"Ermənistan baş verənlərdən nəticə çıxarmalıdır" — Deputat

GÜNDƏM 07 sen 2021, 12:03
"İlk dəfə deyil ki, Ermənistan ictimaiyyətində sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələr aparılır. Vətən müharibəsindəki qələbədən sonra da Ermənistanın siyasi rəhbərliyi, cəmiyyəti bu məsələni geniş müzakirə edirdi, amma sonradan bu mümkün sülh danışıqları arxa plana keçdi".
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. 
 
O, Ermənistanın sülh müqaviləsinin imzalanması ilə bağlı açıqlamalarında səmimi olmadığını qeyd edib:
 
"Son zamanlar Ermənistan tərəfinin Rusiya ilə birlikdə status məsələsini qabartdığını müşahidə edirik. Bir neçə gün əvvəl Ermənistan Xarici İşlər naziri rusiyalı həmkarı ilə görüşdə müqavilə məsələsini inkar etdi, həmçinin, bildirdi ki, bu istiqamətdə heç bir danışıq aparılmır. Ona görə də, Ermənistan tərəfinin sülh müqaviləsinin imzalanması ilə bağlı açıqlamalarını səmimi qəbul etmirəm. Düşünürəm ki, Ermənistanın bu istiqamətdə addımlar atmaq istəyi inandırıcı deyil. 

Digər tərəfdən, Ermənistan hazırkı ağır vəziyyətindən çıxmaq üçün Türkiyə ilə münasibətlər qurmaqda, sərhədlərin açılmasında maraqlıdır. Ermənistan tərəfinin bu istiqamətdə daha maraqlı olması, addımlar atmaq istəyi reallıqdır. Fikrimcə, Ermənistan sülhlə bağlı açıqlamaları ilə bu prosesə təkan vermək istəyir. Sülh açıqlamaları həm Ermənistanda ictimai rəyin öyrənilməsinə, həm də Türkiyə ilə münasibətlərin bərpasına hesablanıb. Ermənistan sülh istəsəydi, fərqli mövqe tutardı və biz hazırda proseslərdə fərqli yanaşmanı müşahidə edə bilərdik. Təəssüf ki, biz hələ də Ermənistanın mövqeyində və açıqlamalarında ziddiyyət müşahidə edirik. Qarşı tərəf tez-tez mövqelərimizi atəşə tutur, təxribatlar törədir. Bu, Azərbaycan tərəfində ciddi suallar doğurur. Düşünürəm ki, Ermənistan öz mövqeyini bir daha gözdən keçirməli və baş verənlərdən nəticə çıxarmalıdır".
 
Aygül Qarayeva 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top