"Ermənistan istəsə xoşluqla, istəməsə güc yolu ilə biz bunu edəcəyik" — Xocalının deputatı ilə MÜSAHİBƏ

MÜSAHİBƏ 27 avq 2021, 14:56
Milli Məclisin deputatı, Xocalı İcra Hakimiyyətinin keçmiş başçısı Elman Məmmədovun Demokrat.az-a müsahibəsi:

- Ermənistanın Baş naziri Nikol Paşinyan sülh danışıqlarından, kommunikasiyaların açılmasından bəhs etsə də, Ermənistan təxribatlarını davam etdirir və növbəti belə təxribat dünən baş verdi. Həmçinin, qarşı tərəf müxtəlif istiqamətlərdən mövqelərimizə atəş açmaqda davam edir. Ermənistanın bu təxribatları hansı mərhələyədək davam edə bilər?

- Ermənistan tərbiyəsiz, idarə olunmayan, cinayətkar qurumdur. Biz ümid edib gözləsək ki, bu təxribatlar nə vaxtsa bitəcək, səhv etmiş olarıq. Ermənilər bizə və bütün Türk dünyasına qarşı tarixi düşmənçilik siyasəti yerinə yetirir. Ermənistan başına gələnlərə, aldığı zərbələrə baxmayaraq, ərazi iddiası ilə yaşayır, məğlubiyyətlə barışmır, barışmaq istəmir. Bu səbəblərə görə, qarşı tərəfin təxribatları dayanmayacaq, hətta getdikcə daha təhlükəli və davamlı hal ala bilər. Bu halda isə biz “nə etməliyik?” sualına cavab axtarmalıyıq. Azərbaycan güclü dövlətdir, amma daha da güclənməlidir. Güclü ordumuzu daha da müasirləşdirməli, möhkəmləndirməliyik. Bunu Prezident İlham Əliyev də açıqlamalarında vurğulayıb. 44 günlük müharibədəki qələbəmizi əbədiləşdirmək, sərhədlərimizin təhlükəsizliyini əbədi təmin etmək üçün yeganə çıxış yolumuz var, hər zaman güclü olmaqdır. Ən müasir silahlarla silahlanmış, hərbi-elmi müharibə qaydalarına yiyələnmiş, yüksək səviyyədə döyüş hazırlığına malik ordumuz olmalıdır. Çünki düşmən özünün murdar niyyətlərindən, işğalçı siyasətindən əl çəkmir. Belə olan halda, bizim yeganə yolumuz daha güclü və hər zaman bir olmağımızdır. Təkcə cırtdan düşmənə qarşı yox, həm də onun havadarlarına qarşı gücümüzü göstərib, müdafiəmizi, təhlükəsizliyimizi təmin etməli, bu iqtidarda olmalıyıq. Bizim ikinci bir çıxış yolumuz yoxdur. Ermənistan bizim tarixi torpaqlarımızda dövlət yaradıb, təəssüf ki, orada yaşamaqda davam edir və edəcək. Belə məkrli düşmənlə qonşuyuqsa, hər zaman ayıqı-sayıq olmalı, dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək üçün güclü orduya malik olmalıyıq. Təxribatların nə vaxtadək davam edəcəyini isə təxmin etmək çətindir, çünki dediyim kimi, Ermənistan çirkli niyyəti olan, idarə olunmayan dövlətdir.

- Ermənistanın təxribatları və Paşinyanın açıqlamaları ziddiyyət təşkil edir. Sizcə, indiki halda Paşinyan nəyə nail olmaq istəyir?

- Vurğuladığım kimi, Ermənistan idarə olunmayan, cinayətkar qurumdur. Orada söz sahibi təkcə Paşinyan deyil. Hətta pərdəarxası Paşinyandan da yüksək nüfuz sahibi olan qüvvələr var. Bu qüvvələrin orduda da, cəmiyyətdə də, xarici siyasətdə də təsiri var. Buna görədir ki, hadisələr Paşinyanın dediklərinin əksinə olaraq da cərəyan edə bilir. Onun iradəsindən asılı olmayaraq, həmin qüvvələrin təhriki ilə təxribatlar törədilir. Bunda məqsəd Paşinyanı nüfuzdan salmaq, cəmiyyətdə onun dediklərinin, vəd etdiklərinin əksinə hadisələrin baş verdiyini göstərməkdir. Lakin bir məsələ də var ki, Paşinyan hakimiyyətə gələndən onun stabil mövqeyə, sözə malik siyasətçi olmadığını görmüşük. O, hərdəmxəyaldır, dünyanın hansısa güc mərkəzindən ona mesaj veriləndə, yerinə yetirir, əvvəl dedikləri, öz maraqları yadından çıxır. Paşinyan bir  tərəfdən açıqlama verir, sərhədlərin müəyyənləşməsinin əhəmiyyətini bildirir, növbəti günlərdə üçtərəfli bəyanata uyğun olmayan mövqe ilə çıxış edir. Yəni Paşinyanın dediklərinə ümid etmək, arxayın olmaq olmaz. Nə Paşinyan bir dövlət rəhbəri, siyasətçi kimi müstəqildir, nə də onun rəhbərlik etdiyi qurum müstəqildir. Ermənistan quberniyadır, xaricdən idarə edilən təşkilatdır. O, gah Şimalın dediyini edir, gah da Qərbin tapşırıqlarını yerinə yetirir. Biz öz işimizdə ehtiyatlı olmalı, nə Paşinyana, nə də onun dediklərinə etibar etmək olmaz. İndiki vəziyyətdə Paşinyanın konkret məqsədinin, planının olduğuna da şübhə edirəm. Sabahını, növbətini addımını planlaşdıra bilməyən, yalnız kənar qüvvələrin təsiri ilə addım atan biridir.

