə tanınmış texno-bloqer Fərid Pərdəşünasın başına gəlib. Özünü Kapital Bankın əməkdaşı kimi təqdim edən şəxs bloqerin dostuna zəng edərək şəxsi bank parollarını istəyib. Zəngə cavab verən F. Pərdəşünas telefon danışığının səs yazısını yayıb.

O qeyd edib ki, bu dəfə kibercinayətkarlar saxta nömrədən “spoofing” ilə zəng ediblər:  “Kapital Bank adından “spoofing” ilə mesaj göndərilir. Əsas məqsəd “BirBank”a girmək üçün köhnə dediyi parolu ələ keçirməkdir. Amma gedişatda fərqli şeylər peyda olur. Bu, yeni növ kiberhücumdur. Dostlarınıza, xüsusən valideynlərinizə bunu göndərin”.

F. Pərdəşünas zəngin sonunda həmin şəxsə bu barədə iradını bildirir və özünü bank əməkdaşı kimi təqdim edən adam telefonu söndürür.

Qeyd edək ki, son vaxtlar özünü bank əməkdaşı kimi təqdim edərək vətəndaşların bank məlumatlarını ələ keçirmək istəyən kiberhücumlar geniş yayılıb. Oktyabrın əvvəlində Kapital Bank adından kiberdələduzluq edən dəstə saxlanılmışdı. Vətəndaşlara zəng edən və sms yazan dəstə üzvləri həmin şəxslərin guya təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə kart məlumatlarının onlara göndərilməsini tələb ediblər. Məlumatları göndərən kart sahiblərinin isə sonradan hesablarından pullar onlayn yolla oğurlanıb. Həmçinin məlum olub ki, dəstə üzvlərinin vətəndaşlarla əlaqə saxlayan zaman istifadə etdikləri mobil telefon nömrələrinin heç biri onların öz adlarına olmayıb.

Ötən gün isə Daxili İşlər Nazirliyi kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edərək sosial media üzərindən edilən kibercinayətkarlıqlarla bağlı vətəndaşları diqqətli və internet resurslarında ayıq-sayıq olmağa çağırıb. 
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top