“Paşinyanın zərər çəkməsi prosesə zərbə vura bilər” — Ekspert

QARABAĞ 23 okt 2021, 19:21
“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin – İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın üçtərəfli görüşünün noyabrın birinci ongünlüyündə Moskvada baş tuta biləcəyi barədə məlumat yayılıb, amma bununla bağlı məlumat və xəbərlər daha çox Ermənistan mediasında tirajlanır. Bunun bir neçə səbəbi var. Əsas səbəb isə Ermənistan Baş naziri Nikol Paşinyanın əleyhdarlarının arqumentinə söykənir. Paşinyan əleyhdarları düşünür ki, noyabrın ilk ongünlüyündə keçiriləcək görüşdə Paşinyan Ermənistanın maraqlarını satacaq. Onların fikrincə, üçtərəfli görüşdə müqavilə imzalana, müzakirə edilən məsələlərlə bağlı razılıq əldə edilə bilər ki, bu halda Ermənistanın maraqları tapdalanacaq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib.

Noyabrın ilk ongünlüyündə baş tutacağı deyilən üçtərəfli görüşlə bağlı fikirlərini bölüşən ekspertin sözlərinə görə, görüşə qədər müxtəlif qüvvələrin təxribat və maneələrinin şahidi ola bilərik:

“Yayılan məlumatların kökündə əsas iki məsələ dayanır, nəqliyyat kommunikasiyalarının bərpası və sülh müqaviləsinin imzalanması. Əslində, həm Azərbaycan prezidentinin, həm də Ermənistan Baş nazirinin bu ayın əvvəlində mümkün görüşə yönəlik açıqlamaları vardı. Azərbaycan dövlət başçısı MDB dövlət başçıları Şurasının iclasında Ermənistanın kommunikasiya xətlərini açmağa razılaşmasından sonra sülh müqaviləsinin imzalana biləcəyini açıqladı. Ermənistan Baş naziri ilə kommunikasiyaların açılması ilə bağlı danışıqlara hazır olduğunu bildirdi. Bu, görüşlə bağlı siqnal idi”. 

Ekspert bir neçə günə Köçəryan tərəfdarlarının mitinqinin başlayacağını bildirib:

“Onlar düşünürlər ki, Paşinyana müqavilə imzalamaqda mane ola bilərlər. Reallıqda isə Rusiyadakı ermənilər Paşinyan üzərində böyük təzyiq formalaşdırmaqdadır. Onlar delimitasiya və demarkasiya prosesində Ermənistanın mümkün itkilərinə görə bunu etdiklərini deyirlər, amma görünür, onların bu addımının arxasında Köçəryanın və Sərkisyanın təsiri dayanır. Belə olan halda, Paşinyanın zərər çəkməsi prosesə zərbə vura bilər. Amma bu məsələdə əsas məsuliyyət və cavabdehlik Rusiya dövlət başçısının üzərindədir. Putin də 10 noyabr razılaşmasının sülh müqaviləsi ilə başa çatması mövqeyindədir. Bu, birbaşa Putinin cavabdehliyidir. Ona görə də, heç bir daxili və xarici faktorlar və müxalif qüvvələr razılaşmaya mane ola bilməz. Lakin sülh müqaviləsinin gözlənildiyi kimi noyabrın ilk 10 günlüyündə keçiriləcək görüşdə reallaşdırılması şübhəlidir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top