"Hazırda Azərbaycan mətbuatında demokratik mühit yaranıb"

MEDİA 12 sen 2021, 17:36
“Media araşdırma aparmalı, problemləri aşkarlamalı, auditoriyanı məlumatlandırmalı, maarifləndirməli, həm də ictimai nəzarət funksiyasını həyata keçirməlidir. Əsas məqam da budur ki, Azərbaycan mediası bu gün bu funksiyaları yerinə yetirə bilir. Ölkədə alternativ informasiya mənbələrinin mövcud olması söz və ifadə azadlığını böyük mənada təmin edir. Amma bəzi məqamlar var ki, onlar da nəzərə alınmalıdır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqı sədri Müşfiq Ələsgərli bildirib.

Media eksperti, Prezident İlham Əliyevin iradəsi ilə 2018-ci ildən etibarən ölkədə genişmiqyaslı islahatlar həyata keçirildiyini xatırladıb:

“Yeni islahat dalğasının əsasında modernləşmə və şəffaflaşdırma amili dayanır. Şəffaflığın təmin edilməsində isə bir nömrəli təminatçı mediadır. Cənab Prezident islahatlar dalğasının ilk mərhələsindən elan etdi ki, media islahatlar dalğasına təkan vermək, burada avanqard rolunu oynamaqla yanaşı, özü də dəyişməlidir, media sənayesinin özündə də islahatlar aparılmalıdır. Yəni, medianın özündə də bəzi problemlər mövcuddur və bu problemləri aradan qaldırmadan onun cəmiyyətdə avanqard rolunu təmin etmək mümkün deyil. Başladılmış islahatlar dalğası bu problemlərin bir qismini aradan qaldırmaq üzrədir, digər qisminin həlli isə zaman alacaq. Çünki medianın üzləşdiyi problemlərin müəyyən hissəsi lokal deyil, qlobal xarakterlidir, onların həlli üçün qlobal təşəbbüslər olmalıdır. Hazırda medianın lokal problemlərinin həlli istiqamətində sürətli işlər gedir”.

Ekspert qeyd edib ki, dövlətin media siyasətinin özü də dəyişir, yenilənir: 

“Dövlətin media siyasətini icra edən strukturlar da yenilənib, Medianın İnkişafı Agentliyinin simasında yeni struktur formalaşıb. Bu struktur çevikdir, yeni çağırışlara adekvat reaksiya verir, problemlərin həlli üçün tədbirlər görür. İkinci bir məqam odur ki, hakimiyyət nümayəndələrinin mediaya münasibəti yenilənir, interaktiv münasibətlər qurulmasına üstünlük verilir. İnformasiya əlçatımlığı problemi medianın üzləşdiyi problemlər sırasında ilk yerlərdə dayanır. Hazırda bu problemin aradan qaldırılması üçün Azərbaycanda yeni modellər tətbiq edilir. 

Məsələn, nümunə olaraq deyək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah informasiya təminatı baxımından yeni modeldir, KİV üçün fürsət yaradır. Operativ Qərargahda pandemiya dövründə dövlət qurumlarının, rəsmi şəxslərin iştirakı ilə gündəlik brifinqlərin keçirilməsi, jurnalistlərin suallarının operativ cavablandırılması göstərdi ki, informasiya ilə iş Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. 

Növbəti nümunə kimi 44 günlük müharibə dövründə qurulan “Hərbi informasiya mərkəzi”ni göstərə bilərik. Həmin mərkəz döyüşlərin aktiv dönəmində KİV-in operativ və etibarlı informasiya mənbələrinə çıxışını təmin etdi. Son dönəmdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın KİV-lə canlı təmaslarının intensivləşməsi diqqət çəkir”.

M.Ələsgərli əksər yerli və mərkəzi icra orqanları hələ də informasiya işini qura bilmədiklərini vurğulayıb:

“Bu, medianın işini çətinləşdirir, dövlətin yeni media siyasətinə xələl gətirir. Jurnalistlər ən adi bir informasiyanı dəqiqləşdirmək üçün günlərlə telefon dəstəyindən asılı vəziyyətdə qalırlar, nəticədə dövlət qurumundan lazımi informasiyanı ala bilmir, əvəzində şayiə, ehtimal xarakterli informasiyalar yayırlar. Son dövrlərdə həyata keçirilən proseslər fonunda diqqətçəkən məqamlardan biri də media qanunvericiliyinin təkmilləşdirilməsi, media haqqında yeni qanunun qəbul edilməsinə hazırlıq aparılmasıdır. 

