“Qarabağdan qucaqlarda çıxan uşaqlar onu bu xalqa öz qucaqlarında qaytardılar” — İqbal Ağazadə

SİYASƏT 18 sen 2021, 19:58
“Təbrikiniz üçün çox sağ olun. Amma doğum günümü qeyd etmirəm, işdəyəm. Bu gün hələ şəhidlərimizin ili çıxmayıb, illəri çıxsın və onda bizə əziz olan günləri qeyd edəcəyik”
 
Bunu Moderator.az-a açıqlamasında bu gün doğum günü olan Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. İ.Ağazadə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbən danışıb və bunun Azərbaycan üçün yeni dövrün başlanğıcı olduğunu bildirib:
 
“44 günlük Vətən müharibəsi Azərbaycan insanı üçün yeni dövrün başlanğıcıdır. Qürurlu, məğrur insan, məğlubiyyətdən yaxa qurtarmış, diz üstündə olub ayağa qalxan bir insan kimi də. Ədəbiyyatımız, şeirimiz, sənətimiz, musiqimiz, kinomuz üçün yeni bir dövrdür. Millət əslində bu cür qalibiyyətlərdən yaxşıya doğru yeni mərhələdə formalaşmağa başlayır. Pislər, məğlubiyyətlər millətləri kölə, qorxaq, ədəbiyyatını, sənətini ağlayan bir hala gətirir. Qalibiyyət isə ondan yaxşı epopeyalar, qəhrəmanlıq dastanları yaradır, yaxşı sənət əsərləri ortaya çıxarır. Hesab edirəm ki, bu qalibiyyət və torpaqlarımızın böyük bir qisminin işğaldan azad olunması bizim tariximizin ən şanlı, millətimizin həyatında, təfəkküründə, düşüncəsində, yaşam tərzində dönüş nöqtələrindən biridir”.
 
İ.Ağazadə Gorus-Qafan yolunda Azərbaycan polisinin qondarma rejimin “bayrağ”ını maşının üstündən süngüylə qoparmasına da münasibət bildirib:
 
“Bu bir əsgərin, polisin, vətəndaşın, insanın məğrurluğundan, qürurundan, məğlubedilməzliyindən və yeni insanın obrazından doğan hərəkətdir. Qorxmadan, çəkinmədən, millətinə sahib çıxan, onun ərazisində sahiblik etmək istəyən birinə cavabıdır. Bir il bundan əvvəl Azərbaycanda bunu edə bilən çox az adam var idi, biz gözüqıpıq, başıaşağı, məğlub idik. Məğlubiyyət yetimdir, məğlubiyyət insanı çox əzir, kiçildir, formalaşmağa qoymur, insanı kölə, qul psixologiyasında böyüdür. Bizim bir nəsli az qala bu şəkildə əzmək istəyirdilər və şükürlər olsun ki, Qarabağı görməyənlər, ordan qucaqlarda çıxan uşaqlar bu gün Qarabağı bu xalqa öz qucaqlarında qaytardılar”.
 
Pariya sədri ermənilərin Gorus-Qafan yoluna alternativ yol çəkməsi məsələsinə də toxunub:
 
“Hələ xatirinizdədirsə, Avropa Birliyinin rəhbəri Ermənistana gələndə 2,6 milyard vəsaitin Gorus-Zəngəzur istiqamətində xərclənəcəyilə bağlı bəyanat vermişdi. Çox güman ki, yeni alternativ yolun çəkili işə bağlı da orda nəzərdə tutulan bir maliyyə mənbəyi var və Avropa Birliyi tərəfindən Ermənistana ayrılan o vəsaitin içindən həmin yola da xərcləyəcəklər. Hər halda Ermənistan maşınlarına biz əngəl törətmirik. Bu keçən ilin dekabrında aparılan müzakirələrdə əldə edilən razılıqdır. Lakin o razılıqda xarici maşınların Azərbaycan ərazisindən keçidi və onun torpaqbasdı verməməsiylə bağlı elə bir şərt yoxdur. Bu gün daha çox İrandan gələn maşınların həmin ərazilərdən keçməsinə görə Azərbaycan tərəfi torpaqbasdı istəyir və haqlıdır, çünki Azərbaycan ərazisindən 21 kilometr yol keçir və bu məsafəni keçən maşınlar torpaqbasdı verməlidirlər. Bu isə tam Azərbaycan Respublikasının gömrük, sərhəd xidməti, o cümlədən Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara tam adekvatdır və qanunidir. Azərbaycan öz haqqını alır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top