Rövşən Əkbərov ifadəsində faktlar açıqladı: "Baş prokuror, hərbi prokuror restoranda..."

KRİMİNAL 13 okt 2021, 14:20
Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə cinayət işində olan şahidlər Orucəli Hacıyev və mərhum Elçin Əliyevin anası Səmayə Əliyevanın gəlmədiyi məlum olub.

Prokuror Eldar Həmzəyev həmin şahidlərin ifadəsinin elan olunmasını istəyib. Tərəflər də buna etiraz etməyiblər.

Bundan sonra hər iki şahidin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Prokuror bildirib ki, cinayət işində Ukraynada yaşayan hadisənin şahidlərinin ifadələri var: "Biz onları bura dəvət edib, dindirə bilmirik. Həmin şahidlərin ifadələrinin elan olunmasını  istəyirik".

Hakim həmin şahidlərin ifadələrinin elan olunması barədə qərar qəbul edib. Həmin şahidlər ifadələrində Rövşən Əkbərovun hadisə yerində olduğunu deyiblər.
 
Daha sonra mərhum Məzahir Şıxəliyevin istintaqa verdiyi ifadəsi elan edilib. O, ifadəsində Rövşən Əkbərovun hadisə yerində olduğunu, qətlin onun tərəfindən törədildiyini qeyd edib. O, digər ifadəsində isə Rövşən Əkbərovun Elçin Əliyevi bıçaqla vurduğunu görmədiyini deyib. Məzahir Şıxəliyev ümumilikdə istintaqa 5 dəfə fərqli ifadə verdiyi məlum olub.

Daha sonra Rövşən Əkbərov sərbəst ifadə verməyə başlayıb. O qeyd edib ki, dövlət tərəfindən təhsil almaq məqsədilə Kiyev şəhərinə göndərilib və orada akademiyada təhsil almağa başlayıb: "2001-ci il mayında Azərbaycanın Ukraynadakı səfirliyində "Azərbaycan günləri" keçirilirdi. Mən də orada hərbi atteşə kimi iştirak edirdim. Orada tort kəsilib, çay içmişdik. Tədbirdə Elxan Cəbiyev də iştirak edirdi. Onunla görüşdüm. Ona dedim ki, məxfi sənədlər var, onları Müdafiə Nazirliyinə çatdırmaq lazımdır. Ondan xahiş etdim ki, həmin sənədləri aparsın. Mən ümulikdə həmin dövrdə 372 kitab göndərmişəm, həmin kitablarda burada çoxaldılaraq korpuslara paylanılıb".

Rövşən Əkbərovun sözlərinə görə, həmin gün səfirlikdə ailə üzvləri ilə birlikdə olub: "Gecə səfirliyin işçisi olan Səbuhidın anam və qızımı aparmasını istədim. O da apardı, sonra da mən oğlumu da götürərək evə getdim. Səhəri gün Yalçın Qocayev zəng etdi, bizi səfirliyə çağırırlar. Bildirdi ki, Elçinlə Qüdrəti vurublar. Mən də.səfirliyə getdim. Orada eşitdim ki, Azərbaycandan nümayəndə heyəti gəlir, Nazim İbrahimov da onların arasındadır. Bundan sonra mənim dərdimə olduğu üçün akademiyaya getdim".

Rövşən Əkbərov bildirib ki, bundan sonra səfirlikdə ona qəzetləri göstəriblər: "Bakıda qəzetlərdə şəkilini qoyaraq Rövşən Əkbərov in olduğu yerdə qətl törədilməsini yazıblar. Bundan sonra bildirdilər ki, Nazim İbrahimov Elçin Əliyevin ailəsinə zəng edib və deyib ki, onu Rövşən Əliyev öldürüb. Mən də Nazim İbrahimovun harada olduğunu soruşdum. Ondan Bakıya belə bir hadisədə mənim adımı hallandırmasını soruşdum. Nazim İbrahimov bildirdi ki, nə danışırsız, siz iqtidarın adamısız. Mən elə bir söz deməmişəm".

