Ombudsmandan dünya birliyinə ÇAĞIRIŞ

GÜNDƏM 17 okt 2021, 14:10
"Bu gün Ermənistan silahlı qüvvələrinin 17 oktyabr 2021-ci il tarixində gecə saat 01:00 radələrində hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Gəncə şəhərinin əhalinin sıx məskunlaşdığı mərkəzi hissələrini Ermənistan ərazisindən yenidən ballistik raketlərlə atəşə tutmasının birinci ildönümüdür. Bu dəhşətli hücum nəticəsində içərisində uşaq və qadınların da olduğu 15 nəfər mülki şəxs qətlə yetirilmiş, 50 nəfərdən çox dinc sakin isə yaralanmışdır. Bundan əlavə, 20-ə yaxın ev dağılmış, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəymiş, ərazidəki nəqliyyat vasitələri yararsız hala düşmüşdür".

Bu  fikirlər Ombudsman Səbinə Əliyevanın dünya ictimaiyyətinə çağırışında yer alıb.

"Bu faktla əlaqədar tərəfimdən dərhal dünya ictimaiyyətinə etiraz bəyanatı ünvanlanmış və Gəncə şəhərində bir daha faktaraşdırıcı missiya həyata keçirilməklə hesabat hazırlanaraq, müvafiq beynəlxalq təşkilatlara göndərilmişdir.

Təqdim etdiyimiz həmin sənədlərdə kifayət qədər təkzibolunmaz sübutların olmasına baxmayaraq, təəssüflər olsun ki, bu dəfə də Ermənistanın Azərbaycana qarşı törətdiyi sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri zamanı insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması faktlarına beynəlxalq hüquqi qiymət verilməmişdir.

Bir daha dünya ictimaiyyətini və beynəlxalq təşkilatları ədalətli və obyektiv mövqe nümayiş etdirərək dinc və günahsız azərbaycanlılara qarşı ağır cinayətlərin törədilməsinə göstəriş vermiş Ermənistanın siyasi-hərbi rəhbərliyinə münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlər görməyə çağırıram!", - Ombudsman əlavə edib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top