Azərbaycanlıların Rusiyaya növbəti axını ola bilər — Moskva şərtləri asanlaşdırdı

SOSİAL 24 sen 2021, 21:07
Rusiyada əmək miqrantları üçün qeydiyyat prosesi asanlaşıb. Ölkədə mobil tətbiq hazırlanıb və proqramın 2022-ci ilə kimi istifadəyə verilməsi planlaşdırılır. Bunun köməyi ilə miqrantlar sənədlərini qeydiyyatdan keçirə və iş axtara biləcəklər. Bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk açıqlayıb.

Maraqlıdır, Azərbaycandan Rusiyaya işçi qüvvəsi ilə bağlı axın sürətlənəcəkmi?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasınn rəhbəri Sahib Məmmədov Bizim.Media-ya bildirib ki, daha cəlbedici işlər və onu asan əldə etmək imkanı yaranarsa, Azərbaycandan Rusiyaya nisbi işçi axını başlaya bilər:

“Rusiya əmək miqrantlarına ehtiyacı olan ölkələrdəndir. Pandemiya dövründə bu ehtiyac 12 milyon nəfərdən çox idi. Baxmayaraq ki, bu ölkə  BMT-nin əməkçi miqrantlar və onların ailə üzvülərinin müdafiəsi haqqında konvensiyaya qoşulmayıb, orada bir qədər miqrantların qəbulu asandır. Rusiyada icazəni iş axtaran miqrantın özü alır. Azərbaycanda isə işəgötürən əcnəbi və yaxud vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi alır ki, bu daha mürəkkəbdir”.

Sahib Məmmədov qeyd edib ki, Rusiyada postpandemiya dövründə nisbi inkişaf prosesi başlayıb. Yeni canlanma fonunda miqrantlara ehtiyac yaranıb. Bu səbəbdən də asanlaşmaya gedilir: 

“Sadəcə olaraq Rusiyada miqarantlar üçün kvota bir neçə prinsip əsasında müəyyən olunur. Məsələn, Moskva üçün mövcud olan kvota sistemi ilə Vladivostok, yaxud Krasnodar üçün fərqli ola bilər. Azərbaycanda işçi qüvvəsinin artıqlığı var və əhalinin 64 faizi əmək qabiliyyətlidir. Bu böyük göstəricidir. Hansı ki, nə Avropada, nə də Rusiyanın özündə belə göstərici yoxdur. Çünki Azərbaycanda əhalinin yaş tərkibi cavandır”. 

Hüquq müdafiəçisi ölkəmizdə doğumun səviyyəsinin də MDB məkanında və dünyada ən yüksək yerlərdən birində qərarlaşdığını vurğulayıb:

“İldə hər 1000 nəfərə 8,4 artım var. Rusiyada müsbət mühit formalaşsa, çox güman ki, Azərbaycandan ora axın sürətlənə bilər. Amma onu da nəzərə almalıyıq ki, Vətən müharibəsindəki zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə ciddi quruculuq işləri həyata keçirilir və özümüzdə də iş yerlərinə ehtiyac yarana bilər”. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top