Prezident İlham Əliyevin "Media sahəsində islahatların daha da dərinləşdirilməsi" yönündə sərəncamına uyğun olaraq, "Media haqqında" yeni qanun layihəsi hazırlanır. Qanunun önəmi budur ki, o, yeni media subyektlərini, internet media subyektlərini də əhatə edəcək. Yeni media subyektləri 30 ilə qədərdir ki, bizim informasiya məkanında yer tuturlar, informasiya dövriyyəsində 50 faizdən çox paya malikdirlər. Amma təəssüf ki, indiyədək onların hüquqi statusları müəyyən edilməmişdi, fəaliyyətlərində problemlər yaranırdı. Yeni qanun bu problemləri aradan qaldıracaq. Təəssüf ki, bu sahədə ciddi problemlər mövcuddur. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, son iki il müddətində Azərbaycanda KİV-in reklam dövriyyəsi 7-10 milyon manat aralığında olub. Nəzərə alaq ki, rəsmi qurumlar ölkədə 6 minə qədər KİV qurumunun olduğunu bildirirlər. Ölkədəki reklam dövriyyəsini KİV-in sayına nisbətdə götürsək, hər KİV qurumu üçün təqribən 100-150 manat civarında rəqəm alınır. Bu, gülünc bir rəqəmdir. Beynəlxalq praktikaya görə, KİV-in ümumi maliyyə dövriyyəsinin ən azı 75 faizi reklam və elan gəlirlərindən formalaşmalıdır. Bu gün Azərbaycanda bu gəlirlər yoxdur və KİV-in işinə ciddi problemlər yaradır. Ölkədə reklam işi səhmana salınmalı, KİV-in maliyyə müstəqilliyi təmin olunmalıdır. Maliyyə müstəqilliyi təmin edilməyincə, KİV-in müxtəlif iqtisadi-siyasi qruplardan asılılığı da qalmış olur. Bu isə siyasiləşmə amilini stimullaşdırır. Siyasiləşmə amili yüksək olduqca, biz KİV sahəsində peşəkarlıqdan, etik kodeksə sayğıdan danışa bilmirik. Maliyyə mənbəyinin zəifliyi, iqtisadi-siyasi qruplardan asılılıq, siyasiləşmə amili KİV-in ictimai nəzarət funksiyasını tam gücü ilə yerinə yetirmələrinə mane olur. Ümid edirik ki, başlanmış islahatlar dalğası fonunda yaxın zamanlarda bütün bu problemlərin həll edilməsinin şahidi olacağıq".

“Səs” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bəhruz Quliyev saytımıza açıqlamasında ölkədə fikir və söz azalığının təminatı ilə bağlı müsbət meyllərdən danışıb.

“Azərbaycanda fikir plüralizmi, söz azadlığı təmin olunub. Konstitusiyamızın 30 faizində insanların söz, ifadə azadlığı əks olunub. Bu o deməkdir ki, dövlətin prioritet istiqamətlərindən biri söz və fikir azadlığını qorumaq, ona zəmanət verməkdir”.

Müsahibimiz fikir azadlığı ilə bağlı beynəlxalq konvensiyalarda nəzərdə tutulan hüquqi-normativ aktların Azərbaycanda yerinə yetirildiyini deyir: 

“İnkişaf davamlı prosesdir, ona görə də, zaman-zaman bu prosesi sürətləndirmək üçün Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklər olunur, yeni qanunlar qəbul edilir. Azərbaycan hazırda söz azadlığı ilə bağlı beynəlxalq konvensiyaları təmin edə bilir. Mətbuat azadlığına gəldikdə, mətbuat orqanının qeydiyyatı sərbəstdir, bununla bağlı ciddi problemlər yaradılmır. Vətəndaş cəmiyyətinin inkişafına mətbuat da ciddi təsir göstərir. Hazırda Azərbaycan mətbuatında demokratik mühit yaranıb. Bu mühitin fonunda həm də rəqabət mühiti formalaşır. 

Medianın İnkişafı Agentliyinin də əsas məqsədlərindən biri medianın sərbəst inkişafına stimul verməkdir. Məlum olduğu kimi media  ilə bağlı yeni qanunun qəbulu müzakirə edilir. Medianın İnkişaf Agentliyi də söz, fikir azadlığının təmin olunmasında maraqlıdır və üzərinə düşən işin öhdəsindən gəlməyə çalışır. Digər tərəfdən, artıq böyük media qrupları yaranıb. Belə qrupların sayının artması dövlətin medianın inkişafında maraqlı olduğunu, media ilə bağlı müasir çağırışlara Azərbaycan mətbuatının da qoşulduğunu göstərir. Artıq Azərbaycan mediası dünyaya açılıb”. 

Aygül Qarayeva
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


No description available.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top