Rəsmi Bakı "Laçın dəhlizi mesajı"nı verdi: Tezliklə Xankəndi əməliyyatı başlaya bilər

SİYASİ 27 avq 2021, 23:03
Azərbaycan Gorus-Qafan yolunu qapatmaqla, əslində, Laçın dəhlizinin nəzarətə götürülməsi əməliyyatına start vermiş oldu; Rəsmi Bakı üçtərəfli anlaşmaların icrasını Azərbaycan ordusuna həvalə etməyə hazır görünür...

Cənubi Qafqazda yeni situasiya yaranmağa başlayıb. Regionda növbəti hərbi əməliyyatların başlaya biləcəyi tamamilə inandırıcı görünür. Və belə vəziyyətin yaranmasına görə yalnız Ermənistan məsuliyyət daşıyır.

Artıq bir neçə aydır ki, rəsmi İrəvan öz hərbi-siyasi avantüralarını israrla davam etdirir. Azərbaycan ordusunun mövqeləri davamlı olaraq, atəşə tutulur. İki ölkə arasındakı sərhəd bölgəsində Ermənistanın hərbi təxribatları adi hala çevrilib.

Təbii ki, rəsmi Bakı uzun müddət Ermənistanın hərbi-siyasi avantüralarına mümkün qədər səbrlə yanaşmağa çalışırdı. Paşinyan hakimiyyətinin nəhayət ki, provakasiyalardan əl çəkib, üçtərəfli anlaşmaları yerinə yetirəcəyini gözləyirdi. Ancaq son hadisələrə dayanaraq, bu gözləntilərin özünü o qədər də doğrultmadığını düşünmək olar.

Xüsusilə də, üçtərəfli anlaşmaların hələ də yerinə yetirilməməsi regionda 44 günlük savaşdan öncəki vəziyyətin bərpasına yol açmağa başlayıb. Belə ki, rəsmi İrəvan Azərbaycanın səbrli mövqeyindən yanlış nəticələr çıxartmış kimi görünür. Hətta Paşinyan hakimiyyəti daha da cəsarətlənərək, erməni lovğalığına geri dönməyə can atır. Və geopolitik şərtləri dəyişə biləcəyinə inamını bərpa etməyə çalışır.

Ancaq uzun müddət belə davam edə bilməzdi. Rəsmi Bakı əvvəl-axır Ermənistana öz yerini göstərməli idi. Və erməni təxribatlarından bezən Azərbaycan tərəfi bunu nəhayət ki, etdi.

Maraqlıdır ki, rəsmi Bakı cəmisi bir hərbi-siyasi manevr ilə Ermənistanın "şah damarı"nı kəsməyi bacardı. Azərbaycan sərhədçiləri Ermənistanın Gorus-Qafan magistralının Azərbaycan ərazisindən keçən hissəsini iki məntəqə üzrə qapatdı. Nəticədə düşmən ölkənin cənubu ilə şimalı arasındakı nəqliyyat-kommunikasiya xətti demək olar ki, tamamilə Azərbaycanın nəzarəti altına düşmüş oldu.

Rəsmi İrəvan isə bütün bunlara necə reaksiya verəcəyini belə, bilmir. Çünki rəsmi Bakının atdığı addımlar birmənalı şəkildə beynəlxalq hüquq çərçivəsində baş verməkdədir. Yəni, Gorus-Qafan yolu məhz Azərbaycan ərazilərindən keçən hissələrdə qapadılıb. Rəsmi Bakı Azərbaycanın suveren hüquqları çərçivəsində davranıb.

Ona görə də, rəsmi İrəvanın "dövlətlərarası magistral" hay-küyü nəticəsiz qalıb. "Dövlətlərarası magistral" deyərkən, nəzərdə tutduqları isə bu yolun Ermənistanı İranla birləşdirmısindən ibarətdir. Və bunun özü də rəsmi İrəvanı beynəlxalq hüquq qarşısında suçlu durumuna salır.
235512530_1708017592715567_8103306369968922403_n.jpg (107 KB)
Çünki, Ermənistan rəsmi Bakının  razılığı olmadan Azərbaycanın ərazisindən "dövlətlərarası magistral" yol çəkib. Bu, həm də Ermənistanın işğalçılıq siyasətinə növbəti sübutdur. Və rəsmi İrəvan indi özünün işğalçılıq siyasətinin arxasında dayana bilmir.

Məsələn, cəmisi bir neçə həftə əvvəl Azərbaycan əsgərlərinə atəş açmaq əmri verən Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın səsi ümumiyyətlə, çıxmır. Qəribə də olsa, bu erməni generalı Azərbaycanın qapatdığı yolun açılması üçün öz ordusunu hələ də hərəkətə gətirməyib. Çünki, olmayan ordunu hərəkətə gətirmək mümkün deyil.

