Dövlətdən maliyyə dəstəyi alan jurnalistlər olur YALTAQ, amma hər ay icra hakimiyyətlərindən...

MEDİA 18 okt 2021, 23:10
Dövlətdən maliyyə dəstəyi alan jurnalistlər və sayt rəhbərləri olur YALTAQ, amma hər ay icra hakimiyyətlərindən, bələdiyyələrdən, xəstəxanalardan 50 manat alan jurnalistlər və sayt rəhbərləri olur MÜSTƏQİL və VİCDANLI...

Layiq olmadığı halda illərdir bu dövlətdən maliyyə, ev və fəxri adlar alan jurnalistlər iki gündür bir-birilərinə deyirlər ki, "Qazın, işığın qiymətinin qalxması ilə bağlı hakimiyyəti müdafiə etməyək, nəyimizə lazımdır!?".

Öz işinizdir, siz onsuz da bu ölkədə işıq, qaz olmayan vaxtlarda kibrit çöpünü bu xalqa alov kimi sırıyan media təlxəkləri olmusunuz.

Bu dəmşalaqların dedikləri ilk baxışdan "vicdanlı" şəkildə görünsə də, əslində ən çətin situasiyada belə heç vaxt bu hakimiyyəti və şəxsən İlham Əliyevi müdafiə etməyəcəklərini bəribaşdan ifadə etmiş olurlar.

Bir tərəfdən İlham Əliyevin komandasından pul alırlar, başqa tərəfdən də müxalifət liderlərinin qohum-qardaşlarına yeyib-içmək verirlər. Əcəba, niyə!?

Ac itlər acgöz insanlardan daha sədaqətli olurlar. İndi bu adamlar deyə bilərlər ki, dövlət bütün bunları bizə təmənnasız verib. Ola bilsin ki, xalq bilmir, amma biz bilirik ki, ev almaq üçün insanların səslərini yazıb nə oyunlardan çıxdınız, kimlərin üzünə durdunuz, qəzetlərinizdə, saytlarınızda özünü və ailəsini təhqir etdiyiniz adamlarla qardaş, bacı oldunuz, nə qədər ayıb olsa da deməliyik: Prezident Administrasiyasının şöbə müdirlərinin dil-ağızlarını "bağlamaq" üçün cindar qapılarında qaldınız, nə qurbanlar verdiniz: əxlaq getdi, şərəf getdi...
İndi də bu hakimiyyətə deyiləsi sözünüz qalmayıb. Ki, biz satacaqlarımızı satdıq, siz də verə bildiklərinizi verdiniz, daha satılası nə əxlaqımız, nə də şərəfimiz qalıb.

Amma bu gün də ləyaqətli jurnalistlər qapı arxasında qalıblar, yenə də qazanan sizlərsiniz, sabah hakimiyyət dəyişsə, yenə də sizlər indiki kimi vitrində, manşetdə olacaqsınız. Dünən köhnə komanda üzvləri ilə bir yatağa baş qoyan media təlxəkləri indi də təzə komanda üzvlərinin qapısında əl meymununa dönüblər. Günah bunlarda deyil, ölkədə islahat həm də medianın içindən başlamalı idi. Ləyaqətsiz insanlar qapı dalından geri qaytarılmalı idilər, daha onlara bu dəfə müasir və ingilisdilli qucaq açmaq lazım deyildi.

O qurum qalmayıb ki, oranı gəmirməsinlər, yeməsinlər. Xalq iş, pul dərdi çəkir. İndi yuxarıda oturub bunları qudurdanlar cavab versinlər görək: bu sifətsizləri niyə qudurdub maşın, ev, pul sahibi ediblər? Fərari gədə-güdələri, "ne qodnı" hərbi bilet daşıyanları Qarabağ səfərlərinə niyə aparırlar?

Haşiyə: Qarabağa səfər etmək niyyətim olmayıb, yoxdur.

Dövlət büdcəsini talayan icra başçısı ilə bu ac itlər arasında nə fərq var axı!? Bütün günü 10 manata tikintidə fəhlə işləyən insanların haqqını bu cəmdək sahiblərinə niyə yedirirsiniz!? Ölkədə icra başçısı, baş həkim, general, məktəb direktoru həbs edilir, onlardan heç də geri qalmayan jurnalistlər niyə eyş-işrət içərisində yaşayırlar, niyə onları həbs edən yoxdur?

P.S. Əlqərəz, bu gündən sonra elə jurnalistlərin özündən, ad-soyadını çəkərək yazmaq lazımdır. Kim inciyir, incisin.
Belə olmadıqca, haqqı olanların haqqı bundan sonra da yeyiləcək. Çünki belələrinə sitayiş etmək üçün məbəd-məmur, yuxarıdakılara da simasızlar həmişə gərək olur.

Samir  Feyruzov

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 noy 2021, 23:26
Top