- Üçtərəfli bəyanata görə, Zəngəzur dəhlizi açılmalı idi. Müharibədən sonrakı dönəmdə Ermənistan ictimaiyyətinin, xüsusilə, bəzi siyasi qüvvələrin dəhlizin açılmasının tərəfdarı olmadığı bildirildi. Son günlər isə Ermənistan mətbuatı və erməni siyasi ekspertləri tərəfindən Zəngəzur dəhlizinin açılması ilə bağlı ciddi müsbət proseslərin getdiyi qeyd olunur. Necə düşünürsünüz, indiki vəziyyətdə Ermənistanın Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi addımlar atması nə dərəcədə realdır?

- Ermənistan cəmiyyətinin, hansısa siyasi qüvvələrin bu dəhlizin açılmasına etiraz etməsi, əleyhinə olması məsələdə böyük rol oynamır. Bu məsələdəki yeganə söz sahibi, məsələni həll edə bilən güc bizik. Ermənistan məğlub tərəfdir və etiraz haqqı yoxdur. Zəngəzur dəhlizinin açılması istiqamətində Ermənistana təsir etmək üçün əlimizdə kifayət qədər vasitə var. Lakin biz hələ bu mexanizmləri işə salmamışıq. Biz üçüncü-vasitəçilik missiyasını yerinə yetirən tərəfdən tələb edirik ki, 10 noyabrda imzalanan üçtərəfli anlaşmanın bəndlərinə əməl olunsun. Prezident İlham Əliyev çıxışlarının birində bildirdi ki, Zəngəzur dəhlizi işə salınacaq, həm dəmiryolu, həm şosse açılacaq. Ermənistan istəsə xoşluqla, istəməsə güc yolu ilə biz bunu edəcəyik. Dövlət başçısı bunu əbəs yerə xüsusi vurğulamayıb, onun dediyi hər sözün arxasında işi, əməli dayanır. Prezident dediyi sözün, verdiyi vədin ağasıdır. Zəngəzur dəhlizi də açılacaq. Təkcə bir nüansı qeyd edim, ermənilər Zəngəzur dəhlizinin açılmasına qarşı olmağa davam etsələr, təxribatlarına son qoymasalar, biz də Laçın dəhlizini bağlamaq səlahiyyətimizdən istifadə edə bilərik. Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəliş yolunu birdəfəlik bağlasaq, onlar üçün daha xoş olar? Bu, Azərbaycanın təzyiq vasitələrindən sadəcə biridir. Azərbaycanın gücü kifayət qədərdir. Məğlub tərəfi diz çökdürmüşük, istəsək, başını da əzə bilərik. Zəngəzur dəhlizinin açılması vacibdir, mütləqdir və açılacaq.

- Ermənistan hakimiyyətinin həm Şimalın, həm də Qərbin təsiri ilə addımlar atdığını vurğuladınız. Üçtərəfli anlaşmaların imzalanmasında əsas rol oynayan Rusiyanın razılaşmaların bəndlərinin yerinə yetirilməsini yubatmasında məqsədi nədir?

- Rusiya post-münaqişə dövründə sülhməramlılıq missiyasını üzərinə götürdü və Qarabağda qalan qeyri-qanuni silahlı birləşmələri, həmçinin Ermənistana məxsus bütün silahlı qruplaşmaları, təxribatçıları Azərbaycan ərazisindən çıxarılmalı idi. Bu, onların sülhməramlılıq missiyasının əsas bəndi və öhdəliyi idi. Lakin biz müharibədən sonrakı müddətdə bunun əksini görürük. Sülhməramlılar ərazidə qalan separatçı qurumun tör-töküntüsü ilə əməkdaşlıq edir, Azərbaycanın cinayətkar elan etdiyi şəxslərlə iş görür, onların fəaliyyət göstərməsinə şərait yaradırlar. Qanunsuz birləşmələrin ərazidə sərbəst fəaliyyət göstərməsinə, mövcudluğuna dəstək olur, onların mövcudluğuna göz yumurlar. Sülhməramlıların bu fəaliyyətinə güvənən həmin dəstələr vaxtaşırı təxribat törədirlər, mövqelərimizə atəş açırlar. Sülhməramlıların bu addımları onların fəaliyyəti ilə daban-dabana ziddir. Dəfələrlə demişəm, bu, sülhməramlılıq yox, erməniməramlılıqdır. Rusiyanın məqsədinə gəlincə, görünən odur ki, Rusiya bölgədə münaqişə ocağının sönməsini istəmir. Özünün bölgədə varlığını davam etdirmək üçün münaqişənin daimi olması üçün çalışır, cinayətkar, terrorçu tərəfi müdafiə edir. Rusiya işğalçı tərəfə himayədarlıq edir, güclənməsinə şərait yaradır. Rusiya bununla da öz məntiqini ortaya qoymuş olur, yəni bu bu dövlət bölgədə olmasa, guya qan su yerinə axar, sabitlik üçün mütləq proseslərdə olmalıdır. Bu, sülhməramlılıq deyil, Rusiya vəziyyətin stabilləşməsində iştirak edən dövlət kimi çıxış etmir. Bu, Azərbaycanın qanunlarına, müstəqilliyinə, təhlükəsizliyinə qarşı çıxmaqdır. Buna görə də, sülhməramlıların fəlaiyyəti ilə bağlı narazılıq yaranır. Proses belə davam etsə, Azərbaycan öz gücü ilə ərazisində antiterror əməliyyatlarına başlaya bilər. Ərazisini düşməndən, terrorçulardan təmizləmək üçün Azərbaycanın gücü var”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top