Vahid Əhmədov Vətən Müharibəsi şəhidinin il mərasimində iştirak etdi — FOTOLAR

GÜNDƏM 22 okt 2021, 10:27
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vahid Əhmədov, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Qubanın Qımıl kəndində Vətən Müharibəsi şəhidi Mirzəyev Nuran Akif oğlunun il mərasimində iştirak ediblər.
 
Nuran Mirzəyev 28 sentyabr 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərliyə çağrılıb və 29 sentyabr 2020-ci ildə Vətən müharibəsinə yollanıb. Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 19 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Millət vəkili Vahid Əhmədov rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və digər şəxslərlə birlikdə kənddə yaradılan şəhid Nuran bulağı ilə də tanış olub.
 
Həmin gün Quba rayonunun ucqar dağ kəndi olan Çimi kəndində əhalinin içməli su ilə təminatını yaxşılaşdırılması məqsədi ilə millət vəkili Vahid Əhmədovun təşəbbüsü ilə 11.000 metr məsafədən mürəkkəb relyefli ərazidən keçməklə çəkilmiş su xəttinin açılışı mərasimi olub. Burada bulaqlardan gələn suyu toplamaq üçün 10 və 30 tonluq iki su anbarı tikilib, kollektor quraşdırılaraq kəndin səkkiz məhəlləsinin hamısına su xətləri çəkilib. Kəndin müxtəlif yerlərində ümumi istifadə üçün dörd bulaq tikilib, onlardan ən böyüyü Şəhidlər bulağı adlandırılıb. Su xəttinin və bulağın açılış mərasimində millət vəkili Vahid Əhmədovla yanaşı rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, kənd sakinləri iştirak ediblər.
 
Mərasimdə əslən Cimi kəndindən olan, Vətən Müharibəsində “Topçu Vüsal” kimi məşhurlaşmış Vüsal Şahkərimov da iştirak edib.

 

 

 


 

PAYLAŞ

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top