Bakıda qadınlar küçədə kişi üstündə saçyoldusuna çıxdılar — Şok olay

KRİMİNAL 21 okt 2021, 10:18
Bakının Xəzər rayonunda 1979-cu il təvəllüdlü Nərmin ərinin sevgilisi Züleyxanı (adlar şərti verilib – red.) döyüb. 

Demokrat.az-ın xəbərinə görə, Nərmin bu ilin iyunun 5-də, saat 16.30-da Buzovna qəsəbəsi Naxçıvan küçəsində yerləşən məzar daşları düzəldilən sexin yaxınlığında küçədə əvvəllər qeyri-rəsmi ər-arvad kimi yaşadığı Vahidin qeyri-rəsmi arvadı Züleyxanı görüb. 

O, şəxsi münasibətlərin pozulması zəminində Züleyxa ilə mübahisə etməyə başlayıb. Mübahisə zamanı Züleyxanı vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

İstintaq orqanı tərəfindən Nərminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nərmin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Neftçala rayonu Tatarməhlə ərazi dairəsi Mirzəqurbanlı kəndində qeydiyyatdadır: “Lakin 3-4 ildir ki, Xəzər rayonu Buzovna qəsəbəsi Naxçıvan küçəsində nömrəsiz fərdi evdə kirayədə qalıram. Vahid ilə 9 ilə yaxın qeyri-rəsmi ər-arvad münasibətində yaşamışıq. Təxminən hadisədən 2 həftə əvvəl Vahid yaşadığımız evə getdi. Mənim adıma götürdüyü iki ədəd mobil telefonun və televizorun kreditini ödəmədiyi üçün ona öz iradımı bildirdim. Vahid isə guya bundan xəbərsiz olduğunu və kredit ödənişlərini pulu olmadığı üçün verə bilmədiyini dedi. Bir neçə gün əvvəl isə Vahidin hazırda birlikdə yaşadığı Züleyxa mənə zəng etdi, Vahidi narahat etməməyimi dedi. Məni telefonda söydü. Əsəbiləşdiyim üçün Züleyxanı təhqir etdim”.

Nərminin sözlərinə görə, iyunun 5-də, saat 16.30-da Naxçıvan küçəsi ilə yaşadığı evə gedən zaman Züleyxa və qızı Aydan ona yaxınlaşıb: “Bu zaman Züleyxa heç bir söz demədən boğazımdan tutaraq məni yerə yıxdı. Mən ayağa qalxdıqda isə Aydan saçımdan tutaraq yoldu, məni təkrar yerə yıxdı. Yerdə uzanıqlı vəziyyətdə olan zaman isə hər ikisi şillə və təpiklə bədənimin müxtəlif yerlərindən zərbələr endirdilər. Həmin vaxt küçədən keçən tanımadığım şəxslər bizə yaxınlaşaraq ayırdılar”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə təxminən 10 dəqiqə çəkib: “Yerə yıxılandan sonra hadisə zamanı qulağımda olan qızıl sırğaları da itdi. Hadisə zamanı Züleyxanı və Aydanı vurmamışam. Onlara xəsarət yetirməmişəm”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Züleyxa bildirib ki, Masallı rayonu Alışanlı kəndində qeydiyyatdadır: “Təxminən bir ilə yaxındır ki, Buzovna qəsəbəsi Naxçıvan küçəsi nömrəsiz fərdi evdə yaşayıram. Vahid ilə 3 ilə yaxındır ki, tanış olmuşam. Təxminən bir ildir ki, ailə kimi bir yerdə yaşayırıq. Vahidin əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu Nərmin onları narahat edir, mütəmadi olaraq bizi müxtəlif bəhanələrlə zəng edərək arada mübahisə yaratmağa çalışır. Hətta yaşadığım ünvana da dəfələrlə gəlib, səs-küy salıb”. 

Zərərçəkmiş qeyd edib ki, iyunun 5-də evdə olmadıqları vaxt Nərmin yenə də onların ünvanına gəlib və nalayiq ifadələr deyib: “Həmin gün saat 16.30-da Naxçıvan küçəsi ilə qızım ilə birlikdə yaşadığım evə gedərkən yolda Nərminlə rastlaşdım. Nərmin bizi görən kimi səbəbsiz yerə səs-küy saldı. Mən ona sakit olmağı və kənara çəkilməyi dedim. Nərmin isə mənim və qızımın ünvanına uca səslə nalayiq sözlər dediyi üç onun ağzının üstündən vurdum ki, sakit olsun. Nərmin isə sol əlimi tutaraq 2-ci barmağımı burdu. Ağrıdan qışqırdım”. 

Züleyxanın sözlərinə görə, bu zaman Aydan Nərminin saçını yolub: “Bu vaxt Nərmin də Aydanın saçlarından tutdu və həmin vaxt hər ikisi yerə yıxıldı. Yerə yıxılan kimi isə ətrafda olan şəxslər onlara yaxınlaşaraq ayırdılar. Həmin vaxt Nərminin qulağında sırğa olmayıb, görməmişəm. Hadisə təxminən 15 dəqiqə çəkdi. Nərmin mənimlə barışdı və mənə dəymiş ziyanı tamamilə ödədi. Buna görə də Nərmindən şikayətim yoxdur”. 

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. 

Məhkəmə hökm elan edən zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb.

Bu səbəbdən onun barəsində olan cinayət işinə xitam verib. Nərmin cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top