Ədalətsiz dünyanın ədalətli işləri...

GÜNDƏM 20 sen 2021, 12:34
Parisdə oturub qripli burnunu Azərbaycanın daxili işlərinə soxan, Qarabağımızı ermənilərə peşkəş etməyə çalışan Emmanuel Makron son günlər ard-arda böyük siyasi-iqtisadi zərbələr almaqdadır...

Makron hazırda qızmış öküzə bənzəyir. 

Çünki Bayden Makrona qurşaqdan aşağı zərbələr endirməyə davam edir. Ən yaxın müttəfiqlərinə - o cümlədən Fransaya öncədən xəbərdarlıq etmədən birdən-birə öz qoşunlarını Əfqanıstandan çıxaran ABŞ prezidenti indi də yeni hərbi ittifaq yaratmaqla və Fransanın ən yaxın iqtisadi ortaqlarından ikisini (Avstraliya və İsveçrə) Fransa ilə böyük biznes müqavilələrini pozmağa sövq etməklə Makronu növbəti dəfə "oyundankənar" vəziyyətdə qoydu.

Bayden İngiltərə və Avstraliya liderləri ilə uzun sürən gizli danışıqlardan sonra dünən bu ölkələrlə yeni hərbi-iqtisadi ittifaqın yaradılmasına start verdi. AUKUS adlanan və üç dövləti (Avstraliya, İngiltərə və ABŞ) birləşdirən bu yeni hərbi pakt ilk növbədə Çinin artan iqtisadi və hərbi gücünü ram etməyə yönəldilib.

Bu paktın yaradılmasına start verilməsi dünəndən etibarən Fransanın bütün rəsmi şəxslərinin dərin hiddətinə səbəb olub.

Hazırda Fransa ilə ABŞ və Avstraliya arasında böyük gərginlik yaşanır. Çünki AUKUS-un yaranması ilə rəsmi Kanberra fransız atom sualtı gəmilərini almaq barədə müqavilədən imtina edib, əvəzində isə ABŞ-ın analoji gəmilərinin birgə istehsalına razılıq verib.

Beləliklə, Fransa milyardlarla dollarlıq kontraktdan məhrum edildi. Bu isə onsuz da krizis dövrünü yaşayan Fransa iqtisadiyyatına həddindən artıq ağır zərbədir.

Ancaq yaramaz Makrona qarşı sürprizlər bununla bitmədi. İsveçrə də Fransaya “atmaq” qərarına gəlib. Belə ki, İsveçrə Fransanın “Rafale” təyyarələrini almaqdan imtina edib və ABŞ istehsalı olan 36 ədəd “Lockheed Martin F35A” təyyarəsinin alınması barədə qərarı açıqlayıb. Beləliklə, Paris daha bir iri sifarişdən məhrum oldu. Nəticədə, İsveçrə və Fransa prezidentləri arasında planlaşdırılmış görüş də ləğv edilib.

Son günlər ard-arda baş verən bu hadisələr Makronu şok vəziyyətinə salıb. Qarşıdan növbəti prezident seçkiləri gəlir. Təkrar prezident seçilmək istəyən Makron ABŞ-ın bu qəfil sürprizlərindən sonra az qala başını itirmək dərəcəsinə çatıb. Fransanın Xarici işlər naziri Jan-İv Le Drian isə ABŞ-ı müttəfiqlərinə qarşı xəyanətdə ittiham edən açıqlamalar verməklə hirsini soyutmağa çalışır.

Bax belə.

Bizim işlərimizə başını soxmağa çalışan Makronun indi öz canının hayına qalıb. Ədalətsiz dünyada bəzən ədalətli işlər də baş verir.

Bəybala Mirzəyev
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top