Rusiya da daxil olmaqla, beynəlxalq himayədarlara güvənib, hay-küy salmaq o qədər də çətin deyil. Ancaq real addımların atılması lazım gələndə hərbi qüvvəyə ehtiyac yaranır. General A.Karapetyanın isə hərbi gücü sadəcə, Rusiya müdafiə naziri Sergey Şoyqunun bağışladığı qılıncdan ibarətdir.

Üstəlik, indi Rusiya da Ermənistana dəstək verə bilmir. Rəsmi Bakı Ermənistana növbəti dəfə regionda şəriksiz geopolitik iradə sahibi olduğunu xatırlatdı. Rusiyaya ümid bəsləyib, hərbi-siyasi təxribatların törədilməsinin hansı nəticələrə səbəb ola biləcəyini anlatdı. Və bundan sonra Kremlin deyil, məhz rəsmi Bakının dediklərinə həssas yanaşmağın vacibliyini də başa saldı.
1512123282_ermeni_3475675645645_1513170653.jpg (66 KB)
Digər tərəfdən, rəsmi Bakı son davranışı ilə növbəti addımlarının hansı istiqamətdə ola biləcəyinin də mesajını verdi. Heç kəsə sirr deyil ki, qapadılmış "dövlətlərarası magistral" yol ilə İrandan Xankəndi və ətraf bölgəyə rəsmi Bakını məmnun etməyən yüklər daşınırdı. İndisə erməni separatçıları uzun müddət üçün həmin yüklərdən məhrum edildi. Və bu, böyük ehtimalla rəsmi Bakının daha geniş hərbi-siyasi əməliyyatlarının sadəcə, başlanğıc mərhələsidir.

Belə anlaşılır ki, rəsmi Bakı çox tezliklə Xankəndi və ətraf bölgədə baş verən biabırçı hadisələrə kəskin reaksiya vermək niyyətindədir. Çünki, Azərbaycanın həmin bölgəsindən 44 günlük savaşda darmadağın edilmiş Ermənistan ordusunun tör-töküntüləri hələ də çıxarılmayıb. Rusiya sülhməramlı qüvvələri isə müvəqqəti dislokasiya olunduqları bölgədə üçtərəfli anlaşmaların bu barədə tələblərini yerinə yetirməyiblər. Əksinə, savaşdan sonrakı dönəmdə Rusiya sülhməramlı qüvvələrinin olduğu bölgəyə əlavə erməni silahlı dəstələri də gətirilib.

Təbii ki, bu barədə rəsmi Bakının tam dəqiqliyi ilə məlumatı var. Üstəlik, Azərbaycan bütün bunlara seyirçi qalmaq niyyətinə də deyil. Rəsmi Bakı bunun sərt mesajlarını da artıq verib.

Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev artıq bir neçə dəfə həm Rusiyaya, həm də Ermənistana sərt şəkildə xəbərdarlıq edib. Bu xəbərdarlıq üçtərəfli anlaşmaların yerinə yetirilməyəcəyi təqdirdə, Azərbaycanın bu məsələnin kökündən həllini öz üzərinə götürə biləcəyi anlamını daşıyır.
f58cb8e18b2595be8466cc0ff42b7bd0.jpg (860 KB)
Onu da qeyd edək ki, rəsmi Bakının tələbləri qısa və konkretdir. Azərbaycan sadəcə, üçtərəfli anlaşmaların icrasını tələb edir. Əvvəlcə Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan ərazilərindən tamamilə çıxarılmalıdır. Eyni zamanda, Xankəndi və ətraf bölgədə olan Araik Arutyunyanın separatçıları da oradan qovulmalıdırlar. Bu bölgədə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası sürətləndirilməlidir.

Əgər, rəsmi Bakının bu tələbləri yerinə yetirilməzsə, Azərbaycanın ata biləcəyi növbəti addımları təxmin etmək o qədər də çətin deyil. Böyük ehtimalla rəsmi Bakı Laçın dəhlizinə nəzarəti öz əlinə alacaq. Çünki, Laçın dəhlizi humanitar xarakter daşıyır. Ancaq hazırda Laçın dəhlizindən təyinatı üzrə istifadə edilmədiyinə dair faktlar kifayət qədərdir.

Deməli, rəsmi Bakı Laçın dəhlizi ilə bağlı radikal qərarlar qəbul etmək hüququna sahibdir. Yəqin ki, tezliklə Azərbaycan ordusunun Laçın dəhlizində görünməsi heç kəsi təəccübləndirməyəcək. Və bununla da Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu bölgəyə hərbi yüklərin daşınması bloklanmış olacaq.

Bütün bunlara paralel olaraq, Azərbaycan ordusunun Xankəndi və ətraf bölgədə antiterror əməliyyatı keçirtməsi artıq qaçılmaz xarakter almağa başlayıb. Yəqin ki, yaxın vaxtlarda Rusiya sülhməramlı qüvvələrinin yerinə yetirmədiyi üçtərəfli anlaşmaların tələblərini Azərbaycan ordusu reallaşdıracaq. Bu isə o deməkdir ki, regionda yeni hərbi əməliyyatlar ehtimalı tamamilə inandırıcı görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top