Deputat: "İranın Azərbaycanla dostluqdan başqa variantı yoxdur"

GÜNDƏM 21 sen 2021, 17:05
“Ermənistan hazırda sülh müqaviləsi imzalamaqdan yayınır, çünki sülh müqaviləsini imzalamaq üçün ilk növbədə ərazi bütövlüyümüzü tanımalı, qondarma dövlət iddialarından əl çəkməlidir. Vətən müharibəsinin nəticəsi bunu şərtləndirib, amma Ermənistan bu məsələlərdən hələ ki, yayınır, prosesu yubatmağa cəhd göstərir. Ermənistanın elə böyük bir gücü, potensialı, söykənəcəyi resursu yoxdur. Ona görə də, xaricdən müəyyən qüvvələrdən dəstək almağa çalışır. Ermənistan üçün o dəstəklərdən biri də İranın yardımıdır. İrandakı müəyyən dairələr də bu məsələdə Ermənistana dəstək olmağa çalışır, lakin İran bu məsələdə verdiyi bəyanatlara uyğun olaraq sərt mövqe tutmalıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib.

Deputat İranın müəyyən dairələrinin Azərbaycana qarşı aqressiv çıxışlarının iki ölkə arasındakı münasibətlərdə qəbuledilməz olduğunu qeyd edib:

“İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir. Vətən müharibəsində Azərbaycanı dəstəklədiyini elan edən İran vaxtaşarı müxtəlif səviyyələrdə dostluq münasibətlərinə dair bəyanatlar verib. Lakin son dövrlərdə İran tərəfindən atılan addımlar Azərbaycanda təəccüb doğurur. İran avtomobillərinin qanunsuz şəkildə yüklər daşıması ciddi məsələdir. Həmin yüklərin nədən ibarət olması ilə bağlı bizdə rəsmi məlumat yoxdur. Digər tərəfdən, İranın müəyyən tanınmış və səlahiyyətli nümayəndələrinin anti-Azərbaycan mövqeyindən çıxış etməsi dostluq münasibətlərinə uyğun olmayan məsələlərdir. Düşünürəm ki, İranda müəyyən dairələr Azərbaycan-İran dostluğunun nəinki möhkəmlənməsində, hətta bu dostluğun davam etməsində maraqlı deyil. Onlar Azərbaycana qarşı böyük qardaş kimi, Azərbaycanın daxili işlərinə qarışmaq ab-havasından çıxış etməyə çalışırlar. İranın Ermənistanla yaxın münasibətlər qurması, onu iqtisadi cəhətdən dəstəkləməsi də bundan qaynaqlanan məsələlərdir”. 

Deputat vurğulayıb ki, İrandakı bəzi dairələr Azərbaycanla münasibətləri korlayacaq bəhanə tapa bilməyəndə, hansısa məsələni ortaya atıb ondan istifadə etməyə çalışırlar:

“Belə hərəkətlər yolverilməzdir. Bu cür hərəkətlər qonşuluq və dostluq münasibətlərinə xələl gətirən məsələlərdir. Bu cür hərəkətlərinə baxmayaraq, Azərbaycan İrandan normal qonşuluq və dostluq münasibətlərini davam etdirməsini gözləyir. Ərazimizə qanunsuz daxil olan avtomobil şirkətlərinə qarşı ciddi tədbir görülməsini, İranın bəzi nümayəndələrinin Azərbaycana qarşı çıxışlarına rəsmi reaksiya bildirilməsini gözləyir. İranın Azərbaycanla dostluqdan başqa variantı yoxdur. Hər iki ölkə qədimdən bu ərazidə var olublar, tariximiz, oxşar mədəniyyətimiz olub. Azərbaycan heç bir zaman İrana qarşı hansısa kampaniyada iştirak etməyib, İranın daxili işlərinə qarışmağı məqbul hesab etməyib. Buna müvafiq olaraq İrandan da uyğun davranış gözləyib. İran bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirərək, dostluğa dair bəyanatlar verir, digər tərəfdən müəyyən dairələr münasibətləri pozmağa, Ermənistanı yenidən dirçəltməyə çalışır. Düşünürəm ki, bu məsələlərə İran ciddi diqqət yetirməli, məsələlər qısa zamanda öz həllini tapmalıdır”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top