Kolumbiya telekanalı Ermənistanın hərbi cinayətlərindən bəhs etdi — VİDEO


QARABAĞ 12 okt 2021, 08:30
Kolumbiyanın nüfuzlu televiziya proqramı “Testigo Directo” verilişində ölkəmizdə səfərdə olmuş tanınmış jurnalist Roberto Trobaxonun azad olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış kütləvi minalama və Azərbaycanın həyata keçirdiyi minatəmizləmə işləri barədə hazırladığı “Azərbaycan Odisseyası – Minalar sülhü məhv edir” adlı reportaj efirə verilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, verilişdə Ermənistanın BMT TŞ-in qətnamələrinə məhəl qoymayan 30 ilə yaxın qeyri-qanuni işğalda saxladığı Azərbaycan ərazilərində kütləvi minalama apardığı, bu səbəbdən hərbi əməliyyatların bitməsindən keçən 11 ay müddətində 150-ə yaxın hərbi və mülki azərbaycanlının həlak olduğu və yaralandığı bildirilir.

Müəllif Kolumbiya və Azərbaycanın üzləşdiyi, ərazilərinin kütləvi minalanması problemləri arasında paralellər aparır, bu xüsusda Kolumbiyada gerilla birlikləri tərəfindən ölkə üzrə geniş ərazilərdə eyni qaydada kütləvi minalama aparıldığını qeyd edir. Bununla yanaşı, Kolumbiyada həmin qeyri-qanuni qruplaşmaların minaların yerləşmə xəritəsini hökumətə təqdim etməkdən boyun qaçırdığı kimi, Ermənistan rəhbərliyinin də Azərbaycan ərazisində kütləvi şəkildə minaladığı sahələrin xəritəsini verməkdən imtina etdiyi və bu durumun həm Kolumbiya, həm də Azərbaycanda mülki insanlar arasında çoxsaylı tələfata səbəb olduğu deyilir.

Azərbaycan ərazilərinin kütləvi minalanması faktının Ermənistanın Baş naziri N.Paşinyan tərəfindən xeyli müddət təkzib edildiyi, yekunda yüksək rütbəli erməni hərbçilər tərəfindən müharibə cinayətinin etiraf olunduğu vurğulanır.

Reportajda xarici işlər nazirinin müavini Elnur Məmmədov, XİN-in Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva və ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbovun işğaldan azad olunmuş ərazilərimizdə Ermənistanın apardığı kütləvi minalamanın bölgədə yaşayış infrastrukturunun bərpası və azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıdışına ciddi maneə törətdiyi və beynəlxalq ictimaiyyətin minaların yerləşmə xəritəsini təqdim etməsi üçün Ermənistana təzyiq etməli olduğu haqda açıqlamaları təqdim olunur.



Sonda Azərbaycan hökumətinin mövcud maneələrə rəğmən soydaşlarının qısa vaxtda öz evlərinə qayıtmaları üçün ərazilərin minalardan təmizlənməsi üzrə xeyli irəliləyişlər əldə etdiyi və bölgədə yaşayış infrastrukturunun bərpası üzrə geniş miqyaslı layihələr həyata keçirməkdə olduğu qeyd edilir.



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top