"Zəngilanın azad olunması ilə Azərbaycan-İran sərhədi bərpa edildi"

GÜNDƏM 20 okt 2021, 12:33
“Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulub. Bu zərbə nəticəsində 30-dan çox yaşayış məntəqəsi işğaldan azad edildi. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yarandı”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.



Deputat qeyd edib ki, Zəngilanın işğaldan azad edilməsi ilə tarixi ədalət bərpa edilib:

“Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda döyüşlərə başladı. Döyüşlər Sərhəd Qoşunlarının Komandanlığı altında başladı. 2020-ci ilin oktyabrın 20-də isə artıq Azərbaycan xalqı daha bir xoş xəbərə sevindi. Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilanın işğaldan azad olunduğunu bildirdi. Bu xəbər hər birimizi sevindirdi. Şübhəsiz, ən çox sevinən 27 il dədə-baba yurdundan didərgin düşən zəngilanlılar oldu. 

Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı həm də Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin də işğaldan azad olunduğunu elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi”.

Deputat bildirib ki, Zəngilanın azad olunması ilə həm də Azərbaycan-İran sərhədi bərpa edildi:

“Zəngilanın işğaldan azad olunması nəticəsində Azərbaycan-İran sərhədinin işğal altında qalmış 132 kilometrlik hissəsi bərpa edildi. Bu, tarixi hadisədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!”

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top