"Erməni terrorunu beynəlxalq ictimaiyyətə çatdırmaq üçün vahid informasiya mühiti qurulmalıdır"

SİYASƏT 04 sen 2021, 17:32
Azərbaycan bütün beynəlxalq hüquq və normalara əsaslanaraq öz ərazi bütövlüyünü bərpa etmək üçün 44 günlük müharibədə bərpa etdi. Təəssüf ki, Azərbaycan Ordusunun mübarizəsini yalnız hərb meydanında apardığı vaxtda Ermənistan öz terror niyyətlərini növbəti dəfə göstərdi. Gəncəyə, Bərdəyə, Tərtərə qadağan olunmuş silahlarla atəşə tutan Ermənistan insanlıq əleyhinə növbəti cinayətinə imza atmış oldu. Müharibə dövründəki terror və cinayətləri Ermənistanın təkcə region üçün deyil, bəşəriyyət üçün təhlükəli terror qurumu olduğunu sübut etdi. 


Ermənistanın müharibə dövründəki cinayətləri və bu cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması post-müharibə dövründə də aktual məsələlərdəndir.
Milli Məclisin deputatı Arzu Nağıyev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında münaqişədən sonrakı dövrdə də Azərbaycanın informasiya müharibəsinin davam etdiyini bildirib:

“Ermənistan tarix boyu terror dövləti olduğunu dəfələrlə sübut edib. İstər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük müharibədə bu qurum öz terror niyyətlərini bir daha göstərdi. Xocalı soyqırımı kimi hadisəni törədən qurumun nümayəndələri müasir cəmiyyətə, qanunlara sığmayan terror aktlarına yenidən imza atdı. Hər zaman terror, nifrət hissləri ilə bəslənən ermənilər bu “siyasət”lərini davam etdirməkdən çəkinmirlər. Azərbaycana, ümumilikdə türklərə qarşı nifrət bəsləyən ermənilər “ən yaxşı türk terrora məruz qalmış türkdür” deməyə davam edirlər. Ermənistan bu addımı ilə terror dövləti olduğunu sübut edir. 44 günlük müharibədə - Azərbaycanın hərb meydanında vuruşduğu bir zamanda ermənilər Gəncədə, Bərdədə insanlıq əleyhinə cinayətlər törətdi. Təəssüflər olsun ki, bu terror aktlarına dünya dövlətləri, beynəlxalq təşkilatlar səssiz qaldı. Onların ikili standartları, qeyri-hüquqi yanaşmaları bu cinayətlərə real münasibət bildirməyə imkan vermədi. Lakin Azərbaycan öz mübarizəsini davam etdirir. Müharibə dövründə olduğu kimi, post-münaqişə dövründə də erməni terrorunun, Ermənistanın törətdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün informasiya müharibəsi davam edir”. 

“Dinc Dünya” Araşdırma Mərkəzinin sədri, “Konflikt jurnalistikası məktəbi”nin qurucusu Əlisəfa Mehdiyev saytımıza açıqlamasında ermənilərin əsas məqsədinin məhz terror dövləti qurmaq olduğunu qeyd edib:

“Terror hər hansı məqsədə çatmaq üçün zəif tərəfin qeyri-qanuni üsullarla zorakılığın, gücün, hədənin tətbiq edilməsidir. Terrorla dövlət qurmaq, yaxud onu yaşatmaq, güclü dövlətə çevirmək mümkünsüzdür. Bunu ermənilərin son 200 illik çabasında gördük. Müharibə bütün hallarda insanlıq əleyhinədir. Ancaq döyüşün də bir növ əxlaqı olur. Bu əxlaqı ortaya qoymağı hər millət bacarmır. Ermənilər dövlət qurmaq, ona vəd edildiyi kimi ərazilərini genişləndirmək üçün hər vəhşi vasitələrə əl atıblar və atırlar. Ermənilər bütün tarix boyu daha güclü himayəçi axtarıblar. Onları durdurmağın bircə yolu var – indiyəqədərki himayəçilərindən qopartmaq. İndiki proses ona doğru gedir”.

