Ukraynanın ekspert və jurnalistləri Azərbaycana müraciət ünvanladılar

QARABAĞ 27 sen 2021, 11:45
Ukraynalı ekspertlər və jurnalistlər Azərbaycanın Vətən müharibəsinin (II Qarabağ savaşı) başlanmasının ildönümü ilə bağlı müraciət ünvanlayıblar.

Tanınmış hərbi ekspert Yuriy Koçevenko tərəfindən “Report”un Şərqi Avropa bürosuna təqdim olunan müraciətdə 27 sentyabr 2020-ci ildə Azərbaycanın əks-hücum əməliyyatı ilə başlayan və qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsində həlak olan hərbçilər ilə yanaşı, mülki insanların, o cümlədən müharibədən sonra minaların partlaması nəticəsində həlak olan jurnalistlərin xatirəsi ehtiramla yad edilir.

“Biz müharibənin gedişini və ondan sonrakı prosesləri yaxından izlədik. Azərbaycan da Ukrayna kimi separatizmdən, ərazilərinin işğalından əziyyət çəkirdi. Ötən il sentyabrın 27-də başlayan 44 günlük savaş ərzində təmas xəttindən savayı Azərbaycanın Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Gəncə, Bərdə, Mingəçevir, hətta cəbhə bölgəsindən yüz, iki yüz kilometr arxada yerləşən Qəbələ, Siyəzən, Xızı və digər şəhərlər də hədəf seçildi. Bu hədəflərin bir çoxunun gerçəkləşməsi nəticəsində aralarında körpə uşaqlar olmaqla mülki insanlar həlak oldu. Biz həlak olan hərbçilər ilə yanaşı onların da ailələrinə, Azərbaycan xalqına başsağlığı veririk. Onların qanı bahasına Azərbaycan suverenliyini bərpa etdi, Qarabağ münaqişəsi bitdi. Bu gün də eyni problemi Ukrayna Donbasda suvreneliyinə qarşı təcavüzü yaşayır, işğal bizə qarşı davam edir. Vətən uğrunda həlak olan azərbaycanlı bacı və qardaşlarımızın ruhu bizə güc verir ki, biz də tezliklə Donbası, Krımı geri qaytararaq Ukraynanın ərazi bütövlüyünü bərpa edəcəyik. Vətən uğrunda bütün həlak olan azərbaycanlı qardaş və bacıların xatirəsini ehtiramla yad edirik”,- müraciətdə bildirilir.

Müraciət Ukraynanın tanınmış yazıçısı, ehtiyatda olan zabit Vladimir Çepovoy, ehtiyatda olan polkovnik, tanınmış hərbi jurnalist, "Armiya İnform"un xüsusi müxbiri, Ukrayna HQ-nin Baş Qərargahının sabiq spikeri Vladislav Voloşin, “Qeyri-sistem fəaliyyətlərinin həyata keçirilməsi və təhlili” Sosial Mərkəzinin Tədqiqat layihələrinin rəhbəri Dmitri Qromakov, ehtiyatda olan zabit, “Çernım po belomu” İnformasiya Agentliyinin Baş redaktoru Ruslan Orucov, ATO veteranlar Assosiasiyasının rəhbəri Yuriy Lomov tərəfindən təqdim olunub. Müraciətə həmçinin “Levıy Bereq” İnformasiya Agentliyinin tanınmış jurnalisti Andrey Olenin də qoşulub.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top