Rövşən Əkbərov bildirib ki, 2002-ci ildə Bakıya gəlib və "Gülüstan" restoranında tədbirdə olub: "Tədbirdə Nazim İbrahimovu gördüm. Orada yanımızda çox adam var idi. Nazim İbrahimova dedim ki, adam kişi olar, üzdə bir söz deyirsiz, arxada başqa söz. Nazim İbrahimov da həmin vaxt mənə dedi ki, o başqa heç nə deməyib. Mən bûrada olduğum vaxt bir nəfər deyən olmadı ki, gəl söhbət edək, görək sənin adın niyə bu işdə.çəkilir".

Generalın sözlərinə görə, sonradan müstəntiqə ifadə verib: "Amma mənəbir söz deyən olmadı. Orada prokuror da, polis rəisi də iştirak edirdi. Sonra deyirlər ki, hərbi formada kafedə olmuşam. Heç kim hərbi formada kafedə oturmaz. Mənə ayıb olardı ki, general formasında kafeyə gedim. Məzahir Şıxəliyev əgər mənimlə mübahisə edibsə, məni tanımalı idi. Daha niyə şəkil istəyirdi ki, məni tanısın. Elçin Əliyevi cəmi 2-4 dəfə görmüşəm. Elçin Əliyevlə heç bir masa arasında əyləşməmişəç. Onunla nə çörək yemişəm, nədə ki münasibətim olub. Bu işin mənə aidiyyatı yoxdur. Müstəntiq deyir ki, cinayət işi açılıb. Öz əlaqələrin vasitəsilə soruşdum ki, nə səbəbə cinayət işi açılıb. Bildirildi ki, müstəntiq restorana çağırılıb, orada baş prokuror, hərbi prokuror, bir də sizin nazir olub. Deyiblər ki, cinayət işi açılmalıdır".

Rövşən Əkbərov daha sonra qeyd edib ki, Elçin Əliyevin ailəsi düzgün yolda deyil: "Bu qətlin mənə aidiyyatı yoxdur. Onların kiminləsə problemi var, bunu araşdırsınlar. Kişi kimi deyirəm ki, bu qətllə.əlaqəm yoxdur. Nəyə desən and içə bilərəm".

Prokurorun suallarını cavablandıran Rövşən Əkbərov deyib ki, 1991-ci ildə Milli Orduya qəbul olub və birinci Qarabağ müharibəsində iştirak edib: "Mənə göstərdiyim xidmətinə görə milli qəhraman adı almışam, vətən uğrunda medalları ilə təltif olunmuşam".

O qeyd edib ki, Elçin Əliyev ilə heç vaxt kafedə olmayıb, həmin kafedə heç vaxt gecə olmayıb. Deyib ki, Məzahir Şəxəliyevi heç vaxt görməyib, tanımayıb. 

Rövşən Əkbərov daha sonra zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Elçin Sadıqovun suallarını cavablandırmaqdan imtina edib.

Daha sonra işdə olan sənədlər tədqiq olunub və məhkəmə istintaqı tamamlanıb, çıxış etmək üçün söz prokurora verilib. 

Bundan sonra prokuror ittiham nitqi ilə çıxış edib. 

Prokuror Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsinin ittihamdanmxaric edilməsini istəyib. Buna səbəb cinayət işinin üstündən uzun müddət keçmısi olub. 

Prokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinmısini, 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses oktyabrın 22-də davam edəcək.

İttihama görə, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi, 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib.

İstibtaq sənədlərinə görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib.
Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən "Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Həmin zaman Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdiyini, onu tanımadıqları ilə bağlı etirazını bildirib.

Rövşən Əkbərov Elçin Əliyev və Məzahir Şıxalıyevlə mübahisə edib.

Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxalıyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Bıçaqla Elçin Əliyevə xəsatət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top