Ermənistanın xarici ölkələrdəki diaspor şəbəkələrinə toxunan Ə.Mehdiyev qeyd edib ki, münaqişənin bitməsinə baxmayaraq, Azərbaycan beynəlxalq informasiya müharibəsindəki mübarizəsini davam etdirməli, ermənilərin azərbaycanlılara qarşı törətdiyi terroru beynəlxalq ictimaiyyətə çatdırmaq üçün vahid informasiya mühiti qurmalıdır:
“Zamanın mürəkkəb çağırışları ölkəmizdə mənəvi bütövlüyü, milli həmrəyliyi həyati zərurətə çevirir. Bu prosesin əleyhinə davranışlar, yaxud fəaliyyətsizlik cəmiyyətin mənəvi-intellektual gücünün zəifləməsinə səbəb olur. Mənəvi-intellektual gücün möhtəşəmliyi isə yetərincə məlumatlı olmaqdan yaranır. 

Ermənilərin xarici ölkələrdəki diasporları Azərbaycana qarşı informasiya savaşı aparan böyük bir şəbəkə yaradıblar. Bu şəbəkənin əhatə və təsir dairəsi xeyli genişdir. Bura müxtəlif ölkələrin aparıcı mətbu orqanlarında çalışan, bəzən öz mənşəyini gizlədərək başqa familiyalarla çıxış edən erməni əsilli jurnalistlər, diasporun təsiri altında olan xarici mətbuat orqanları, informasiya vasitələri, teleradio kompaniyaları və s. daxildir. Onların bu anti-Azərbaycan fəaliyyəti çoxlu maliyyə dəstəyi ilə koordinasiya edilir. Bundan başqa, əsasən erməni lobbisinin təsiri altında olan, onların pulu ilə maliyyələşən bəzi xarici ölkələrin qeyri-hökumət təşkilatları, tanınmış mədəniyyət və ictimai-siyasi xadimləri və s. qüvvələr də ölkəmizin əleyhinə informasiya mübarizəsinə qoşulublar.

Rusiya telekanalları Azərbaycanın daxili həyatında baş verən hər bir hadisəni son detallarınacan izləyir, analiz edir və hər dəfə də bizə təsir imkanlarını göstərirlər. Rusiya təbliğata ayırdığı dövlət xərclərinə görə dünyada birinci yeri tutur. Rusiya, İran, Ermənistan, Fransa qəzet-jurnalları və TV kanallarının Azərbaycana qarşı informasiya hücumları, demək olar, elansız savaşa bənzəyir. Medianın informasiya silahı qısa zaman içində bütün dünyaya yayıla bilir, lazım olan müdafiəni, yaxud hücumu öncədən təşkil edir, dünya insanlarının şüurunda da yönəldici effekt yarada bilir. Biz, öz dövlətinə sərf edən manevrləri daha çox qonşu ölkələrin təcrübələrində izləyirik.
Nəzərə alınsa ki, Ermənistan hökuməti bütün daxili potensialını, o cümlədən dünya erməni diasporunun maddi və ideoloji resurslarını, intellektual vasitələrini məqsədyönlü şəkildə anti-Azərbaycan təbliğatına yönəldib, o zaman qlobal və virtual informasiya məkanında ölkənin ideoloji və informasiya təhlükəsizliyi sahəsindəki mübarizəsinin əhəmiyyətini anlamaq çətin olmaz.

Beləliklə, milli təhlükəsizliyimizin əsas problemlərindən biri beynəlxalq mediada Azərbaycanın maraqlarının müdafiəsi üçün vahid informasiya siyasətinin, milli informasiya mühitinin yaradılmaması, informasiya savaşlarında iştirak etməməsi problem olaraq qalır”.

Aygül Qarayeva

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
No description available.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top