Qız Övladları Gününü atasız keçirən şəhid qızları

GÜNDƏM 11 okt 2021, 21:19
Dünyanın əksər ölkələrində 11 oktyabr Beynəlxalq Qız Övladları Günü kimi qeyd olunur.

Axar.az şəhid qızlarının Beynəlxalq Qız Övladları Günündə səsləndirdikləri fikirləri təqdim edir:

Vətən müharibəsinin şəhidi Arəstə Baxışovanın qızı Zəhra Baxışova:

“Anamla fəxr edirəm. Hər zaman fəxr edəcəyəm. Qızlar, ana-atalarınızın sözünə baxın, dərslərinizi oxuyun, axsatmayın. Böyüyüb karyeranızı quranda valideynlərinizə təşəkkür edəcəksiniz ki, üstümə düşüb məni oxutmusunuz”.

Şəhid polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva:

“Məni hər zaman qürur mənbəyim deyib, əzizləyərdi. İndi o mənim qürur mənbəyimdir. Hər zaman da belə olub. Özümü hər zaman şanslı hiss etmişəm ki, onun kimi bir atam var”.

Şəhid polkovnik-leytenant Ramiz Cəfərovun qızı Nigar Cəfərova:

“Belə bir insanın, şəxsiyyətin qızı olduğuma görə xoşbəxtəm. Bu, ayrı bir xoşbəxtlikdir. Həm atam olduğuna görə sevinib fəxr edirəm, həm də şəhid olduğuna görə”.

Şəhid polkovnik-leytenant Əfqan Abdurrəhmanovun qızı Hilalə Əfqan:

“Bilirəm ki, onun gözü, dili olmuşam. Nəfəsi olmuşam. Şuşaya da Hilalə olaraq deyil, Əfqan olaraq, onun təmsilçisi olaraq getmişdim. Ruhunu bədənimə salıb getmişəm. Bu çox qəribə bir hissdir”.

Şəhid baş gizir Camal İsmayılovun qızı Əsmət İsmayılzadə:

“Atam məzuniyyətə çıxan kimi bizi Azərbaycanın bütün gəzməli yerlərinə aparırdı. Özünün getdiyi bütün yerlərdən bizə çoxlu hədiyyələr gətirərdi. Fikirləşəndə ki, daha onunla dağlara çıxmayacağam, xizəklə sürüşməyəcəyəm, dənizə getməyəcəm, parka getməyəcəyəm, daha döyülən qapını atama açmayacağam, daha onun "qızım" deyən mehriban səsini eşitməyəcəm... Və daha nələr... Bunları fikirləşmək istəmirəm. Deyirəm ki, heç nə istəmirəm, mənim qəhrəman atam səninlə yol getmək belə gözəl idi. Sənin arzuladığın kimi övlad olmağa söz verirəm, mənim fateh atam”.

Şəhid baş gizir Camal İsmayılovun balaca qızı Əsnad İsmayılzadə isə belə deyib:

“Atam üçün çox darıxıram. Hər gün, hər gecə onu fikirləşirəm. Atamla oynamaq, gəzməyə getmək, hər şey çox gözəl idi. Müharibə atamı bizdən aldı, istəmirəm bir də müharibə olsun.

Çünki uşaqlar atasız qalır. Mən çox darıxsam da, atam yanımda olmasa da onun arzularını yerinə yetirməyə özümə söz vermişəm. Mənim qəhrəman atam, səninlə fəxr edirəm”.

Şəhid çavuş Əlizamin İsgəndərovun qızı Mələkxanım İsgəndərli:

“Atam şəhid olsa da, bu dünyada olmasa da, biz hər yerdə onu təmsil edirik. Gələcəkdə də onu təmsil edəcəyik. Onun adını yaşatmaq bizim borcumuzdur”.

Şəhid çavuş Əlizamin İsgəndərovun ikinci qızı Həqiqət İsgəndərli isə belə deyib:

“Hər özəl gündə olduğu kimi inanıram ki, bu gün də bizi təbrik edəcəkdi. Kaş yanımda olsaydınız deyəcəkdi. Bir qız övladı olduğum üçün, əsas da elə bir atanın övladı olduğum üçün fəxr edirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top