Məcburi köçkünlərin pozulmuş hüquqlarına dair beynəlxalq hesabat təqdim olundu

XARİCİ SİYASƏT 12 okt 2021, 15:52
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” üzrə UNESCO kafedrasının hazıladığı “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” kompleks beynəlxalq hesabatın təqdimatı keçirilib.

Demokrat.az xəbər verir ki, mərasim başlamazdan əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Layihənin ideya müəllifi və rəhbəri, BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, hesabatın hazırlanmasında əsas məqsəd 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində həmin ərazilərdən olan məcburi köçkünlərin pozulmuş hüquqlarının, daha sonra dəymiş ziyanın əhatə dairəsinin və istiqamətlərinin müəyyən edilməsi, beynəlxalq təcrübəni öyrənməklə pozulmuş hüquqların bərpası, nəhayət dəymiş ziyanın Ermənistan tərəfindən ödənilməsi üçün beynəlxalq-hüquqi mexanizmlərin təhlil edilməsidir.

Onun sözlərinə görə, Ermənistanın təcavüzünə məruz qalan və uzun müddət işğal olunan Azərbaycan ərazilərindən olan məcburi köçkünlərin işğala qədər, işğal dövründə və işğaldan azad olunandan sonra əsas hüquq və azadlıqları beynəlxalq sənədlərlə tanınır və onların pozulmuş hüquqları bərpa edilməlidir.

Rektor əlavə edib ki, iki dildə hazırlanan hesabat öz növbəsində beynəlxalq təşkilatlara da göndəriləcək.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, azad edilən ərazilərə dəyən ziyan məsələsi hər zaman aktual olub: “Xarici hüquqşünaslar da Azərbaycana dəvət olunub. Onlar işğal nəticəsində dəymiş ziyanın hesablanması üçün ciddi işlər görürlər”.

Daha sonra çıxış edənlər azərbaycanlı məcburi köçkünlərin bir sıra mühüm hüquq və azadlıqlarının 30 il ərzində Ermənistan tərəfindən kütləvi, sistematik və kobud şəkildə pozulduğunu, dünyada məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasına dair mövcud olmuş beynəlxalq təşkilati mexanizmlər həmin təcrübədən istifadə edilməklə və beynəlxalq sənədlərin müddəaları əsas tutulmaqla Azərbaycandakı məcburi köçkünlərin hüquqlarının da bərpasına dair spesifik beynəlxalq təşkilati mexanizmin yaradılmasını tam şəkildə şərtləndirdiyini qeyd ediblər.

Qeyd edək ki, hesabat giriş, ümumi yanaşma və metodologiya, uzun müddət Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri haqqında ümumi məlumatlar, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul edilmiş beynəlxalq sənədlərin təhlili, məcburi köçkünlərin pozulmuş əsas hüquq və azadlıqları, Ermənistan tərəfindən beynəlxalq hüququn əsas prinsiplərinin pozulması və törədilən beynəlxalq cinayətlər, işğalla əlaqədar vurulmuş ziyanların təxmini əhatə dairəsi, mövcud beynəlxalq mexanizmlər, digər dövlətlərin təcrübəsi, beynəlxalq məhkəmə mexanizmləri, Ermənistanın beynəlxalq-hüquqi məsuliyyəti, 2020-ci ilin sonlarına qədər işğalda olmuş və hazırda işğaldan azad edilmiş Azərbaycan əraziləri üçün zəruri olan ilkin humanitar yardım, nəticə və əlavələrdən ibarətdir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top