“Diasporun düzgün təşkilatlanması təkcə müharibə üçün deyil, gələcək üçün əhəmiyyətlidir”

DİASPOR 30 sen 2021, 17:24
“Milli həmrəylik, ümummilli məsələlərə hər bir vətəndaşın öz məsələsi kimi yanaşması hər zaman aktualdır. 44 günlük Vətən müharibəsində qalibiyyəti şərtləndirən məsələlərdən biri də milli həmrəyliyimiz oldu. Həm Azərbaycan cəmiyyətinin, həm də xaricdə yaşayan azərbaycanlıların bir olması, həmrəylik nümayiş etdirməsi qələbədə əhəmiyyətli rol oynadı”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib.

Deputat diasporun inkişafı və dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində mühüm addımların atıldığın qeyd edib:

“Dövlət diasporla işə böyük diqqət yetirir. Hətta Heydər Əliyevin dövründə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Sonradan isə bu komitənin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Hazırda komitəyə gənc, dünyada gedən prosesləri izləyə və dəyərləndirə bilən Fuad Muradov rəhbərlik edir. Azərbaycan diasporunun düzgün təşkilatlanması təkcə müharibə üçün deyil, indiki və gələcək dövr üçün əhəmiyyətlidir. Diaspor quruculuğu, Azərbaycanın və məsələlərimizin dünyada işıqlandırılması milli vəzifədir. Bu, birdəfəlik həll edilə bilən, yaxud bir dəfə nəticə əldə etdikdən sonra dayana biləcəyimiz məsələ deyil. Azərbaycanlıların həmrəyliyinə cəmiyyətin ciddi yanaşması çox vacibdir. Cəmiyyətin hər bir fərdi bu məsələdəki məsuliyyətini anlamalı və bu fəaliyyətdə iştirak etməlidir”.

Deputat bildirib ki, bu istiqamətdə hər zaman inkişaf etmək mümkündür və zərurətdir:

“Diaspor və həmrəylik istiqamətində görülən işlər yüksək qiymətləndirilir, lakin daha çoxunu və daha yaxşısını etmək üçün hər zaman lazımi resurs var. Xüsusilə, xaricdəki gənc azərbaycanlılarla əlaqənin gücləndirilməsi, Azərbaycandakı proseslər haqda dünya azərbaycanlılarına məlumatın çatdırılması bundan sonra da vacib məsələdir. Bu istiqamətdə görülən və həmçinin, görülə biləcək çox iş var. Bizim bu sahədəki mübarizəmiz bundan sonra da davam etməlidir. Bunun üçün diaspor təşkilatlarımız və dünya azərbaycanlıları bu milli vəzifəni yerinə yetirməlidir”.

“Hazırda Azərbaycanın informasiya mübarizəsi davam etməkdədir və bu məsələdə, xüsusilə, diasporun üzərinə böyük yük düşür. 90-cı illərlə müqayisədə hazırda Azərbaycan diasporu səfərbər olunmuş və mərkəzləşmiş şəkildə fəaliyyət göstərir”. 

Bu fikirləri saytımıza açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov bildirib.

O, Azərbaycan diaspor təşkilatlarının müharibə dövründə daha mərkəzləşmiş fəaliyyət göstərdiyini vurğulayıb:

“Azərbaycan diasporunun fəaliyyətinin əyani şahidi olduğum üçün əminliklə deyə bilərəm ki, müharibədən əvvəlki dövrlə müqayisədə ciddi dəyişikliklər var. Həm İkinci Qarabağ müharibəsi dövründə, həm də müharibədən sonra diasporla iş daha təkmilləşib. Lakin hələ də görüləcək işlər var. İlk növbədə, xaricdə yaşayan azərbaycanlılar arasında informasiya mübadiləsini və əlaqəni təşkil etmək lazımdır. Onların Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılmasına cəlb etmək prosesinin intensivləşməsinə ehtiyac var. Bəzi ölkələrdə yaşayan azərbaycanlılar, ümumiyyətlə, bu prosesə qoşulmayıb. Onlarla bu istiqamətdə iş görülməli, həm səfirliklər səviyyəsində, həm də diasporun prosesə müdaxiləsi ilə həmin azərbaycanlılar prosesə qoşulmalıdır”. 

Ekspert qeyd edib ki, post-münaqişə mərhələsində və gələcək dövrdə də xaricdə yaşayan azərbaycanlıların həmrəylik nümayiş etdirilməsi, Azərbaycan diasporunun inkişafı vacib məsələdir:

“Bu baxımdan digər vacib nüans Azərbaycan diasporunun xarici dövlətlərin dövlət qurumları ilə sıx təmasının təşkil edilməsi ilə bağlıdır. Bu, diaspor quruculuğu və lobbiçilik üçün vacib məqamdır. Müharibə dövründə ABŞ-da senatorların və konqresmenlərin Azərbaycanın əleyhinə qərar verməsinin və sərsəm bəyanatlarının şahidi olduq. Bu, erməni lobbisinin ABŞ-da kifayət qədər güclü və siyasi dairələrlə yaxın təmasda olması ilə bağlıdır. 

Bu baxımdan düşünürəm ki, Azərbaycan diasporu da prioritet olaraq fəaliyyət göstərdiyi ölkələrdə siyasi elita ilə yaxın əlaqələrin təşkilini və daimi əlaqələrin qurulmasını və inkişafına fokuslanmalıdır. Diaspor təşkilatlarının yuxarı dairələrlə sıx əlaqələr qurması, onların prosesdə fəal iştirakını təmin etməsi Azərbaycan diasporu üçün prioritet istiqamətlərdən biri olmalıdır”.

Aygül Qarayeva

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

No description available.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top