Şuşanın Baş planının detalları açıqlandı — VİDEO

İNFRASTRUKTUR 01 sen 2021, 08:56
Məlumat verdiyimiz kimi Şuşa şəhərinin Baş planı hazırlanıb. Baş plan hazırlanarkən şəhərin tarixi əzəməti əsas götürülüb, bütün yeni layihələr tarix ilə müasirliyin vəhdəti üzərində qurulub.

Demokrat.az xəbər verir ki, plana əsasən, Şuşada yeni, müasir görünüşlü çoxmərtəbəli binalar tikilməyəcək. İnşa olunacaq binaların hər biri tarixi ənənələrə sadiq formada, köhnə Şuşanın görünüşünə xələl gətirməyəcək şəkildə olacaq.

Şuşanın Baş planı üzərində iş çərçivəsində şəhərin yaşıllıq və landşaft strategiyasına xüsusi diqqət ayrılır. Şəhərin təbii meşə və parkları bərpa olunacaq, yeni yaşıl koridorlar, o cümlədən 8 km-dən çox şəhərətrafı yaşıl halqa yaradılacaq.

Mədəniyyət paytaxtı Şuşa keçmişdə olduğu kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib ki, təqdim olunan Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi nəzərdə tutulur.

Sədr müavini həmçinin bildirib ki, Baş plana əsasən burada yeni məktəblərin inşası planlaşdırılsa da, ali məktəblərin tikintisi nəzərdə tutulmur.

Şuşada 36,2 km yol bərpa olunacaq, 17,6 km yeni yol salınacaq. Baş plan üzərində iş çərçivəsində şəhərin funksional zonalaşdırılması aparılıb. Buna əsasən nəqliyyat infrastrukturunun yenilənməsi, küçələrin kateqoriyalaşdırılması, ictimai nəqliyyatın təşkili və s. üzrə təkliflər hazırlanıb.



Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top