Deputat: "Müstəqillik düşüncəsini bu xalqın zehnindən silə bilmədilər"

GÜNDƏM 18 okt 2021, 15:08
“18 oktyabr günü tariximizin müstəsna günlərindən biridir. Bu gün tariximizə dövlət Müstəqilliyinin Bərpası Günü kimi daxil olub. Bu günə Azərbaycan xalqı mübarizə və müharibələrdən keçərək, çoxlu sayda şəhidlər verərək gəlib çıxıb. Əslində, Azərbaycan xalqının beş min ilə qədər dövlətçilik tarixi var. Bu tarixdə bir çox dövlətlər və imperiyalar yaratmışıq. Sonuncu müstəqil dövlətimiz 1918-ci il mayın 28-də elan olunan Azərbaycan Xalq Cümhuriyyətidir. Lakin Azərbaycan Xalq Cümhuriyyyətinin ömrü cəmi 23 ay oldu və 1920-ci il aprelin 28-də Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalı ilə müstəqilliyimiz də itirildi”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib.

Deputat qeyd edib ki, 70 il ərzində xalqımız müstəqillik ideyasından bir an belə imtina etməyib:

“Millətimizin oğulları dəfələrlə üsyana qalxdılar, repressiya olundular, sürgün edildilər, güllələndilər, amma müstəqillik düşüncəsini bu xalqın zehnindən silə bilmədilər. 70 il ərzində addım-addım müstəqilliyimizə doğru getdik. Bu yolda Ulu Öndər Heydər Əliyevin birinci dövr hakimiyyət illərinin müstəsna yeri var. Azərbaycanda milli düşüncənin inkişaf etməsi, ordu quruculuğu, kadr hazırlığı və s. bir çox amillər bizi addım-addım müstəqilliyimizə yaxınlaşdırmaqda idi. 1988-ci ildə başlanan qondarma Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda milli oyanışı pik həddə çatdırdı. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul elədi. Həmin Aktın 2-ci maddəsində Azərbaycan Respublikasının 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu elan olundu”.

Deputat vurğulayıb ki, müstəqilliyin bərpasından bəri Azərbaycan dövləti müstəqillik yolunda inamla addımlayır:

“1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndərin hakimiyyəti illərində bu müstəqillik artıq sözdən əmələ keçdi, müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan güclü bir dövlətə çevrilməyə başladı. 2003-cü ildə müstəqil Azərbaycanın prezidenti seçilən cənab İlham Əliyev çox sürətlə ölkənin siyasi, iqtisadi, hərbi dayaqlarını möhkəmləndirdi, onu regionun ən güclü dövlətinə çevirdi, söz sahibi olan dünya dövlətləri sırasına çıxardı. Bütün bu uğurlar 44 günlük Vətən Müharibəsində bir daha öz təsdiqini tapdı, öz nəticəsini göstərdi. 

Bu gün Azərbaycan öz xalqı, öz iqtisadiyyatı, öz ordusu, ən əsası isə öz Müzəffər Ali Baş Komandanı ilə müstəqillik yolunda irəliyə doğru inamla addımlayan bir dövlətdir və regionda bu və ya digər şəkildə marağı olan hər kəs də bu dövlətlə, onun xalqı və Prezidenti ilə hesablaşmağa məcburdur”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top