Deputat: “İran fiaskoya uğrayıb, o məhşur şirin əslində quyruğundan başqa heç nəyi qalmayıb”

GÜNDƏM 05 okt 2021, 15:49
"Azərbaycan müstəqillik tarixinin bütün dövrlərində İrana cənub qonşusu kimi xoş niyyətlə yanaşıb və münasibətlərini beynəlxalq hüququn tələbləri çərçivəsində qurub. Ən mürəkkəb periodlarda Azərbaycan, hətta özünün mənafeləri ziddinə olsa belə, İranın maraqlarının tapdanmasına, ərazisindən İran dövləti əleyhinə istifadə edilməsinə yol verməyib. Lakin səmimi olaraq sual qoyaq, eyni münasibətləri Tehrandan görmüşükmü? Tam mənada xeyr! Əksinə, İran 30 illik işğal periodunda bir-iki süni bəyanatı çıxmaq şərti ilə mehriban qonşuluq və dostluq ruhuna, eləcə də islam həmrəyliyinə yaraşmayan siyasət yürüdüb".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, işğal dövründə, Azərbaycanla 130 kilometrlik sərhədi boyunca 30 il terror və təcavüz hökm sürərkən bir dəfə də ortaya mövqe qoymayıb: "Əksinə, bu illər ərzində Ermənistan faktiki olaraq yalnız İranın hesabına ayaqda qalıb. Nəinki işğal dövrü, hətta işğal sonrasında da İran açıq və gizli formalarda Ermənistanın işğalçı ruhunun dirçəldilməsinə, o cümlədən Qarabağda separatçılara yardım edib. Cənab prezidentin dediyi kimi, biz problemi münasibətləri qorumaq naminə sakitcə həll etmək istədik, lakin cavabında nə gördük? İran separatçılara yardım etdiklərinə mane olduğumuz üçün sərhədimiz boyu ucuz şou xarakterli hərbi təlimlərə start verdi. Bununla nəyə nail oldu? Özünü rüsvay etdi. Öz texnikasını sıradan çıxarmaqla hazırlıq səviyyəsini göstərdi. Digər tərəfdən aydın oldu ki, ordusunda milli türk kimliyi naminə, Azərbaycan uğrunda həyatını qurban verməyə hazır böyük çoxluq var. Faktiki olaraq, İran güc göstərisində fiaskoya uğradı, məlum oldu ki, o məhşur şirin əslində quyruğundan başqa heç nəyi qalmayıb".

B.Məhərrəmov qeyd edib ki, Tehranın rəsmən, hətta xarici işlər naziri səviyyəsində heç bir mənbəsi olmayan feyk məlumatlar yaymaqdan başqa mübarizə üsulu qalmayıb: "Cənab Prezident ötən gün çox dəqiq bir sual qoydu, Siz İsrailin bölgədə olduğunu iddia edirsiz, hanı İsrail? Təbii ki, bu sual da cavabsız qalacaq, çünki Tehranın öz böhtanlarına uyduracaq cavabı yoxdur. İkincisi, bir il öncəyədək işğalçı, indi isə separatçılar və revanşistlərlə, islam düşmənləri ilə əməkdaşlıq edən, bəyanatlar verən Tehran hansı haqqla İsrail-Azərbaycan əməkdaşlığına irad bildirə bilər? Müharibə dövründə İrandan Ermənistana silah-sursat, yanacaq və s. hərbi təyinatlı yüklər daşınırdı, İsrail isə haqqın yanında dayandı. İşğala, təcavüzə son qoyulmasından yana oldu. Bəli, İsrail bizim dostumuz, müttəfiqimizdir, lakin Ermənistan-İran münasibətlərinin əksinə, yəhudi qardaşlarımızla aramızda beynəlxalq hüquqa zidd, sabitliyi və təhlükəsizliyi təhdid edən heç bir münasibət yoxdur. İsrail-Azərbaycan əməkdaşlığı heç bir dövlətə yönəlməyib, heç kimin ərazi bütövlüyünü təhdid etmir,  bölgədə sülh və sabitliyin möhkəmlənməsində mühüm rola malik olmaqla beynəlxlaq hüququn prinsiplərinə uyğun inkişaf edir".

Deputatın sözlərinə görə, İran Azərbaycana rəqib kimi baxmamalıdır: “Başa düşməlidir ki, qarşımızda durmaqla, bir neçə səviyyəsiz təfəkkür sahibinin sərsəm bəyanatları ilə yalnız özünə problem yaradır. Cənab İlham Əliyev dəfələrlə vurğulayıb, hətta 3+3 formatı irəli sürməklə Tehrana başa salıb ki, sizə qonşumuz kimi həmişə yanımızda yer var, indi şir-pələng cəngi dövrü deyil, gəlin əməkdaşlıq mühitindən faydalanın, birlikdə bölgə naminə, xalqlarımız naminə çox iş görə bilərik. Amma görünür, Tehran üçün əməkdaşlıq, bölgədə sülh və sabitlikdən daha vacib olan meyarlar var, ziyanını da özü çəkəcək. Bütün bunlara baxmayaraq, biz istənilən halda çoxəsrlik əlaqələrimizə, ortaq mədəniyyət və din amilinə əsaslanaraq əməkdaşlıqda ümidliyik və xalqlarımızın rifahı naminə münasibətlərimizin inkişafında maraqlıyıq".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top