"Qalib xalq daha yaxşı yaşamalı olduğunu tələb edəcək"


SOSİAL MEDİA 03 okt 2021, 16:04
Birinci Qarabağ savaşında Rusiyanın hərtərəfli dəstəyi ilə müvəqqəti qalib qəlib torpaqlarımızı işğal edən Ermənistan və erməni xalqı hərbi üstünlükdən başqa psixoloji üstünlük də qazanmışdı. Azərbaycanda özgüvən zədələndi, xalqın siyasi proseslədə iştirak həvəsi getdikcə azalmağa başladı (təbii ki, burada siyasi partiyaların da mənfi, uğursuzluqlarla dolu keçdikləri yol da ciddi rol oynadı). Məğlub xalq sindromu içimizə hopdu, uduzmuş xalqı idarə etmək getdikcə asanlaşdı, birinci Qarabağ məğlubiyyətinin acısı, ağrısı hər bir sahədə davranış kodlarımıza təsir etməyə başladı.

Son 14 ildə dünyanın müxtəlif ölkə və şəhərlərində beynəlxalq konfranslarda iştirak etmişəm, mövzular iqtisadiyyat, siyasət, regionumuzun gələcəyi olsa da həmişə qonşularımızın birinci Qarabağ savaşında qazandıqları müvəqqəti uğurun ədası ilə iştirak etdiklərini görmüşəm. İşğal davam etdiyi zaman hər tədbirdə onlar sülhdən danışaraq daha “cool” görünürdülər, ya da özlərini elə göstərirdilər. Kənardan onlar daha sivil təsir bağışlayırdı – Ermənistan nümayəndələri sülhdən, biz isə işğaldan danışırdıq, onlar “sülh” deyib artistlik etdikcə biz işğalın davamının fəsadlarını göstərməyə çalışsaq da, elə bir təəsürat yaranırdı ki, ermənilər sülh göyərçini, biz isə “revanşist” müharibə tərəfdarlarıyıq.

Uzun illər Ermənistan bu “hekayəni” dünyaya uğurla “sata” bilirdi. İndi tam tərsi vəziyyət yaranıb – Biz daha çox sülhdən, regional əməkdaşlıqdan, dostluqdan danışmalıyıq, danışırıq da, amma indi onlar kənardan “revonşist” müharibə tərəfdarları kimi görünürlər və bu taktikanı biz daha da inkişaf etdirməliyik. Bunun üçün cəmiyyətdə də ağrılı mövzuları açmaqdan çəkinməməliyik – Bu yaxınlarda mətbuatda Xankəndində yaşayan erməni əsilli azərbaycanlılara kommunal xidmətlərin gələcəkdə bizim təmin edəcəyimizi yazmışdım, video-müsahibələrdə demişdim, amma bir qrup hökumətyönlü və onların güzgüdəki tam əksi olanlar, amma özlərini güya onlara əks göstərməyə çalışanlar söyüş-təhqirlə üzərimə gəldilər.

İndi gələk mövzunun əsas hissəsinə: 44 günlük Vətən Savaşı, ikinci Qarabağ müharibəsi möhtəşəm hərbi qələbə ilə başa çatdı. Əsgərimizin bilək gücü və qurulan “de-facto”, “de-jure” ittifaqlar bizə hərbi qələbə bəxş etdi. Məntiqlə nə baş verməli idi – Bəli, bütün cəmiyyət, əsas da özlərini bu sistemə müxalif sayan siyasi-ictimai təşkilatlar bu hərbi qələbəni hakimiyyətdən daha çox tərifləməli, xalqın qələbəsi olduğunu hər addımda göstərməli, xalqın ÖZGÜVƏNİNİN özünə qayıtmasında öncül rol almalı idilər ki, QALİB XALQ davranışı və düşüncəsi yaransın. Nəticə etibarı ilə həmin yaranan qalib xalq davranış kodları siyasi aktivliyə gətirib çıxaracaq – bu mütləq baş verəcək. Qalib xalq özünə Mer, deputat, prezident seçməyə can atacaq, qalib xalq daha yaxşı yaşamalı olduğunu tələb edəcək. Amma biz nə görürük?! Görünən odur ki, özünü müxalif elan edən marginallaşmış bir qrup, tam tərsinə, həbri qələbənin önəmini azaltmağa, xalqda ruh düşgünlüyünü artırmağa çalışır, bəsit, primitiv tezislərlə hər gün ictimayyətin önünə çıxır. Düşünürlər ki, bu hərbi qələbənin təbliğatı İlham Əliyevin təbliğatı ola bilər deyə, güya, öz dar və qaranlıq dünyalarında buna qarşı çıxırlar (“Əliyev ölkəni satdı”, “İlham Əliyev ölkəni Putinə bağışladı”, “Torpağı ermənidən aldıq rusa verdik”, “Daha heç vaxt rus burdan çıxmayacaq”, tipli çıxışlarlar görürük) və bunu siyasi mübarizə kimi təqdim edirlər. Anlamırlar ki, tam tərs effekt yaradırlar – xalqın özgüvənini zədələyirlər, heç nəyin dəyişməyəcəyini aşılayırlar, xəyal qırıqlığı təblliğ edirlər.
Bir daha – Xalq qalib xalqdı, Xalq Müzəffər xalqdı, Xalqımız vətəndaşlıq tanımı olan azərbaycanlı anlayışı ilə öz oğullarının canı, qanı bahasına qəddini düzəltdi, başını dik tutmağa nail oldu və indi qalib xalq kimi daxili problemlərin həllində də aktiv olmalıdı. Təbliğat bu yöndə aparılmalı halda 30 ildi bu rejimin, sistemin möhkəmlənməsinə xidmət edən yanaşmanı davam etdirirlər, bu ya savadsızlıqdı, ya da elə əvvəldən bu sistemə xidmətkarlıqdı – bu məsələnin üçüncü izahı yoxdur!

P.S. Bu gün həm də Suqovuşan günümüzdür, cənnət torpaqlarımızı yağı düşməndən azad edən Xalqımız, həmin məkanda özgüvəninə də qovuşmağa başladı!
Natiq Cəfərli


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top