“Bu dostluğun möhkəmliyinin səbəbi həm də İlham Əliyevlə Ərdoğanın şəxsi münasibətləridir”

GÜNDƏM 27 okt 2021, 12:21
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfəri Türkiyənin daim Azərbaycanın yanında olduğunu sübut edir. Cənab Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında və Zəngəzur dəhlizinin təməlqoyma mərasimində iştirak etməsi tarixi hadisədir. Türkiyənin həm Vətən müharibəsi, həm də postmüharibə dövründə Azərbaycana dəstək verməsi, ilk rəsmi səfər edən şəxsin məhz Rəcəb Tayyib Ərdoğan olması bizim gücümüzə güc, sevincimizə sevinc qatır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Qarabağa səfəri barədə danışarkən deyib.


 
Deputat bildirib ki, Türkiyə Vətən müharibəsi başladığı ilk gündən etibarən Azərbaycanın yanında olub: "Hələ ilk günlərdə cənab Ərdoğan Azərbaycanın yanında olacaqlarına dair çıxış etmişdi. Biz həm 44 günlük müharibədə dövründə, həm də indi bunun şahidi oluruq. Müharibə başa çatan kimi işğaldan azad edilmiş ərazilərdə başladılan yenidənqurma və bərpa işlərinin reallaşdırılmasında da Türkiyə Azərbaycana öz dəstəyini əsirgəməyib. Ötən gün baş tutan səfər çərçivəsində müxtəlif infrastruktur layihələrinin təqdimatı, Füzuli Beynəlxalq Hava Limanının açılışı və Zəngəzur dəhlizinin təməlinin qoyulması böyük tarixi hadisədir. Bu, həmçinin Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu sübut edən növbəti mesajdır. Unutmaq olmaz ki, iki dövlət arasında mövcud olan dostluğun möhkəmliyinin səbəbi həm də Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətləridir. Azərbaycan-Türkiyə müttəfiqliyi regionda davamlı və dayanıqlı sülhün bərpasına istiqamətlənib".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top