“Gələcək nəslin vətənpərvər ruhda böyüməsini istəyiriksə, bunu əməldə göstərməliyik”

SOSİAL 23 okt 2021, 15:59
Milli mənlik şüuru Azərbaycanın özünütəsdiqinin əsasıdır. Biz Vətən müharibəsində bunun daha yaxşı şahidi olduq. Torpaqların uzun müddət işğalda qalması, müharibənin başlamasının emosionallığı gənclərin bu istiqamətdə fəaliyyətini səfərbər etdi. Azərbaycan milli ləyaqəti və xalqın böyüklüyünü məhz gənclərin nümunəsində gördü. Milli mənlik şüurunun formalaşdırılması, vətənpərvərlik hisslərinin aşılanması, əqidə bütövlüyü indi və bundan sonra da əsas məsələlərdəndir. Gənclərin bu ruhda böyüməsi üçün cəmiyyət zəmin və ruh yaratmalıdır.

Bəs bu istiqamətdə hansı işlər görülə bilər? Cəmiyyətin qarşısında hansı vəzifələr dayanır?

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, dövlət başçısının yaratdığı ideologiyanın bu istiqamətdə vacib rol oynadığını qeyd edib:

“Həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində gənclərin şücaətinin, qəhrəmanlığının, milli-mənəvi baxımdan inkişafının şahidi olduq. Prezident İlham Əliyev də çıxışlarında, xalqa müraciətlərində bu məsələyə xüsusi diqqət çəkir. Bugünkü gənclər Azərbaycanı sevən, torpağına və millətinə bağlı, dövlət başçısının həyata keçirdiyi ideologiyaya sadiqliyi nümayiş etdirən nəslin nümayəndələridir. Gənc nəslin milli mənlik şüurunun inkişafı Azərbaycan üçün prioritetdir. Gənclərin vətənpərvər ruhda böyüməsi bizim üçün vacibdir və Vətənə bağlılığın ən yaxşı nümunəsidir. Son dövrlər Azərbaycanın taleyüklü məsələlərində gənclərin aktivliyinin, böyük rol oynamasının şahidi olduq. Xüsusilə, qeyd etmək lazımdır ki, Vətən müharibəsində şəhid olanların, qazilərin və bütünlükdə müharibə iştirakçılarının əksəriyyəti Qarabağı görməyən, ora səfər etməmiş gənclər idi. Qarabağ işğal edilərkən, onların əksəriyyəti dünyaya gəlməmişdi, lakin biz onların Vətənə nə qədər bağlı olduqlarını gördük”. 

V.Rəhimzadə qeyd edir ki, Vətən müharibəsi iştirakçılarının, şəhidlərin qəhrəmanlıqlarının öyrənilməsi vətənpərvərlik ruhunun aşılanmasında görüləcək vacib işlərdəndir:

“Gənclər milli məsələlərdə böyük rol oynayan əsas fiqurdur. İndiki və gələcək nəslin vətənpərvər ruhda böyüməsi, milli məsələlərdə fəallığı bizim üçün hər zaman aktual olmalıdır. Bu istiqamətdə görülməli olan böyük işlər var. Vətənpərvərlik ruhunun aşılanmasında, gələcək nəsillərə bu ideologiyanı ötürmək ən vacib məsələ olmalıdır.

Şəhidlərin, qazilərin həyatının öyrənilməsi, onların keçdiyi döyüş yolunun gələcək nəsillərə ötürülməsi bu istiqamətdə aparılmalı vacib işlərdəndir. Onların qəhrəmanlıqlarının öyrənilməsi gənclərin vətənpərvər ruhda böyüməsində böyük rol oynaya bilər. Həm ailə daxilində, həm də təhsil müəssisələrində hər bir fərd, hər bir Azərbaycan vətəndaşı müharibə qəhrəmanlarının həyat yolunu özlərinə nümunə seçməlidir. Bu, milli mənlik şüurunun inkişafında vacib amillərdən biridir”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı məsələ ilə bağlı danışarkən vurğulayıb ki, milli mənlik şüurunun inkişafı cəmiyyətdən, ziyalılardan asılıdır:

“Milli mənlik şüurunun inkişafı təbliğatla ediləcək iş deyil. Gənclərə nümunələr lazımdır. Biz böyük nəslin nümayəndələri kimi, xalqın ziyalıları, idarəçilər bu baxımdan əsas fiquruq. Bizim sözümüzlə əməlimiz üst-üstə düşsə, gənc nəsil bu istiqamətdə görülən işlərə, fikirlərə inanacaq. Biz milli mənlik şüurunun inkişafını, gənc və gələcək nəslin vətənpərvər ruhda böyüməsini istəyiriksə, bunu əməldə göstərməliyik, doğru davranıb, bunun nə qədər vacib olduğunu onlara çatdırmalıyıq. Belə olduğu halda, gənc nəsil də nümunələrdən istifadə edəcək. Nə deyirsiz deyin, övladın ilk nümunəsi valideyni olur, onun öyrətdiyi fikirlərlə, yaratdığı mühitdə yaşayır. Biz valideynlər, böyüklər özümüzü bu baxımdan kifayət qədər inkişaf etdirməliyik. İstisna hallar hər zaman ola bilər”. 

“Milli mənliyə gəldikdə isə gənc nəslin nə qədər vətənpərvər, millətini sevən olduğunu müharibə zamanı gördük. Həmin gənclər sonranı düşünmədən irəli gedirdilər. Onlar məşhur “Sonunu düşünən qəhrəman olmaz” devizini əsas tutdular. Onlar bu Vətəni necə sevdiklərini göstərdilər, nümunəyə çevrildilər. Müharibə iştirakçıları biz yaşlı nəslin edə bilmədiyini etdi. Bu baxımdan, hər bir valideyn, ziyalı düzgün davranmalı, nümunə ola biləcəyini anlamalı, düzgün yaşamalıdır” - deyə E.Şıxlı əlavə edib.

Aygül Qarayeva
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top