Deputat: "Ermənistanın Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa çıxış yolu yoxdur"

GÜNDƏM 16 okt 2021, 16:40
“Azərbaycan Prezidenti İlham Əliyev son 17 ildə Ermənistana rəhbərlik edən şəxslərlə görüşü zamanı işğala son qoyulacağı təqdirdə iki ölkə arasında sülhün bərqərar olacağı barədə təkliflər etmişdi. Hətta Vətən müharibəsinin gedişi zamanı, daha doğrusu, Cəbrayıl şəhərinin azad edilməsindən sonra cənab Prezident müraciəti zamanı Ermənistanın işğal altındakı bütün ərazilərdən silahlı birləşmələrini çıxaracağı təqdirdə müharibəni dayandırmağın mümkünlüyündən danışmışdı. Bir sözlə, Azərbaycan Ermənistana dinc qonşuluq təklif etsə də, qarşı tərəf bunu dəyərləndirə bilmədi”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, bu gün də Azərbaycanın proseslərdəki mövqeyi və münasibəti qəti dəyişməyib:

“Müharibə bitsə də, məğlub Ermənistandakı bəzi revanşist qüvvələr bizimlə hər hansı əlaqələr yaratmağın əleyhdarı kimi çıxış edirlər. Bu, əlbəttə, regionun gələcəyi üçün təhlükə yaradan məqamlardır. Əslində, Ermənistanın Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa çıxış yolu yoxdur. Kasıb, müharibədən məğlub çıxmış bir ölkə üçün bu, çox vacib şərtdir. Digər tərəfdən üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq bölgədə bütün kommunikasiya xətləri, o cümlədən Ermənistandan keçməklə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi açılmalıdır. Prezidentin dediyi kimi, Zəngəzur dəhlizinin açılması həm də Ermənistana, ermənilərə lazımdır”. 

Deputat vurğulayıb ki, Ermənistan rəhbərliyi də bildirdiyi kimi sülh istəyirsə, siyasi iradə göstərməli, qəti addımlar atmalıdır:

“Prezident İlham Əliyev beynəlxalq arenada, xüsusən də BMT, ATƏT, MDB kimi təşkilatlarda daim sülhə yönəlik çıxışlar edib və dəfələrlə bəyan edib ki, sülhün təşəbbüskarı olmağı bundan sonra da davam etdirəcək. Sual yaranır, Ermənistan oxşar addımlar atmasını istəyirmi? Məsələ burasındadır ki, çıxışları zamanı Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycanla sülh sazişinin imzalanmasının tərəfdarı kimi çıxış edir, sözdə sülhdən danışsa da, əməlində fərqli yanaşma sərgiləyir. Amma bu məsələdə Ermənistan rəhbərliyi öz xalqını düşünərək siyasi iradə nümayiş etdirməlidir. Əks halda Ermənistanı qaranlıq gələcək gözləyir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top